8fead463-1df5-4e11-b4e7-1ab4d4f89845..jpg

Nikol Paşinyanın itirilən və bərpa olunmayan nüfuzu – ŞƏRH + FOTO

Baxış sayı: 605 dəfə baxılıb.

Nikol Paşinyanın itirilən və bərpa olunmayan nüfuzu – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşür.
Ölkədə aparılan rəy sorğuları hökumət başçısına etimadın kəskin azaldığını,
hakimiyyətin bütün sahələrdə siyasətinin fiaskoya uğradığını sübut edir. İş o
həddə çatıb ki, əhalinin artıq yarıdan çoxu Paşinyana inanmır, etimad
göstərmir. Təbii ki, Ermənistanın siyasi rəhbərliyi bütün baş verənlərdən
xəbərdardır və vəziyyəti düzəltmək üçün müxtəlif addımlar atır. Amma hər dəfə
olduğu kimi, qaş düzəldən yerdə vurub gözü də çıxarmaq deyəsən “Mülki
müqavilə”nin şüarına çevrilib. Hakimiyyət rəsmilərinin regionlara səfəri, bəzi
məmurları nöqsanlara görə tənqid etmək, işdən çıxarmaq, sosial proqramlar,
ucqarlarla bağlı “iqtisadi layihələr” gözlənildiyi kimi nəticə vermir. Ölkə
daxilində isə siyasi vəziyyət getdikcə gərginləşir. Orduda baş verən
intiharlar, sosial vəziyyətin günü-gündən çətinləşməsi, Qarabağ erməniləri ilə
yaranan problemlər, Rusiya ilə münasibətlərin kəskin tonda davam etməsi kimi
məsələlər hakimiyyəti müxtəlif addımlar atmağa məcbur edir. Hakim partiyanın
mərkəzi aparatı tərəfindən hazırlanan populist və ucuz şoular isə əks effekt
verir, müxalifət qanadının daha da aktivləşməsinə, yerli xalq tərəfindən
hakimiyyətin daha da şiddətli tənqid edilməsinə səbəb olur.

Həbslər və “ifşalar”

Son aylar Ermənistanın siyasi mühitində həbslər və korrupsiya faktlarının
aşkarlanması sürətlənib. Cəmiyyətdə müəyyən nüfuzu olan şəxslər müxtəlif
bəhanələrlə həbsə göndərilir, müəyyən regionların icra başçılarının mülkləri
barədə silsilə məqalələr dərc edilir. Bundan əlavə, bir neçə ay müddətinə həbsə
göndərilən keçmiş siyasilərin də həbs müddəti uzadılır. Məsələn, Ermənistan
Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan təhsil naziri işlədiyi
dövrdə korrupsiyaya bulaşma iddiası ilə həbsə göndərilsə də, bu günə qədər də
törədilən cinayət sübuta yetirilməyib. Amma bununla belə, siyasətçi bir ildir
ki, azadlığına qovuşa bilmir. Aşotyanın siyasi dairələrdə nüfuzunu nəzərə
alsaq, Nikol Paşinyanın sabah ciddi rəqibinə çevriləcək şəxsi azadlığa
buraxması utopik görünür.

Orduda baş verən intiharlar, hərc-mərclik, özbaşınalıq və “dedovşina” kimi
problemləri həll etmək əvəzinə, hakimiyyət general ovuna çıxıb. Müharibədən
sonra nüfuzlu general və polkovnikləri həbsxanaya göndərmək tendensiyası 4-5
gün əvvəl yenidən vüsət alıb. Ermənistan Silahlı Qüvvələri Baş Qərargah
rəisinin keçmiş müavini Tiran Xaçatryan da həbsə göndərilib. Bu dəfə isə
Paşinyan Qarabağdakı separatçı rejimin “rəhbəri”, hazırda Bakı həbsxanasında
günlərini keçirən Arayik Arutyunyanın qardaşı Armen Arutyunyan kartından
istifadə edib. İddiaya görə, Tiran bir restoranda yeyib-içən zaman Armenlə
dalaşıb və silahdan istifadə edib. Bu səbəbdən də general barəsində 2 aylıq
həbs qətimkan tədbiri seçilib. Davanın digər iştirakçısı A.Arutyunyan isə
azadlıqdadır. Göründüyü kimi, Arutyunyan ailəsi Paşinyana sadiq nökərliyini bir
daha sübut edib.

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan da bu yaxınlarda azadlığına
qovuşacağını düşünsə də, arzusu daşa dəyib. Ermənistan parlamenti tərəfindən
qurulan və 44 günlük müharibənin şəraitini araşdıran komissiyaya ifadə verən
keçmiş nazir hələ uzun müddət həbsdə qalacaq. Elə bu səbəbdən də Tonoyanın
dünən açıqlama verərək parlament komissiyasının sədri Andranik Köçəryanı tənqid
etməsi təsadüfi deyil.

