Nyu-Yorkda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-nin Nyu-York şəhərində Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin
təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
münasibətilə tədbir keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə diplomatlar, Birləşmiş
Ştatlarda fəaliyyət göstərən təşkilat və dərnək rəhbərləri, Nyu-Yorkda yaşayan
Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı
uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad
olunub.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə soydaşlarımızı təbrik edib.
Diplomat bildirib ki, Ali Baş Komandanİlham Əliyevin müdrik siyasəti və
Azərbaycan Ordusunun gücü sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub və
artıq dünyanın bütün yerlərində yaşayan həmvətənlərimiz bütöv Azərbaycanın
vətəndaşları olaraq Həmrəylik Gününü qeyd edirlər.
Y.Əliyev söyləyib ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü getdikcə daha böyük məna və əhəmiyyət kəsb
edir:
“Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər
Azərbaycanın dünya birliyində layiqli yer tutmasına geniş imkanlar açır. Elə
bunun nəticəsidir ki, dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən
biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri
Konfransının 29-cu sessiyası – COP29 gələn il Azərbaycanda keçiriləcək.
Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti
təntənəli qələbəsinin və beynəlxalq ictimaiyyətin ölkəmizə yekdil dəstəyinin
təzahürüdür”.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün
bərqərar olunması ilə bağlı arzularının əks olunduğu və Prezident İlham
Əliyevin işğaldan azad edilmiş tarixi torpaqlarımızda – Şuşada, Laçında,
Xankəndidə lentə alınmış videogörüntüləri nümayiş olunub.
Sonda ABŞ-də fəaliyyət göstərən azərbaycanlı musiqiçilər Samir və Veronikanın
ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.