Nikola Yurçeviç: Ümid edirəm ki, Xorvatiya Bakıda zəif oyun keçirəcək

Baxış sayı: 2. 103 dəfə baxılıb.

Nikola Yurçeviç: Ümid edirəm ki, Xorvatiya Bakıda zəif oyun keçirəcək

Sabah bizi böyük oyun gözləyir. Dünya çempionatının finalçısı ilə qarşılaşacağıq.

ÇıxışYolu.Com xəbər verir ki, bunları Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.

53 yaşlı mütəxəssisin sözlərinə görə, komandası oyuna yaxşı köklənib: “İki gün öncə keçirdiyimiz matçda son dəqiqələrdə qol buraxaraq məyus olduq. Uelslə görüş AVRO-2020-nin seçmə mərhələsində ən yaxşı oyunumuz oldu. 1:2 hesabı ilə uduzsaq da, yaxşı çıxış etdik. Hətta Xorvatiya ilə səfər görüşündə də. Sabah kompakt oynamalı, əlimizdən gələni etməliyik. Heyətdə müəyyən itkilər olsa da, matça yaxşı köklənmişik”.

Baş məşqçi bildirib ki, heyətdə bəzi kiçik zədəli oyunçular var: “Onlarla bağlı danışdıqdan sonra qərar verəcəyəm. Qapıçı və start heyəti ilə bağlı dəqiq bir söz deyə bilməyəcəyəm. Ağabala Ramazanovun ilk dəqiqələrdən meydana çıxmaq ehtimalı var. Ev oyunlarımız iyuna təsadüf etdi. Həmin vaxt yaxşı formada deyildik. Üstəlik, erkən və standart vəziyyətlərdən vurulan qollar həlledici oldu. Razıyam, seçmə mərhələdə səfərdə daha yaxşı çıxış edirik”. 

Yurçeviç son matçda “Neftçi”nin kapitanı Emin Mahmudovu oynatmamasının səbəbini də söyləyib:

“Emin Mahmudovu özüm də çox bəyənirəm. Onun oynatmamağıma səbəb bizim daha çox “2 nömrə” kimi çıxış etməyimizdir. Belədə biz daha çox qaçmalı oluruq. Hər komandanın zəif yerləri olur. Məsələn, Xorvatiya Slovakiya ilə ilk matçda yaxşı çıxış etmədi. Ancaq onlarla son görüşdə ideala yaxın çıxış etdilər. Bəzən komandalar bütün matçlarda eyni səviyyədə çıxış etmirlər. Ola bilər ki, Xorvatiya iki gün əvvəllə müqayisədə fərqli təsir bağışlasın”.

Xorvatiyalı məşqçi İspaniyanın “Albasete” klubunda çıxış edən Eddi İsrafilovun milliyə dəvət olunmamasına da toxunub: “Eddi İsrafilov bizim üçün çox vacib oyunçudur. Onunla son həftədə 2-3 dəfə danışmışam. Məşqlərə yeni başlayıb. Mənə bildirdi ki, hazırda son 15 dəqiqədə meydana çıxa bilir. Bu dəfə çağırılmamasının səbəbi budur”.

Yurçeviç bir qələbə qazanacaqları təqdirdə, qrupdakı vəziyyətlərinin dəyişə biləcəyini vurğulayıb: “Hazırda sonuncu yerdəyik. Real vəziyyət V olacağımızı göstərir. Amma biz döyüşəcəyik. Bir qələbə qazana bilsək, durum dəyişə bilər. Sonuncu matç istisna olmaqla, Xorvatiya qalanlarında yaxşı çıxış etməyib. Ümid edirəm ki, sabah da həmin zəif oyunlarından birini keçirəcəklər. Sabah bizim üçün böyük oyundur. Bizim futbolçular ingilis həftəsi sistemində çıxış etmirlər. Çox oyunçuları dəyişə bilmirik. Çünki bu, keyfiyyətin itməsi ilə nəticələnəcək. Oyuna köklənməklə bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu sabah saat 20:00-da başlayacaq. Görüşü isveçrəli hakimlər briqadası idarə edəcək.

Səbuhi Musayev