Notr-Dam şpilinin karandaş kimi sınmağına tamaşa edəndə, insan sözün əsl mənasında fiziki iztirab çəkir. “La flèche s’est effondrée” (Şpil çökdü) – deyə Fransa KİV və sosial şəbəkələri yazırdı.
“La flèche” fransız dilindən tərcümədə “ox” anlamına gəlir. Sözün bu mənası burada elə yerinə düşür: belə ki, Notr-Dam zirvəsi Parisin ən yaxşı oriyentiri hesab olunurdu. Həmçinin səmaya, yaradıcıların və dağıdıcıların krallığına işarə edirdi. O krallıq ki, həm məlum bazar ertəsi gecəsi şəhəri əsarətə ala bilərdi. Viktoru Hüqo üçün “Mis rəngli gecə səmasında açılan Paris üfüqü köpəkbalığının dişlərinən daha acınaqlı idi. İndi üfüqdə yalnız tüstülənən boşluq görünürdü. Elə bil, düşən ox hansısa qisasa eyham vururdu, nəinki əvvəl yanğın səbəbi kimi göstərilən tikinti zamanı baş vermiş bədbəxt hadisəyə.
Ancaq “hərşeyşünas” internet bizə “narahatlığa əsas yoxdur” deyirdi. Qədim kilsələrin əvvəllər də tikildiyini və yanaraq kül olduğunu bildirirdi. Ancaq uzun əsrlər susqun çarəsizliyə düçar olmuş parislilər, uzun əsrlər ərzində formalaşmış parislilər diz çöküb, himn oxuyur və şimal zınqırov qülləsini qurtarmağa çalışan yanğınsöndürənlərin alovla mübarizəsini kənardan seyr edirdilər.
Paris yeparxiyası bu yaxınlarda kilsənin 150 milyon avro məbləğində restavrasiyasına start vermişdi. Restavrasiya işləri 10 il ərzində yekunlaşmalı idi. Kilsənin fasadı 2000-ci ildə təmizlənsə də, eksteryerin qalan hissəsi acınacaqlı görkəmdə idi.
Asma dayaqlar tədricən yararsız hala gəlirdi, eroziya şpilləri əriyən şamlara döndərmişdi. Bəzi hissələrdə əhəngdaşı o qədər puç idi ki, barmağı ən xırda toxunuşla onun içindən keçirmək olurdu; qum saatından qum keçən kimi. Başqa yerlərdə, çatışmayan elementlər fanera və PVX borularla (Polivinil xlorid) əvəzlənmişdi. Şpilin qurğuşun örtüyü çat vermişdi, su taxta konstruksiyanı pis günə qoymuşdu.
Gecəyə yaxın (bazar ertəsi) Olivye Baumqartnerə zəng vurdum. Baumqartner tarixi abidələrin restavrasiyası üzrə ixtisaslamış SOCRA texniki şirkətinin rəhbəridir.
Baumqartner və onun həmkarı Aleksandr Dekayo kilsədə bir həftə keçirmişdilər, onlar restavrasiya üçün mis heykəlləri çıxarırdılar.
“Çox məyus olmuşam”, – deyə Baumqartner həmin gecə gileylənmişdi. Bir anlıq susub, sonradan kilsənin bərpası üçün göstərdikləri səyləri şərh etməyə başladı: “Deyəsən, Notr-Dama ikinci nəfəs vermək arzusu ilə onu məhv etdik”.
Baumqartnerlə martın sonlarında kilsənin damında görüşmüşdük. Təmir işlərinin gedişatı ilə tanış olmaq üçün gəlmişdi. O və Dekayo artıq bir həftəyə yaxın idi ki, Notr-Damda idilər, memar Ejen Violle-le-Dükun 1843-cü ildən sonra şpil ətrafında qurduğu 12 həvarinin heykəllərini yerbəyer edirdilər.
Restavratorların başlarında kaska, əyinlərində kobalt çalarlı göy kombinezon var. Ətraflarında tatabənd görmək olurdu. Dekayo həvari Andreyin qazlı qızdırıcı ilə təməldən ayırdığı başını daşıyırdı. Çox ağır olduğundan Dekayo onu başıaşağı aparırdı. Burnu qarnına dirənirdi.
