7f1be4aa-8b6a-46bb-9727-280e18aef946..jpg

Nofəl Şahlaroğlu: “Ondan başqa hamı məndən üz döndərdi” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 754 dəfə baxılıb.

Nofəl Şahlaroğlu: “Ondan başqa hamı məndən üz döndərdi” – MÜSAHİBƏ + FOTO

“Bəzən deyirlər ki, hansısa rolu yaxşı oynamaq üçün aktyor onun həyatını
yaşamalıdır. Nə dəxli var? Fahişə rolunu oynamaq üçün mütləq fahişə olmaq
lazımdır? Bu, savadsız yanaşmadır. Realistik oyun üslubunun üstündə mütləq
sənət meyarı dayanmalıdır”.

Bu fikirləri kulis.az-a müsahibəsində aktyor Nofəl Şahlaroğlu səsləndirib.
Aktyorla müsahibəni təqdim edirik.

– Əvvəlcə “Körpü” serialından başlayaq. İdeya kimdən gəldi və sizin orada baş
rol almanız necə baş verdi?

– Bu, Emil Quliyevlə üçüncü işimdir. İstedadlı adamdır. Nə etmək istədiyini də
çox yaxşı bilir. Ona görə də, belə bir serialda oynamağa razılaşdım. Materiala
baxdıq, ilkin versiyanın bir çox yerində dəyişikliklər etdik. İndiyə qədər
serial haqqında müxtəlif fikirlər səsləndirilib. Tənqid edən də olub, tərif
edən də. Amma məni bir nəfər də tənqid etməyib. Bu, məni bir qədər qorxudur.
Bir aktyoru heç kim tənqid etmirsə, ya o çox əhəmiyyətsiz, ya da fundamental
oynayıb. Fundamental oynamadığımı bilirəm.

– Serial yerli kommersiya seriallara satirik yanaşma ilə başladı. İTV-nin
güclü resurs dəstəyi və dövlət dəstəyi ilə çəkilən bir serialın kommersiya
seriallarına belə yanaşması nə dərəcədə düzgündür?

– Məsələ hansısa serialın pis çəkilməsindən getmir. Fikir versəniz, görərsiniz
ki, səkkiz seriyada da mənim canlandırdığım qəhrəman aktyordur və o, təkcə
seriala çəkilmir. Mənasız teletamaşada da iştirak edir, mənasız reklamda da
çəkilir. Orada qeyd edirəm ki, aktyorlarımızın çoxu divarla oynayır. Bu,
həqiqətdir. Elə vaxt olub özüm də adam əvəzinə ağacla oynamışam. Çünki
oynadığım aktyordan o enerjini ala bilməmişəm.

– Bəlkə onların da maliyyə dəstəyi olsa, belə iş görərdilər?

– Mən belə deməzdim. Özüm minimalistəm. Elə olub ki, iki manat veriblər, 20
manatlıq iş görmüşəm. Adam var ona 150 min də versən, əlindən heç nə gəlmir.
Bir iş ortaya qoya bilmir. Amma Emil Quliyevin, söhbət təkcə “Körpü”
serialından getmir, ən adi, primitiv işləri, demək olar ki, büdcəsiz çəkilib.
Onların da necə uğurlu alınması göz qabağındadır. Emil nə istədiyini bilir. Elə
götürək “İkinci Pərdə”ni. Pis filmdir deyib baltalaya bilmərik. Klassika olmasa
da, kinomatoqrafiyada müəllif filmi kimi ondan danışmaq olar. Təbii ki, büdcə
olanda, daha yaxşı işlər görmək olur.

– Çoxseriyalı bədii film nə deməkdir?

– Çoxseriyalı bədii film ona görə deyirlər ki, həmin serial bir kamera ilə
çəkilir. Azərbaycan efir məkanlarında heç bir serial bir kamera ilə çəkilməyib.
İmkan olmadığı üçün yox. Bədii film normalda bir kamera ilə çəkilir. Onu beş
kamera ilə çəkmək olmaz. Ad çəkməyəcəyəm, amma beş kamera ilə çəkən adamlar
var. Eyni anda kameraları yandırırlar. Elə bir çəkilişə emosiyasız yaxın, orta
və uzaq kadrları çəkirlər. Bununla da yekunlaşır. Bu isə iş deyil, xalturadır.

