NİİM sürücülərə müraciət edib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.
Müraciətdə bildirilir ki, bəzi hallarda sürücülərin manevretmə qaydalarına
düzgün əməl etməmələri yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Növbəti belə hadisə ötən gün səhər saatlarında Heydər Əliyev prospektində baş
verib.
“Təəssüflər olsun ki, yol hərəkəti qaydalarına əməl etməmək maddi zərərlə,
ölüm və xəsarətlə nəticələnən qəzaların olmasını qaçılmaz edir. “Yol hərəkəti
haqqında” Qanunun 42-ci maddəsində sürücülərin yollarda necə manevr etməsi ilə
bağlı qaydalar öz əksini tapıb. Belə ki, sürücü hərəkətə başlamazdan,
yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə
dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya
nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr
təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.
Bununla yanaşı, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni
səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat
vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı
nəqliyyat vasitəsinə yol verməlidir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda qaydalara əməl etməyə və
diqqətli olmağa çağırır”, – deyə müraciətdə vurğulanıb.