Azərbaycan cəmiyyəti idarəçilik komandasının yenilənməsini gözləyir. Bu kontekstdə Novruz Məmmədovun baş nazir vəzifəsinə təyin edilməsi, yəqin ki, ictimaiyyət arasında müəyyən təəccüb doğuracaq, belə ki, hər kəs yeni kadr dəyişikliyi ilə bağlı qərarı gözləyirdi.
Bu barədə ÇıxışYolu.Com-a verdiyi açıqlamada “Baku Network” beynəlxalq ekspert şurasının direktoru, analitik Gülnarə Məmmədzadə danışıb.
“Digər tərəfdən, məhz Novruz Məmmədov “qoca heyətin” qıcıq doğurmayan və ya hər hansı xoşagəlməz hallarda adı hallanmayan yüksək vəzifəli məmurlarından biridir.
Bundan savayı, ona cəmiyyətdə hörmət edirlər, o balanslaşdırılmış, təcrübəli diplomat kimi nüfuz qazanıb.”
Analitikin sözlərinə görə, hazırda xarici iqtisadi strategiyanın, sosial-iqtisadi və digər daxili problemlərin həlli ilə qarşılıqlı əlaqəli olduğunu nəzərə alsaq, Novruz Məmmədovun prezident administrasiyasında topladığı təcrübəyə, xüsusi tələb yarana bilər.
“Bir məqamı da qeyd etmək vacibdir ki, bu gün, Ermənistanda gedən proseslər fonunda Azərbaycan cəmiyyəti ölkə rəhbərliyinin komandanın yenilənməsi və dövlət idarəçiliyi sisteminin müasirləşdirilməsi istiqamətində səyləri artırdığına şahidlik edir.”, – deyə Məmmədzadə bildirib.