Heykəli yenidən tərsinə fırladıb kuklaoynadan kimi əlini heykəlin boğazındakı boşluğa daxil etdi. Müqəddəs Andrey elə bil üzünü turşutmuşdu. Boz-yaşılımtıl şırımlar onun 160 il ərzində ağladığı təsəvvürünü yaradırdı.
Dekayo və Baumqartner bundan əvvəl Versal və Mon-Sen Mişeldə də restavrasiya işləri aparıb. Buna baxmayaraq, onlar çox həyəcanlı idilər, qarqoyllar (mifik bədheybət (əjdahaşəkilli ilan) şəklində qotik üslublu dekorativ detallar) üzərində çalışacaqlarına çox sevinirdilər. Onların durduğu yerdən Eyfel qülləsini, Əlillər evini, sirli Sen-sülpis qüllələrini də görmək olurdu.
“Füsunkar mənzərədir”, – deyə Baumqartner bildirir.
“Bu, böyük xoşbəxtlikdir”, – deyə Dekayo cavab verir.
Dekayo və Baumqartner heykəllər üzərində işi cümə axşamı yekunlaşdırır. Onlar bir neçə həftədən sonra Notr-Dama qayıtmağı səbirsizliklə gözləyirdilər. Belə ki, şpilin üzərində olan xoruzu çıxarmalı idilər. Birdən anladım ki, ola bilsin, orada dayanmış ən son insanlardan olmuşam.
Xatırlayıram, orada qarqoylun boynunda özünə yuva qurmuş göyərçin gördüm. Saatların yanında dayanmışdım. Onların hər cümə axşamı səhər saatlarında kökləndiyini öyrənmişdim.
Restovratorların iş yeri çox səliqəli və yaxşı təşkil olunmuş görünürdü. Orada duş kabinası vardı. Hər bir işçi damdan düşməzdən əvvəl üzərindən toksik qurğuşunu yuyub təmizləməli idi, atmosferə külli miqdarda toksik qurğuşun qalxmışdı. Bununla belə, mən ətrafımızda olanların, bu memarlıq şah əsərinin daxilində olanların bu qədər zərif olmasına məəttəl qalışdım. Kilsə insanların əl işi idi, maşınların yox.
Baumqartner Notr-Damın yaxınlığından keçən çayın qarşı sahilində yerləşən “Samaritaine” univermağının təmiri üzərində çalışıb. Onun sözlərinə görə, xüsusi yanğınsöndürənlər qabaqalayıcı tədbir olaraq həmin ərazidə patrul həyata keçirir. Ancaq memarlıq şəraitinə görə, belə bir patrulun Notr-Dama təyin olunması mümkünsüz idi.
“Sıfır risk, deyə bir anlayış yoxdur”, – deyə Baumqartner bildirib.
Bazar ertəsi gecəyə yaxın kilsənin qərb fasadı – iki zınqırov qülləsi və Sud Portalı, demək olar, xilas edildi. “Ən qorxulusundan yan keçə bildik”, – deyə prezident Emmanuel Makron səhnədə bildirdi.
“Parislilər üçün Notr-Dam həyatın episentri idi”, – deyə Makron vurğuladı. Fransalı dövlət başçısı kilsənin bərpa olunacağına söz verdi, çərşənbə axşamı bunun üçün milli fondun yaradılacağını bəyan etdi.
Həmin səhər Notr-Damın damında Dekayo və Baumqartner müqəddəs Andreyin başını qabarıqlı bağlamaya sarıyıb, narıncı lentlə bərkitmişdilər. Ardınca həvarinin başını taxta qutuya yerləşdirmişdilər. Həmin qutuda Həvari Andrey yevangelist simvollarının təsvir olunduğu, nisbətən kiçik ölçülü daha dörd heykəli gözləyirdi.
Ötən həftə müqəddəslərin bədənləri Perijye emalatxanasında başlarına qovuşmuşdu. Onlar şəhərin keşikçiləridir, qoruyucuları, Paris səmasının sakinləridir. Ən azından heç olmasa onlar salamat qaldı.