Britaniya baş naziri Tereza Meyin iddiasına görə, keçmiş Rusiyalı casus Serqey Skripal və onun qızına qarşı sinir sistemini iflic edən “Noviçok” fəslindən olan maddədən istifadə olunub.
ÇıxışYolu.Com “Euronews”a istinadən xəbər verir ki, Britaniyanın məhkəmə tibbi dosenti, Nortumbriya universitetinin kimya alimi Mişel Karlin Rusiyada istehsal olunan bu zərərli maddə barəsində ətraflı məlumat verib.
“Noviçok” hansı zəhərləyici maddələr qrupuna aiddir?
“Noviçok” fəsiləsindən olan kimyəvi maddə, hərbi təyinatlı dördüncü nəsil zəhərləyici maddədir və V-seriyasından olan agentlərdən məsələn “Vİ” qazından daha güclü hesab olunur. Digər sinir-paraletiklərindən fərqli olaraq, bu zərərli maddədən toz şəklində istifadə olunur.
“Noviçok” insan orqanizminə necə təsir edir?
Əldə olunan məlumata görə, “Noviçok” vasitəsi iki ayrı qeyri-toksik komponentdən ibarətdir. Bunlar bir-birilə qarışanda sinir sistemini iflic edə bilən maddə ərsəyə gəlir. Təsir mexanizmi digər sinir-paralitik agentlərinkinə oxşasa da, təsir gücü onlardan 5-10 dəfə yüksək olur.
İnsanın sinir sistemi orqanlara və toxumalara kimyəvi siqnallar göndərir. Ancaq bu agent, belə məlumat mübadiləsini pozaraq, siqnalların həddindən artıq yüklənməsinə yol açır. Nəticədə insan əzələlər üzərində nəzarəti itirir. Bu xüsusilə tənəffüs problemlərinə, fiziki funksiyalar üzərində idarəetmənin itirilməsinə, qıcolmalara, orqanların iflicinə səbəb olur, vaxtında müdaxilə edilmədikdə isə ölümlə nəticələnir.
“Noviçok” əhali üçün təhlükəli ola bilər?
İnsana birbaşa təsiri daha effektiv olur. Yəni davamlı olaraq yaxın təmasda olan insanlara ən çox təsir göstərir. Böyük insan izdihamına tətbiq olunsa, təsiri cüzi olacaq. Belə ki, Solsberidə Skripal və onun qızının zəhərlənməsindən sonra Britaniya səhiyyə orqanları onların ehtimal olunan marşrutlarında geniş miqyaslı dezinfeksiya tədbirləri görüb.
“Noviçok” zəhərlənməsindən sağalmaq olur?
“Noviçok”un uzunmüddətli təsiri barədə çox az bilgi var. Ancaq hesab olunur ki, bu fəsilədən olan maddələr insan orqanizminin uzunmüddətli zədələnməsinə səbəb olur. Anti-dotla müalicə aparılsa belə insan şikəst olur.