– “Körpü”dəki obrazınızda boşluqlar olduğunu düşünürsünüzmü?

– Düzü, obrazımda nələrin çatmadığını bilmirəm. Orada həqiqəti demək istəyən
biri onu bütün insanların dilindən deyirdi. Hətta ssenariyə dəyişikliklər də
əlavə etmişəm. Montaj olunanda, oturub 8 seriyaya da baxmışam. Orada bir
insanın həm sevgi, həm atasına bağlı ailə-məişət problemi, həm işindəki
boşluqlar, savadı olmayan istedadlı birini heç kimin qəbul etməməyi göstərilib.
Bir insanın maksimum xarakterini açmaq üçün çoxlu detal lazımdır. Bu, sırf
aktyor oyunu ilə bağlı məsələdir. Nə dərəcədə öhdəsindən gəlmişəm, onu
tamaşaçılar daha yaxşı bilər.

– Ümumiyyətlə, serialda boşluqlar var idi? Siz necə tənqid edərdiniz?

– Bir saytda bu serial haqqında yazılmışdı. Yazıda texniki tərəflər yox,
dramaturji tərəfləri tənqid edilmişdi. Çox xoşuma gəlmişdi. Qeyd olunmuşdu ki,
serialda problem qoyulub, həlli tam olaraq göstərilməyib və yaxud problem
havada qalıb. Bu, rejissor və ya mənimlə bağlı olan məsələ deyil. Dramaturji
material yazırlar. Çəkəndən sonra görürsən ki, artıq söz yığınıdır. Həmin
hissələri çəkib çıxarandan sonra da həllini göstərə bilmirsən. Bəzən də hansısa
materialı işləyəndən sonra deyirsən ki, kaş bunu belə verərdim. Məsələn, orada
bəzi məqamlar var ki, özüm rejissora bildirdim. Tutaq ki, mənim atam adamları,
ruhları öldürür. Niyə? Çünki manyak idi. Bu insanın psixi əqli problemləri var,
tam razıyam. Amma onu daha açıq, daha detallı göstərmək olardı. Serialda bəzi
qəhrəmanlar var ki, onların daxili tam göstərilməyib. Məsələn, anamın yoxluğunu
da hansısa bir detalla qeyd etmək olardı. Bunlar Emilin problemləri deyildi.
Serialda ikinci xətt demək olar ki, yox idi. Hadisələr bir qəhrəmanın üzərində
cəmlənmişdi. Çünki ssenari təsdiqlənmişdi və bizim vaxt məhdudiyyətimiz var idi.

– Seriala sosial çarx kimi yanaşan izləyicilər əsas hekayəni geri atırdı. Bu,
sizi narahat edirdi?

– Əslində, bu, yenilik deyil. Dünyada kökündə sosial mesaj dayanan çoxlu film
var. Amma bu mesajlarda daha xırdalıqlara getmək yaxşı deyil. Məsələn, siqareti
yerə atmaq olmaz mesajının verilməsi mən deyərdim ki, 8 seriyanın içində
vurğulanan digər mesajlarla nisbətdə kölgədə qalır.

– Ustaların ev yiyəsini aldatması da kiçik problemdir. Bir seriyada qadın
zorakılığını, digərində siqareti yerə atmağı vurğulamısınız. Daha qlobal
problem tapa bilərdiniz.

– Bəli. Amma bəzən xırda şeylər sonrakı problemlərə yol açır. Məsələn, bir
binada işığın sönməsinə fikir vermirsən, sonra bütün ərazidə işıq sönür. Orada
qeyd olunan bullinq məsələsi də kifayət qədər ciddi məsələ idi.

– Serial hansı janrdadır?

