89caeae3-6a99-4b92-a9f9-41ef5abbd212.jpg

Niyə 35 yaşdan sonra iş tapmaq çətinləşir? – “Kaspi”nin ARAŞDIRMASI

Baxış sayı: 139 dəfə baxılıb.

Azərbaycanda 40 yaşdan sonra insanların iş tapmaq imkanları çətinləşir. Çünki
işəgötürənlərin yaşla bağlı tələbləri mövcuddur. Tez-tez iş elanlarında da bu
tələbin şahidi oluruq. Adətən elanlarda yaşı 35-dək olan işçilər axtarılır.
Halbuki Azərbaycan qanunvericiliyinə görə, yaşa əsaslanan ayrı-seçkilik rəsmən
qadağandır. Nəzərə alsaq ki, yaşı 35-dən yuxarı olan xeyli sayda əmək
qabiliyyətli insan var, problemin miqyasının kifayət qədər böyük olduğunu
görərik. Bəs, görəsən, bu durumdan çıxış yolları nədir? Dövlət orqanları bu
istiqamətdə hansı addımları atmalıdırlar? Orta yaşlı vətəndaşlar əmək bazarında
rəqabətə davam gətirmək üçün nə etməlidirlər?

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

“İqtisadiyyatın şaxələndirilməsi vacibdir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri,
professor Elşad Məmmədovun sözlərinə görə, müəyyən yaşdan sonra insanların iş
tapmasında çətinliklərin yaranması iqtisadiyyatın strukturu ilə bağlıdır: “Əgər
iqtisadiyyat lazımi səviyyədə şaxələndirilməyibsə, yüksək texnoloji tutumlu
emalla bağlı sahələrdə tələb olunan inkişaf göstəriciləri yoxdursa, əmək
bazarında problemlər ortaya çıxır. Bunu artıq işaxtaranların timsalında
müşahidə edirik. Hesab edirəm ki, biz iqtisadiyyatın şaxələndirilməsinə nail
olmalıyıq. Eyni zamanda, qeyri-xammal sektoruna investisiya yatırılmalıdır ki,
bu da işgüzar fəallığın stimullaşdırılmasına, iqtisadi aktivliyə səbəb olsun.
Bu isə öz növbəsində əmək bazarında yeni iş yerlərinin açılmasına və bazarda
müvafiq təkana imkan yaratsın”.

“İşəgötürənləri qınamaq doğru deyil”

Mütəxəssis Fəxri Ağayev isə deyir ki, bu məsələdə işəgötürənləri qınamaq doğru
deyil: “Təklif edirəm ki, məsələyə şirkətlərin baxışı ilə baxaq və orta
statistik 35 yaşlı insanı götürək. Bu yaşa çatmış insanların ciddi bir hissəsi
fiziki və psixoloji baxımdan ağırlaşır, ailə və məişət qayğıları çoxalır. Buna
əlavə olaraq 35 yaşlı insan zamanında daimi inkişafına zaman və enerji
ayırmadığına görə müasir bilik və bacarıqlara malik deyil. Məsələn, 10-15 il
öncə iş həyatına başlayanda xarici dil tələbi olmadığına görə dil bilgisi də
əksər hallarda olmur. Digər mühüm məqam odur ki, inkişafına zaman ayırmayan və
baxış bucağı dar olan insanın həm də özündən daha gənc rəhbərə tabe olmaqla
bağlı sıxıntısı ola bilir. 35 yaşlı insanla bərabər şirkətlərin 25 yaşlı
gənclər seçimi də var. Yəni müasir biliyə malik, xarici dil bilən, daha
enerjili, inkişafa açıq, özünü sübut etməyə həvəsli, daha az maaşla işə daha
çox vaxt ayırmağa hazır insan. Şirkətlərin bu mövzuda seçim qərarları təbii
deyilmi?”

“Rəqabətin olduğunu unutmamalıyıq”

Ekspertin fikrincə, müəyyən yaş dövründən sonra üstünlük kimi görünən bəzi
məqamlar əslində insanları geri aparır: “Etirazlardan biri odur ki, yaşlı
insanlar peşəkar olurlar və həyat təcrübələri çox olur. Təəssüf ki, bu üstünlük
kimi görünən iki məqam əslində zəif və geri çəkən tərəflərdir. Təcrübəli
insanların ciddi hissəsi illərlə eyni hərəkətləri və işi etməyi təcrübə sayır.
Müasir və sürətlə dəyişən dünyada isə həyat təcrübəsi bir çox hallarda
mühafizəkar mövqeni göstərir və bu da iş dünyası tərəfindən müsbət qarşılanmır.
Düşünürəm ki, bu vəziyyətin yaranmasında şəxslərin öz payları da az deyil.
İnsan heç bir yaş və ya iş mərhələsində rahatlamamalıdır və şəxsi, peşəkar
inkişafına zaman, enerji, vəsait ayırmalıdır, hər zaman rəqabətdə olduğunu
unutmamalıdır”.

