Nikola Yurçeviç: Uelsin qapısına penalti verilsəydi, hesab bəlkə də başqa cür olacaqdı

Baxış sayı: 1. 624 dəfə baxılıb.

Nikola Yurçeviç: Uelsin qapısına penalti verilsəydi, hesab bəlkə də başqa cür olacaqdı

Uels millisini qələbə münasibətilə təbrik edirəm. Rəqibin daha təcrübəli olması bu oyunda öz sözünü dedi.

ÇıxışYolu.Com xəbər verir ki, bunu futbol millimizin baş məşqçisi Nikola Yurçeviç deyib.

Bu gün Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda son görüşünü keçirib. Komandamız səkkizinci dəfə qarşılaşdığı Uelslə yenə bacarmayıb və ilk hissədə buraxdığı qollarla 0:2 hesabı ilə uduzub.

Oyundan sonra keçirilən mətbuat konfransında yığmamızın xorvat məşqçisi fikirlərini bildirib:

“Yenə standart zərbələr zamanı zəif təsir bağışladıq və qapımızdan qolları belə buraxdıq. Xatırlamıram, sonuncu dəfə nə vaxt bu qədər künc zərbəsi şansı əldə etmişik. Təəssüf ki, 11 künc zərbəsindən heç birindən yararlana bilmədik. Bu oyunda üç əsas futbolçumuzun meydanda olmaması özünü göstərdi. Söhbət kapitanımız Maksim Medvedev, Mahir Emreli və Eddi İsrafilovdan gedir. Onlar olsaydı, bəlkə də belə zəif təsir bağışlamazdıq.

Baş hakim Dəniz Aytəkinin penalti nöqtəsini göstərməsi barədə dəqiq bir söz deyə bilmərəm. Bəlkə də orada penalti yox idi. Amma köməkçilərim təkrara baxıb dedilər ki, top rəqib futbolçunun əlinə dəymişdi. Hesab 1:2 olsaydı, bəlkə də bu, oyunun sonrakı gedişatına da təsir edəcəkdi. İstənilən halda, rəqib bizdən yaxşı oynadı və onları qələbəyə görə bir daha təbrik edirəm”.

Səbuhi Musayev