– Bu sualı çox adam verir. Bəzən olur, kinematoqrafiyada filmin janrı erotika
yazılır. Baxanda görürsən ki, kinoda erotikaya aid bir şey yoxdur. Vizual
təsvir baxımından açıq səhnələr çox olduğundan janr kinematoqrafiyada erotika
hesab olunub. Əslində isə art filmdir. Alman rejissorun “Cənnət sevgi, cənnət
məhəbbət, cənnət arzu” adlı üçlü trilogiyası var. Film bir insanın taleyindən,
sıxıntısından bəhs etsə də, açıq-saçıq səhnələrə görə “Google”da janrı erotika
göstərilib.

“Körpü” serialında da mövzu ruhlar aləmi ilə bağlıdırsa, janr avtomatik olaraq
mistika olmalıdır. Amma filmin dili, qəhrəmanların tərzi belə deyil. Məsələn,
mənim oynadığım qəhrəman yas yerinə gedib kimləsə dava edir. Bu, mistika deyil
axı. Və yaxud bullinq səhnəsində qorxu elementlərinə baxıb serialın qorxu
janrında olduğunu deyə bilmərik.

– Təxminən Kyeslovskinin “Dekaloq”una yaxın bir iş alınıb. Oradan təsirlənmə
olub?

– Dünyada ayrı-ayrı adamların çəkdiyi oxşar filmlər olub. Bu, normal bir
şeydir. Əsas sənin təqdimatındır. Fransızlar 1934-cü ildə xəstə ataya oğulun
baxması filmini çəkiblər. İspanlar da, italyanlar da bunu ediblər. Bütün
ölkələrdə xəstə ata və ona baxan oğul ola bilər. Olduqca təbiidir. Buna oğurluq
deyə bilmərik. Məsələ rejissorun yanaşmasından asılıdır. Bir iranlı rejissor
ilə italyan, fransız və ya azərbaycanlı rejissorun yanaşması təbii ki, eyni
olmayacaq. Bir-birindən bəhrələnmək, mövzu götürmək olar. Öz dəsti xətti olan
adamlar bunu edə bilər.

Mən oynadığım qəhrəmanı həmişə özüm düşünmüşəm. Bizdə aktyorların çoxu
özlərini digər aktyorlara bənzədirlər. Məsələn, Yaşar Nurinin obrazına baxıb
onun kimi oynayırlar. Uğurlu alınmır. Başa düşmür ki, bu adam bir tapıntı olub,
gəlib, gedib. Başqa biri onu əvəzləyə bilməyəcək. Üslub oxşarlığım olsa da,
özümü kiməsə bənzətmək, onun kimi oynamaq istəməmişəm.

– Kumiriniz var?

– Yox. Mənim üçün üslub, janr var. Amma çox bəyəndiyim və oyun tərzinə heyran
olduğum rus aktyor Andrey Mironovdur. Adamın oynamadığı bir şey qalmayıb.

– Sizi ancaq komediya janrında görmüşük. Böyük aktyor isə bütün janrlarda
özünü sınamalıdır. Bu, sizi narahat edir?

– Əlbəttə, edir. Dörd dram filmində oynamışam. Adamlar elə bilirlər ki,
komediya oynamaq elə-belə bir şeydir. Komediyanın böyüklüyünün fərqində
deyillər. Gülüşlə ötürülən mesajları tuta bilmirlər.

– Sizcə, “Körpü” dünya izləyicisi üçün nə dərəcədə maraqlıdır? “Netflix”də
çıxsa, baxılar?

– Keyfiyyət olaraq baxılar. Amma dramaturji tərəfdən Amerika onsuz da bunları
edib. Bəlkə də, maraqlı olar. “Körpü”nün dünya səviyyəsinə çatmasını istəyərəm.
O biri seriallarımız isə heç Azərbaycan səviyyəsində də deyillər. “Pərdə”
filmində də, “Körpü”də də Emilə demişəm ki, kaş ən pis Azərbaycan filmi belə
olsun. Yox, əgər ən yaxşısı budursa, onda heç nə…

Efirdə elə seriallarımız var ki, orada çayxanada oturub hansısa rayonun
ləhcəsi ilə söhbət edirlər. Bunun təbii oynamaq olduğunu düşünürlər. Təbii
oynamaq bu deyil axı. Bəzən də deyirlər ki, hansısa rolu yaxşı oynamaq üçün
aktyor onun həyatını yaşamalıdır. Nə dəxli var? Fahişə rolunu oynamaq üçün
mütləq fahişə olmaq lazımdır? Bu, savadsız yanaşmadır. Realistik oyun üslubunun
üstündə mütləq sənət meyarı dayanmalıdır.