“Ən az məsuliyyət özəl sektor və biznesdədir”

F.Ağayevin sözlərinə görə, bu vəziyyətin aradan qaldırılmasında dövlətin rolu
və məsuliyyəti böyükdür: “Hesab edirəm ki, işəgötürənlərin 35 yaş üzərində
insanları işə qəbul etmələri üçün stimullaşdırıcı tədbirlər dövlət qurumları
tərəfindən həyata keçirilməlidir. Dövlət həm də orta yaş üzərində olan
insanların peşə dəyişmə, müasir bazar tələblərinə uyğun olan yeni bilik və
bacarıqlara malik olmaları üçün dəstək verməlidir. Bu vəziyyətin yaranmasında
ən az məsuliyyət özəl sektor və biznesdədir. Çünki rəqabət gücünü qorumaq və
fəaliyyət göstərdiyi bazarda ayaqda qalmaq üçün biznes ona maksimum effektiv
formada fayda verəcək insanları işə qəbul etmək istəyir və bu da çox təbii və
doğrudur”.

Qeyri-bərabər paylanan işçi qüvvəsi

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri
Sahib Məmmədov isə bildirir ki, problem yaşla bağlı deyil. Onun sözlərinə görə,
əmək bazarında tələblə təklif arasında olan uyğunsuzluq insanların iş tapmasını
çətinləşdirir: “Azərbaycanda işçi qüvvəsi coğrafi olaraq qeyri-bərabər
paylanıb. Demək olar ki, iş yerlərinin əksəriyyəti Bakı və Abşeronda cəmləşib.
Məsələn, tibbi və pedaqoji heyətin təxminən 63 faizi bu ərazilərdə yaşayır. Ona
görə də iri şəhərlərdə iş tapmaq çətindir. Eyni zamanda, Azərbaycanda əhalinin
64 faizi 40 yaşına çatmayanlardır. Əmək bazarına daxil olanların sayı onu tərk
edənlərin sayından daha çoxdur. Əlbəttə, bu, Avropa ölkələrinin qibtə edəcəyi
bir məsələdir. Çünki onlarda vəziyyət tam əksinədir, əhali qocalır. Bizdə isə
nəsil cavandır. Əmək bazarının ehtiyacları ilə işçi qüvvəsinin sayı arasında
fərq var. Bu fərqə görə iş tapmaq bir qədər çətindir. O səbəbdən də
işəgötürənlər seçim edirlər”.

Peşəkarlara hər zaman iş var

S.Məmmədov vurğulayır ki, əslində, ixtisaslı kadr axtaran işəgötürən işçinin
yaşına əhəmiyyət vermədən onu işə qəbul edir: “Düzdür, büdcə təşkilatlarında
işləyənlər üçün çalışmanın son yaş həddi 65 nəzərdə tutulub. Bəzi istisna
hallarda bu yaş həddi artırıla bilər. Amma 60 yaşdan sonra dövlət orqanlarında
işə düzəlmək bir qədər çətindir. Çünki bu yaş pensiyaqabağı dövr sayılır. Özəl
sektorda isə belə bir problem yoxdur. Bizdə elə sahələr var ki, onminlərlə
vakansiya mövcuddur. Məsələn, tornaçı, qaynaqçı, elektrik-montajçı, ixtisaslı
fəhlə peşələri və s. İşəgötürənlər bu sahələr üzrə yüksək maaşla kadr
axtarsalar da, tapılmır. Əgər 40 yaşından yuxarı tornaçı varsa, onu zavod niyə
işə götürməsin?”

S.Məmmədov həmçinin qeyd edir ki, müvafiq dövlət qurumları iş tapa bilməyən
vətəndaşlara dəstək göstərməyə çalışır: “Məsələn, Dövlət Məşğulluq Mərkəzi
tərəfindən müəyyən peşəyönümlü kurslar təşkil edilir. Ölkədə özünəməşğulluq
proqramları həyata keçirilir. İş tapa bilməyən vətəndaşların aktiv məşğulluğunu
təmin etmək üçün addımlar atılır. Lakin buna baxmayaraq, işsizlik həddi yüksək
olaraq qalmaqdadır”.

Source link