“Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Martın 14-də Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan XI Qlobal Bakı
Forumu çərçivəsində “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın təqdimetmə mərasimi
olub.
Cixisyolu.com xəbər verir ki, tədbirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədrləri Vayra Vike-Freyberqa və İsmayıl Serageldin, Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, XI Qlobal Bakı Forumunun
iştirakçısı olan nüfuzlu şəxslər qatılıblar.
Avropa Mərkəzi Bankının sabiq prezidenti Jan-Klod Trişe və Münxen
Təhlükəsizlik Konfransının sabiq sədri Volfqanq İşinger Qlobal Bakı Forumunun
əhəmiyyətini qeyd edib, tədbirin təşkilinə görə Azərbaycana və Prezidentİlham
Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar Qlobal Bakı Forumunda dünyanı
narahat edən problemlərin müzakirə olunduğu və onların həlli yolları ilə bağlı
fikir mübadilələrinin aparıldığını bildiriblər.
Onlar “Maliyyə böhranından necə çıxmalı” mövzusuna toxunublar, mülahizələrini
səsləndiriblər, sabitliyin qorunması üçün maliyyə böhranının aradan
qaldırılmasının vacibliyini vurğulayıblar.
Sonra “Nizami Gəncəvi Beynəlxalq mükafatı”nın 2024-cü il üzrə qaliblərinin adı
açıqlanıb.
Beynəlxalq mükafata Albaniya Prezidenti Bayram Beqay, Avropa Mərkəzi Bankının
sabiq prezidenti Jan-Klod Trişe və Münhen Təhlükəsizlik Konfransının sabiq
sədri Volfqanq İşinger layiq görülüblər.
Mükafatçılar təltif olunmalarından fəxr və qürur hissi keçirdiklərini, Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin gördüyü nəcib işlərdə ona hər zaman dəstək
göstərəcəklərini vurğulayıblar.