– Kommersiya filmlərinə də çəkilmisiniz.

– Çox.

– Orada boşluqlar var?

– Dolu nə var ki? Elə boşluqdan ibarətdir.

– Bəs niyə oynamısınız?

– Pul üçün. 2015, 2016, 2017-ci illərdə bir qapı bağlandı, Allah mənə başqa
bir qapı açdı. Ondan başqa hamı məndən üz döndərdi. Qızım təzə olmuşdu, xeyli
borcum var idi. Ancaq intihar məni xilas edə bilərdi. O vaxt bir ayın içində
dörd filmə çəkildim. Bir şeydən əminəm ki, bütün mənasız xaltura filmlərində
vicdanla oynamışam. Buna görə narahat deyiləm.

– Heç olmasa yaxşı qonorar veriblər?

– Yox. Bir müddətdən sonra heç bir kommersiya filminə çəkilməməyə qərar
verdim. Son üç ildə də çəkilməmişəm. Təkcə pula görə yox, sadəcə istəmirəm.
“Körpü”dən sonra, ümumiyyətlə, istəmirəm.

– Azərbaycanda aktyor olmaq necədir? Niyə bu sənəti yaxşı bilən aktyorlar
yaxşı dolanmırlar?

– Çünki Azərbaycanda yaxşı sənət adamları ancaq başqa şeylər haqqında düşünür.
Bloqerlik, vaynerlik yaxşı pul qazandırır. Hətta elə bir vəziyyət yaranıb ki,
sosialda məşhur olan bu adamlar kinematoqrafiyaya gəlib çıxıblar. Sənətlə
məşğul olan adamlar isə asosiallaşıblar. Onların cəmi 150-200 izləyiciləri var.
Belə adamlar heç vaxt böyük pullar qazana bilmirlər. Qayğıları o qədər çox olur
ki, bir xəstəlik olduqda batırlar. Düzdür, aralarında tənbəlləri də var.
Tanıdığım bəzi aktyorlar var ki, onların tələbə yetişdirmək üçün kifayət qədər
təcrübələri var. Bunu etsələr, yaxşı qazanarlar.

– Müharibə ilə bağlı qısametrajlı filminizə baxmışdım. Ən yaxşı rejissor işi
aldı. Sizcə, layiq idi?

– Rüstəm Babazadə həm də filmin ssenari müəllifi idi. Üslubu maraqlıdır.
Ümumiyyətlə, “Mozalan” Azərbaycanda kinostudiyanın ən məşhur bölmələrindən biri
olub. Son dövrlərdə fəaliyyəti zəifləyib. Bu kinoteatrda üç dəfə olmuşam.
Filmin təqdimatında Rusiyadan da qonaqlar gəlmişdilər. Orada çox maraqlı
fikirlər səsləndirildi. Adamlar bilmədikləri şey haqqında elə danışırdılar ki,
elə hiss edirsən, sanki, sən heç nə bilmirsən. Deyir, filmdə pafos var, amma
pafosun nə olduğunu bilmir. 95 faiz adam belədir. Bu, müharibə mövzusunda
çəkilmiş, satirik üslubda qurulmuş qısa filmdir. Bunun qaydası budur.

Təqdimatda “Nə qədər düşməni belə göstərmək olar?” kimi fikirlər
səsləndirildi. Bir var kinematoqraf yanaşması, bir də var sadə vətəndaş
yanaşması. Bu, sıradan vətəndaş yanaşmasıdır. Başqa bir məqam deyim. Filmdə
erməni obrazını canlandırmışam. Elə bilirlər buna görə oğlum öldüyü üçün
ağlamamalıyam. Niyə ağlamayım? Axı oğlum ölüb. Mən orada erməni manerasını çox
səliqəli etmişəm. Bizim əksər filmlərdə onların danışığını pinti göstərirlər.
Məsələyə realistik yanaşmaq lazımdır. Niyə erməni dilindən göstərməliyəm, elə
öz dilimizdən göstərim də.

