76db1bde-c61e-4306-8284-890b485b802b..jpg

“Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində “Həyat dairəsi” adlı sərgi açılıb – FOTO

Baxış sayı: 507 dəfə baxılıb.

“Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində “Həyat dairəsi” adlı sərgi
açılıb – FOTO

“Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində rəssam-kosmoqraf və
astropsixoloq Fərhad Sadıxovun “Həyat dairəsi” adlı sərgisi açılıb.

Bu barədə Media.az məlumat verib.

Bu, oktyabrın 6-dan 8-dək Bakıda keçiriləcək “Nine Senses Fest” böyük
beynəlxalq festivalı ərəfəsində ilk tədbir və təməl daşı olub. İncəsənət
mərkəzi beynəlxalq və azərbaycanlı mütəxəssislərin görüş, təcrübə mübadiləsi,
fiziki və mənəvi təcrübə mübadiləsi yerinə çevriləcək.

“Əsas məqsədimiz Azərbaycanı minillik ənənələrə, zamanın sınağından çıxmış
dəyərlərə, eləcə də biznesə, təhsilə və özünüinkişafa dair müasir yanaşmalara
malik bir dövlət kimi dünyaya tanıtmaqdır. Bundan əlavə, biz qarşılıqlı hörmət,
maraq və qonaqpərvərliyə əsaslanan mədəniyyətlərarası kommunikasiya platforması
yaratmaq istəyirik.

Biz qonaqlara müxtəlif növ sağlamlıq, idman və tarixi-mədəni turizm
fəaliyyətlərini təqdim etmək istəyirik. Bir çox qədim elmlərin və dinlərin
vətəni olan Azərbaycanın qüdrətini ifadə edən amilləri dünyaya göstərmək,
ölkənin mədəniyyət ənənələri, həmçinin milli mətbəxlə tanış etmək bizim üçün
vacibdir”, – deyə “Nine Senses”in akademik direktoru və sərginin kuratoru
Natalya Jukova bildirib.

Onun sözlərinə görə, incəsənət mərkəzi bir çox mədəniyyətlərin və elmlərin
ənənələrini özündə ehtiva edən yaradıcılıq və özünüinkişaf məkanına, görüş
dairəsi, şüur və bədən təcrübəsini genişləndirən məkana çevriləcək. Bu, həm
ruhun dincəlmə mərkəzi, həm yaradıcı özünüifadə yeri, həm də bədən, ağıl və ruh
üçün nəzərdə tutulmuş bir məkandır.

Yaradıcılıq və incəsənət mərkəzinin direktoru qeyd edib ki, qarşıdan gələn
tədbirdə kriya yoqa ustası, şəxsi dərketmə təcrübəsi verən, reallığı dəyişən
mistik, bəstəkar və multiinstrumentalist İmram Kriya iştirak edəcək.

Bugünkü sərgi haqqında danışan Natalya Jukova qeyd edib ki, mandalalarda
Günəşin kristallaşmış formaları məkanın harmoniyasını və mənəvi əhval-ruhiyyəni
qoruyub-saxlayır.

Onun sözlərinə görə, hinduizm və buddizm kimi bir çox dini ənənələrdə
mandalalar mənəvi yüksəliş və fərəhlənmə yolu simvolu kimi istifadə olunur.
Onlar şüur və daxili rahatlığı artırmağa kömək edən meditativ fokuslar kimi
xidmət edə bilərlər.

Qeyd edək ki, sərgi bir ekspozisiyada dairənin arxetipik simvolunun – kosmosun
əbədiliyini və sonsuzluğunu, Günəşin simvolunu ifadə edir. Hər bir əsər öz
qoxusu ilə müşayiət olunur, səs ardıcıllığı ilə dəstəklənir və öz vibrasiya
dalğasını yayır.

“Biz “Həyat dairəsi” mandala terapiyası layihəsini həyata keçiririk. Burada
mənim məhdud sayda olan ən yaxşı mandalalarım sərgilənir. Onlar bir növ enerji
portalıdır. Onlar kosmosu harmoniyaya salır, insanı işıqla dolduraraq, onu
neqativdən təmizləmək kimi unikal qabiliyyətə malikdirlər”, – deyə
rəssam-kosmoqraf, astropsixoloq Fərhad Sadıxov bildirib.

“Mandala vasitəsilə biz kainatın fraktal modelini yenidən yaradırıq və onun
bir hissəsi olmaqla insan özünün bütün kainata aid olduğunu və ona bağlılığını
xatırlayır və dərk edir”, – deyə yaradıcılıq və incəsənət mərkəzinin direktoru
Natalya Jukova davam edir.

Onun sözlərinə görə, bu gün mandalalar çox vaxt unikal simvolik mənaları və
tətbiq sahələri ilə dünyanın müxtəlif mədəniyyətlərində istifadə olunur.
Azərbaycanda buna oxşar incəsənət istiqaməti “şəbəkə” adlanır – ornamental
məbəd vitrajları. Onları yaradan memarlar yalnız xüsusi ayinlər yerinə
yetirdikdən və dualar oxuduqdan sonra işə başlayıblar.

Hinduizmdə mandalalar dərin mənəvi əhəmiyyət daşıyır, həmçinin dini və ritual
təcrübələrdə geniş istifadə olunur.

Buddizmdə mandalalar tez-tez meditasiya və vizuallaşdırma üçün istifadə
olunur. Onlar həyat və ölüm dairəsini simvolizə edə bilər.

Məsələn, Rusiyada qədimdə nauzlar – qadınlara, uşaqlara, döyüşçülərə, ovçulara
və balıqçılara müxtəlif məsələlərdə kömək etmək və onları qorumaq məqsədi ilə
saplardan toxunmuş ornamet-amuletlər var idi.

Şimali Amerikanın bəzi hindu xalqları arasında mandalalar qum və ya daş kimi
təbii materiallardan hazırlanır, ayin və mərasimlərdə istifadə olunur. Onlar
təbiət və mənəvi aləmlərlə əlaqəni simvolizə edə bilər.

Tibet rahibləri tanrıları və kosmik strukturları təsvir edərək qumdaşından
hazırlanmış mürəkkəb mandalalar yaradırlar. Daha sonra bu mandalalar dünyanın
dəyişkənliyinin və qeyri-sabitliyinin əlaməti olaraq dağıdılır.

Xristianlıqda mandalalar kilsə vitrajları və ya pəncərələrinin dekorasiyası
üçün istifadə edilə bilər. Onlar çox vaxt xaç və ya küləklər gülü kimi inanc və
mənəvi yolun simvollarını təsvir edirlər.

Müasir incəsənət və psixologiyada mandalalar özünüifadə və terapiya vasitəsi
kimi istifadə olunur. İnsanlar relaksasiya və daxili harmoniyaya nail olmaq
üçün mandalalar yarada və rəngləyə bilərlər.

Qeyd edək ki, “Nine Senses” yaradıcılıq və özünüinkişaf üçün incəsənət mərkəzi
Xəzər dənizinin sahilində yerləşən, xoş təəssürat yaradan bir məkandır.
Mərkəzin missiyası bütün yaş və peşələrdən olan sənətsevərlər üçün təhlükəsiz
və ahəngdar ictimai məkan yaratmaqdır. Burada hər kəsin daxilində yaradıcı və
əyləncəli ruhun ortaya çıxmasına inanırlar.

Source link