Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda dörd komanda mübarizə aparıb.
Azərbaycan və xarici şahmatçılardan ibarət komandalarla yanaşı, yarışda “ShamkirChess 2018” superturnirinin təşkilatçılarından formalaşan iki kollektiv çıxış edib. Azərbaycan komandasının heyətində qrossmeysterimiz Şəhriyar Məmmədyarov, Şahmat Federasiyasının vitse-prezidentləri – Mahir Məmmədov və Faiq Həsənov, xarici komandada isə Maqnus Karlsen, Dinq Liren və Veselin Topalov kimi şahmatçılar oynayıb.
Final oyununda Azərbaycan komandası ilə heyətində xarici şahmatçıların çıxış etdiyi “Dünya yığması” üz-üzə gəlib. Maraqlı anlarla yadda qalan həlledici görüş “Dünya yığma”sının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Maraqlıdır ki, “Dünya yığması”nın turnirdə bütün qollarını Maqnus Karlsen vurub. Ümumilikdə norveçli şahmatçı altı qolla yarışın bombardiri olub.
Sonda qalib komanda kubokla mükafatlandırılıb.
S.T.
www.ÇıxışYolu.Com