Nizami Kino Mərkəzində “Oğul” sənədli filminin nümayişi olub – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət
Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press
Nəşriyyat Evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media”
şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib.
APA xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad olunub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, “Bakı Media
Mərkəzi”nin rəhbəriArzu Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Birinci Qarabağ müharibəsinin
şəhidi Natiq Qasımovun ailə üzvləri, rəsmi şəxslər, tanınmış sənət adamları və
digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, üç il ərzində ərsəyə gətirilən “Oğul” sənədli filmi Birinci
Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı
hərbçi Natiq Qasımov haqqındadır.
Nümayişdən əvvəl Mədəniyyət Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi
Orxan Fikrətoğlu bildirib ki, Azərbaycan və Böyük Britaniya
kinematoqrafçılarının birgə istehsalı olan “Oğul” filmi ölkədə mədəniyyət
sahəsinin inkişafı baxımından çox gözəl publisistik bir kino salnaməsidir. Onun
sözlərinə görə, bu sənədli film Azərbaycan kino salnaməsində ərsəyə gətirilən,
dövlətimizin başçısının tapşırığı ilə mədəniyyət siyasətində həyata keçirilən
çox uğurlu layihələr silsiləsindəndir.
Sonra çıxış edən filmin prodüseri Ekard Seycer (Eckart Sager) filmin ərsəyə
gəlməsi prosesindən danışıb, Natiq Qasımovun silahı yerə qoyması, ermənilər
tərəfindən ələ keçirilməsi və sorğu-sual olunması səhnələrindən təsirləndiyini
qeyd edib. O, film çəkildiyi dövrdə, hadisələrdən 25 il keçməsinə baxmayaraq
N.Qasımovun aqibəti haqqında məlumatların olmadığını diqqətə çatdırıb, məhz bu
səbəbdən Natiq Qasımovun başına nələrin gəldiyini araşdırmaq üçün yola
çıxdığını deyib:
“Azərbaycan və Ermənistan arasındakı münasibətləri nəzərə alaraq, bu məsələyə
obyektiv və təmkinlə yanaşmaq bizim üçün çox vacib idi. Bu faciəvi hadisə
Qarabağ müharibəsinin təcəssümüdür”.
Natiq Qasımovun qardaşı Nofəl Qasımov isə müsahibəsində qeyd edib ki, “Oğul”
sənədli filminin çəkilişinə başlanılanadək Natiqin taleyi barədə heç bir
məlumat yox idi:
“Sadəcə onun əsir götürülməsi haqqında məlumatımız var idi. Sonradan bildik
ki, Natiq sağ qalıb, Alban kilsəsində təkbaşına döyüşüb. Daha sonra isə
Xocalıda girov götürülən sakinlərin öldürülməməsi üçün təslim olmağa razılaşıb”.
Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra
beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır,
ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Xocalıda girov
götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz
təslim olmağına razılaşır.
Ermənilər Natiqin bir neçə gün təkbaşına vuruşmasına heç cür inana
bilmirdilər. Konstantin Smirnov adlı müxbirin “Oqonyok” jurnalının 1992-ci ilin
aprel sayında (№ 14-15) dərc olunmuş “Qorxu” (“Strax”) sərlövhəli məqaləsində
hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə verməyən Natiq Qasımovun
şücaətindən bəhs edilirdi. Həmin məqalədə əlində Azərbaycan Bayrağını fəxrlə
saxlayan Natiq Qasımovun Ermənistan hərbçilərinin əhatəsindəki fotosu da yer
almışdı.
Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli
film rejissor və ssenari müəllifi Karan Sinqh tərəfindən italiyalı hərbi
fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında
ekranlaşdırılıb. Enriko Sarsininin Qarabağda baş verənlərlə bağlı danışdığı
olduqca kədərli, lakin qürur dolu hekayəni dünyaya tanıtmaq qərarına gələn
rejissor həmin hadisəni və qəhrəmanın aqibətini aydınlaşdırmaq üçün üç il
Azərbaycan, Ermənistan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə
görüşüb, onların müsahibələrini lentə alıb.
Filmdə Natiq Qasımovun erməni əsirliyində dindirilməsi ilə bağlı məqamlar və
bu dindirilmələrdə ermənilərin səhra komandiri Vitali Balasanyanın da iştirak
etməsinə dair faktlar yer alır. Şahidlərin məlumatına görə, erməni hərbçi
Vitali Balasanyan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi
qeydiyyatda olan Natiq Qasımovu əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə
yetirib.
Film riyakar erməni xislətini bir daha aşkara çıxarmış olur. Bununla yanaşı,
filmin rejissoru ekran əsərində müharibələrin insanların taleyində oynadığı
dəhşətli roldan bəhs edir, ailələrin öz əzizlərinin itkisindən və naməlum
taleyindən çəkdikləri iztirabları ön plana gətirir.
Natiq Qasımovun şücaətini parlaq şəkildə əks etdirilən “Oğul” sənədli filmi
Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında apardığı uğurlu antiterror
tədbirlərindən sonra yenidən ictimaiyyətin gündəminə gəlib.
Film Azərbaycan və ingilis dillərində hazırlanıb və iki dəfə ABŞ
festivallarında nümayiş etdirilib.
Tədbir zamanı, həmçinin TEAS Press Nəşriyyat evinin Qarabağa, Xocalıya,
şəhidlərə, erməni əsirliyinə və Azərbaycan həqiqətlərinə həsr olunmuş digər
kitablarının satışı da reallaşdırılıb. Satışdan əldə olunan gəlir “YAŞAT” Fondu
və Qarabağ Dirçəliş Fondunun hesablarına köçürüləcək.
18.10.2023, 23:55
Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin
dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press Nəşriyyat Evinin
təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin
istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad olunub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, “Bakı Media
Mərkəzi”nin rəhbəriArzu Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Birinci Qarabağ müharibəsinin
şəhidi Natiq Qasımovun ailə üzvləri, rəsmi şəxslər, tanınmış sənət adamları və
digər qonaqlar iştirak ediblər.