Nizami Rəmzinin qızı: “Namiq Qaraçuxurlu atamla bağlı verilişə gəlmədi, Rəşad
Dağlı isə…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Atamı itirəndə 19 yaşım var idi. 49 yaşında dünyasını dəyişdi. Bu gün 76 yaşı
tamam olur. 50 yaşında özünə yubiley keçirmək istəyirdi. Hazırlaşırdı, ona
təklif də etmişdilər. Çox arzuları yarım qaldı. O vaxtı da atamın ən məşhur
vaxtları idi. Televiziya kanallarından dəvətlər gəlirdi, tez-tez verilişlərə
çıxırdı, konsertlər verirdi. Atam meyxanadan avara sözünü götürdü. Onun
təqdimatında meyxanaya hörmət artdı”.
Bunu Moderator.az-a məşhur meyxanaçı Nizami Rəmzinin qızı Heyran Baxşıyeva
deyib. O daha sonra əlavə edib:
“Atamı itirdiyimiz gün bizim üçün dəhşətli gün idi. O günlərin şahidiyəm. Hər
şey gözəl, elə yolunda gedirdi ki. Planları çox idi. Heç kim gözləməzdi ki,
Nizami Rəmzi nə vaxtsa belə tez öləcək. Biri var ki, insan xəstə olsun, onun
ölümünə hazır olasan. Biri də var ki, avtomobil qəzasında həlak olur. Dedilər
ki, guya bilərəkdən Kəbiri də, Nizamini də öldürüblər. Bunların hamısı
fərziyyələrdir. Biz sonradan bildik ki, qəzaya düşdükləri ərazi çox təhlükəli
yoldur”.
Heyran Baxşıyeva “O üz” verilişində Namiq Qaraçuxurlunun ünvanına
səsləndirdiyi fikirlərə də aydınlıq gətirib.
“İnsanlar səhv başa düşüb. Onlar elə biliblər ki, Namiq Qaraçuxurlu atamla
bağlı verilişdə iştirak etməkdən imtina etdiyi üçün onun ünvanına mən fikirlər
səsləndirmişəm. Əlbəttə ki, xeyr! Namiq Qaraçuxurlu verilişə gəlsəydi, guya nə
olacaqdı ki?! Gəlmədi, amma veriliş yarım qalmadı ki. Dünya üçün kiçik, Namiq
Qaraçuxurlular üçün böyük məsələ ola bilər. Amma mənim üçün yox! Minnətin olsun
ki, səni Nizami Rəmzi kimi ustadın verilişinə dəvət edirlər. Halbuki sən onu
heç qazanmamısan. O gərək deyərdi ki, “mən kiməm ki, Nizami kimi meyxana
ustadından nəsə gəlib danışım?”. Mən bu sözü başa düşərdim. Onun yalan
danışmağı mənə pis təsir etdi ki, deyib Moskvadayam. Müsahibə də istəyiblər,
verməyib. Verilişə naz edib. Nizamidən danışa-danışa sənətə gəlirlər, sonra
onun haqqını danırlar. Bu ucuz hərəkətdir. 5-10 ildən sonra onların hamısı
yaddan çıxacaq. Amma Nizami hər zaman yaddaşlarda yaşayacaq. Nizami Rəmzi
Əliağa Vahid haqda meyxanalar deyirdi. Çünki ondan əvvəl bu sənətdə olan
qəzəlxan olub. 20-30 il də keçsə, Nizamiyə də hörmət edirlər. Üç badam bir qoz
mahnılarla siz hara kimi gedəcəksiniz?! Nizami öləndən sonra hər yerdən göbələk
kimi bir meyxanaçı ortalığa çıxdı. Nizaminin kasetlərini qabaqlarına qoyub
öyrəndilər. Amma onun haqqını itirməyənlər də oldu. Rəşad Dağlı qədər bu sahədə
düzgün, səmimi adam tanımıram. O heç bir məqsəd, təmənna güdmədən Nizaminin
adını həmişə çəkib. Rəşad Dağlını gözləri götürmür. Çünki düzgün insandır.
Hətta bir qohumumuz zəng edib onu toya dəvət edib, vaxtı və məkanı soruşub,
pulsuz gəlib iştirak edib. Rəşad belə qabiliyyətli insan olub. Həmin insan
Namiq Qaraçuxurluya da zəng etmişdi. Nizaminin qohumu olduğunu deməsinə
baxmayaraq, 10 min manat istəmişdi ondan. Nizami meyxananı üzə çıxarmasaydı,
ona musiqi qatmasaydı, bu gün meyxanaçılar harada işləyirdilər görəsən?! Bu
maraqlıdır. Elçin Maştağalı da hər zaman Nizaminin sənətindən faydalandığını
deyib”, – deyə meyxanaçının qızı deyib.
Heyran Baxşıyeva daha sonra onun ünvanına sosial şəbəkələrdə rəy bildirən
izləyicilərdən danışıb.
“Yazırlar ki, “gedib bacısının dərdini çəksin”. Bacımın dərdini
çəkib-çəkməməyimi haradan bilirlər?! Bacımın dərdini çəkmişəm ki, o hal-hazırda
reabilitasiya mərkəzində müalicə olunur. 40-42 yaşında qadındır. Pis vərdişlər
də xəstəlikdir. Hamının yaxınlarının başına gələ bilər. Reyhan toylara gedirdi,
pul qazanırdı. Altında maşını da var idi. Mən nə biləydim ki, hansısa
mərdimazar onu bu pis vərdişlərə qurşandırıb. Mən də hamı kimi sonradan xəbər
tutdum. Bizdən uzaqlaşmışdı, telefonlarımıza cavab vermirdi. Şübhələnmişdik ki,
o nəsə düz yolda deyil. Mən ayrı evdə yaşayıram, o ayrı yerdə. Bacımın dərdini
çəkmişəm, narahat olmayın. Bu söhbəti biləndə məndən çox ağlamısınız?!
Bilib-bilmədən kiminsə həyatına qarışmayın, gühandır” deyə sənətkarın qızı
bildirib.