b256caa0-b09d-4b3e-aa59-d195950e81ae..jpg

Niyyət edilərək tikilən 110 illik hamam acınacaqlı vəziyyətdədir – FOTO

Baxış sayı: 487 dəfə baxılıb.

Niyyət edilərək tikilən 110 illik hamam acınacaqlı vəziyyətdədir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən “Hacı Əmrah” hamamı 1915-ci
ildə tikilib.

Kənd sakini Əmrah İsayev Moderator.az-a açıqlamasında bildirib ki, hamamı
babası tikdirib.

“Babam ziyarətdə olanda niyyət edib ki, sağ-salamat qayıtsam, kənd camaatı
üçün hamam tikdirəcəyəm. Hamam 1980-ci illərin sonuna qədər fəaliyyət göstərib.
Hamam uzun illərdir ki, baxımsız vəziyyətdədir, içərisi daş-kəsəklə, zibillə
doludur. Heç kim gəlib maraqlanmır, göz görə-görə tariximiz məhv olur”, – deyə
o bildirib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Binəqədi kənd
sakini Orxan İsayev də Əmrah İsayevin dediklərini təsdiqləyib.

“Təxminən bir ay bundan öncə Mədəniyyət Nazirliyi və AMEA-nın mütəxəssisləri
birgə gəlib əllərindəki siyahı ilə Binəqədi qəsəbəsindəki tarixi abidələrə,
qədim yerlərə baxış keçirdilər. Onlar həmçinin “Hacı Əmrah” hamamının vəziyyəti
ilə də tanış oldular. Mütəxəssislər hamamın acınacaqlı vəziyyətinə şahid
oldular. Onlar bizə bildirdilər ki, həm Mədəniyyət Nazirliyi, həm də AMEA-nın
rəhbərliyinə bu barədə məlumat verəcəklər. Yaxın günlərdə hamamın təmir
olunması və yaxud da hansısa yerlərinin bərpa olunması işləri həyata
keçiriləcək. Düşünürük ki, həmin hesabat müvafiq instansiyalara artıq təqdim
olunub. Ümid edirik ki, bununla bağlı yaxın günlərdə bir iş görüləcək və tarixi
əhəmiyyəti olan “Hacı Əmrah” hamamı dağılıb məhv olmaqdan xilas olacaq”, – deyə
bildirib.

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidmətindən bildirilib ki, hamam bərpa edilməsi üçün investisiya
planına salınıb.

“Hamam yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır.
Hazırda Dövlət Xidməti tərəfindən həmin hamamın bərpa olunaraq yenidən istifadə
olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda qeyd
edək ki, ölkə ərazisində bu tip tarixi abidələr çoxluq təşkil edir. Dövlət
Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində sahibkarlar
tərəfindən bərpa edilərək istifadə edilməsində maraqlıyıq. Kimsə tarixi abidədə
təmir-bərpa işləri aparıb hansısa istiqamətdə istifadə etmək istəyirsə bununla
bağlı müvafiq bərpa layihəsi, təklif hazırlayıb Mədəniyyət Nazirliyinə müraciət
edir və onun bu təklifi dəyərləndirilir. Layihədə hansısa çatışmazlıq olarsa,
dərhal izah olunur və dəyişikliklər olunduqdan sonra təsdiq olunur, işə
başlanılır”, – deyə qurum rəsmisi bildirib.

Source link