Qeyd etmək yerinə düşər ki, son ay ərzində erməni KİV-lərində müəyyən
regionların icra başçılarının sərvəti və mülkləri barədə silsilə məqalələr dərc
edilir. Bu isə hakim partiyanın regionları ələ keçirmək uğrunda mübarizəsinin
başqa təzahürüdür. Sözünü yerə salan və ona qarşı çıxa biləcək icra başçılarını
həbsə göndərmək, ləkələmək Paşinyan hakimiyyəti üçün nə ilk, nə də sondur.
Məsələn, Gorus meri Aruş Aruşunyanın uzunmüddətli məhkəmə çəkişmələri, həbsdə
olması buna sübutdur. Eyni zamanda Kaçaran meri Manvel Paramzanyanın da həbsini
bu sıraya daxil etmək olar.

Bundan əlavə, son aylar Ermənistanda ali təhsil müəssisələri ilə bağlı da
qalmaqal səngimək bilmir. Müəyyən ali məktəblərin rektorlarına qarşı təqiblər,
yerdəyişmələr də ölkənin müəyyən kəsimində ciddi narazılığa səbəb olub.

Miqrasiya problemi

Bu gün Ermənistanın üzləşdiyi əsas problemlərdən biri də artan mühacirət
təhlükəsidir. Hakimiyyət apardığı siyasət nəticəsində görünməmiş demoqrafik
uğur əldə etdiyini desə də, son 2 il ərzində ölkədən insan axını getdikcə
sürətlənir. Qeyri-rəsmi məlumatlara əsasən, son dövrlər 28 min Ermənistan
sakini və minlərlə Qarabağ ermənisi ölkəni tərk edib. Son 5 il ərzində isə
mühacirət edənlərin sayı 112 min 629 nəfərdir və əsas rəqəmlərin daha çox
olduğu qeyd edilir. Miqrasiyanın bir nömrəli səbəbi isə aşağı təhsil səviyyəsi,
yüksək inflyasiya, sosial ədalətsizlik, korrupsiya və işsizlikdir. Qeyd etmək
yerinə düşər ki, bu gün Ermənistan kəndlərində vəziyyət acınacaqlıdır.
Ortayaşlı və cavan kişilərə bəzi marzlarda (Ermənistanda inzibati vahid) rast
gəlmək müşkül məsələyə çevrilir.

Partiyadaxili məşvərətlər

Baş verən narazılıqlar və ciddi problemlər fonunda “Mülki müqavilə” partiyası
daxili məşvərətlər keçirir. Son aylar isə bu gizli iclasların sayı kəskin
şəkildə artıb. İclaslarda əsas söz sahibi olan Nikol Paşinyan bir sıra
tapşırıqlar verir, partiya sıralarına yeni üzvlərin vacibliyindən danışır. Eyni
zamanda “Mülki müqavilə” son dövrlər bölgə administrasiyalarında təmsil olunan
müxalifət nümayəndələrinə qarşı “səlib yürüşü” keçirməyə başlayıb. Məsələn,
Alaverdi, Gümrü, Vayts-Dzor kimi regionların rəhbərləri müxtəlif bəhanələrdə
işdən uzaqlaşdırılır, yerinə hakim partiyadan təyinatlar olur. Bununla da
partiya bölgələrdə və yerlərdə mövqelərini gücləndirmək planını tətbiq edir.

Paşinyanın planları

Baş naziri düşdüyü bataqlıqdan qurtarmaq üçün Qərb dairələri tərəfindən
müəyyən planlar hazırlanıb. Bu planlardan biri növbədənkənar seçkilər olsa da,
Paşinyanın bu yola üz tutacağı real görünmür. Hər nə qədər növbədənkənar
seçkilər vasitəsilə hakim partiya Nikolun hakimiyyətini legitimləşdirmək,
parlamentdə daha çox səsə sahib olmağı hədəfləsə də, bu ssenari kifayət qədər
risklərlə doludur. Çünki daxili narazılıq və reytinqin ciddi şəkildə zəif
olması nəzərdə tutulmayan problemlərə səbəb ola bilər və hakimiyyəti əldə
saxlamaq qeyri-mümkün ola bilər. Ermənistanda isə bu ssenari bir dəfə
reallaşıb. 2018-ci ildə baş nazir postuna seçilən Serj Sarkisyan bir neçə gün
sonra sorosçu Paşinyan tərəfindən devrilmişdi. Bu səbəbdən də Qərb tərəfindən
hazırlanan ikinci plan daha çox aktual görünür.

Plana əsasən, baş nazir komanda üzvlərindən birini, Qərbin də dəstəklədiyi
şəxsi özünə birinci müavin təyin edəcək. Bu yolla hakimiyyəti ona təhvil
verərək, Qərbin də qarantı ilə xaricdə siyasi sığınacaq əldə edəcək. Bu yerdə
qeyd etmək lazımdır ki, Paşinyan Kanadanın baş naziri Castin Trüdo ilə dostluq
edir və ötən il sözügedən ölkədə daşınmaz əmlak alıb. Xatırlatmaq yerinə düşər
ki, bir müddət əvvəl internet məkanında baş nazirin Kanada pasportuna sahib
olması barədə faktlar paylaşılıb.

Göründüyü kimi, hər iki plan Qərb tərəfindən hazırlanıb və ağaları hansı
ssenarini uyğun görsə, baş nazir onu da icra edəcək. Amma Paşinyanın ikinci
planı seçəcəyi barədə artıq erməni siyasi kulislərində pıçıltılar başlayıb.

“Report” İnformasiya Agentliyi

Source link