– Bəs Vaqif Mustafayev niyə “Həyat, deyəsən, gözəldir” filmini onların
dilindən çəkmişdi?

– Çəkilişlərimiz paralel gedirdi. Ssenari haqqında maraqlanırdım. Baxmasam da,
bilirəm ki, orada ermənilərlə yaxşıca məzələnib. Vaqif müəllim Azərbaycan
kinematoqrafiyasına gəlmiş ən yaxşı ssenaristlərdən biridir. Onun üslubu
məzələnməkdir. Həyatda da, kinematoqrafiyada da. “Fəryad” filmində bunu görə
bilərik. Bu film ağır olsa da, adam baxanda gülə bilir. Vaqif müəllimin qələmi
başdan ayağa yumordur. “Həyat, deyəsən, gözəldir”də də o yumor var. Çox adam bu
yumoru başa düşmür.

Amma kaş ki, müharibə filmi başqa rejissora həvalə edilərdi. Bizim müharibə
filmlərində müharibədən başqa hər şey olur. Bütün filmlərin çəkilişində
məsləhətçi olmalıdır. Bizim filmlərdə isə yoxdur.

– Kitab oxuyursunuz? Müasir Azərbaycan ədəbiyyatını izləyirsiniz?

– İzləmirəm. Amma son dövrlərdə gənc şairlərin, yazıçıların televiziyada
müsahibələrini görürdüm. Ondan sonra özümə söz verdim ki, onları oxumayacağam.
Çünki müasir ədəbiyyatın nə istədiyi kənarda qalıb, ortada başqa söhbətlər
gedir. Bəzi ədəbiyyatçılar var ki, efirə çıxıb deyirlər filankəs şair deyil.
Gəncləri sorğulayıb deyirlər ki, gəl görək nə yazmısan? Aktyorlara qarşı da
belə münasibət var. Deyirlər SSRİ dövrünün aktyorları başqa idi. Bir az insaf
lazımdır. Həqiqəti, düzünü demək lazımdır.

Efirlərə yığışıb meyxana ilə bağlı müzakirələr edirdilər. Mövzuya elə yerdən
yanaşırlar ki, o, bizə lazım deyil. Bizə lazım olan tərəfindən danışan yoxdur.
Görürəm ki, polemikanı aparan adamlar da savadsız deyillər. Bəziləri deyir ki,
meyxana sənət nümunəsi kimi təsdiqini tapmayıb. Mən elmi işimdə Abşeron
meyxanalarından, meyxananın folklor nümunəsi olmasından yazmışdım. Bir şeyi
müzakirə edəndə ona kökdən yanaşmaq lazımdır. Şifahi xalq ədəbiyyatının 20-dən
çox janrı var ki, adam adını çəkməyə utanır. Əgər onlar şifahi xalq ədəbiyyatı
nümunələridirsə, meyxana klassikadır. Bunu deməklə meyxananı yox, yazdığım işi
müdafiə edirəm. Problemi qabardıb həll etməliyik. Meyxanadan söyüşləri,
təhqirləri çıxarıb onu düzəltmək lazımdır.

– Filoloqsunuz. Bədii nəsə yazırsınız?

– Çox vaxtım olmur. Olduqda qısa hekayələr yazıram.

– Oxucularımız üçün hansı film və kitabları tövsiyə edərdiniz?

– Azərbaycan filmlərindən “Həmyerli” filmi. Rusların “Juk” serialı. Seriallara
az baxıram. Kitab – “Səfillər” romanını tövsiyə edirəm. Çox adam oxusa da, hamı
başa düşə bilmir. Yerli ədəbiyyatdan İsi Məlikzadənin “Günəşli payız”ını deyə
bilərəm. Bu əsərin müasir film kimi də çəkilməsini istəyərdim. İsa Hüseynovun
“Məhşər”indən sonra digərlərindən o qədər də danışmaq olmur. Şərif Ağayarın
üslubu da maraqlıdır.

Source link