6983191a-0d8c-4417-b4e8-c01a4009dc49..jpg

Nyu-Yorkda Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 3. 178 dəfə baxılıb.

Nyu-Yorkda Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb –
YENİLƏNİB + FOTO

ABŞ-ın Nyu-York şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın
dövlət bayrağı qaldırılıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, üçrəngli, ay-ulduzlu bayrağımız Nyu-York
şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət
etdiyi küçələrdən birində – “Wall Street”də yerləşən “Bowling Green” parkında
nəhəng bayraq dirəyindən asılıb.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və dəstəyi, Amerika
Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı və Nyu-York şəhər meriyasının
dəstəyi ilə keçirilən mərasimdə ölkəmizin BMT yanında daimi nümayəndəsi Yaşar
Əliyev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, İtaliyanın Nyu-Yorkdakı
konsulunun müavini Rikardo Kursi, Nyu-York şəhər meriyasının rəsmiləri, BMT
yanında Daimi Nümayəndəlikdə fəaliyyət göstərən diplomatlar və Azərbaycan
diasporunun fəalları iştirak ediblər.

Mərasimdə çıxış edən Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri
qonaqlara ölkəmizin tarixinin ən şanlı və parlaq səhifələrdən biri olan 28 May
– Müstəqillik Günü barəsində ətraflı məlumat verib. Bildirib ki, azadlığı və
istiqlaliyyəti uğrunda tarix boyu mübarizə aparan Azərbaycan xalqı 28 may
1918-ci ildə Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli
respublikasını yaradıb: “Ulu Öndər Heydər Əliyev yenidən Azərbaycanı bizə geri
verdi və onun möhkəm təməllər üzərində qurduğu müstəqillik əbədi və dönməz
oldu. Bu il Heydər Əliyevin 100 illik yubileyini ona olan böyük minnətdarlıq
hissi ilə qeyd edirik. Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın
taleyi etibarlı əllərdədir”.

Mərasimdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov diqqətə
çatdırıb ki, 28 May -Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk
olunub və bu gün hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir: “Şərqdə ilk
dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir tarixi
mərhələnin başlanğıcı olub. Ulu Öndərin imzası ilə xalqımız 70 il sonra yenidən
öz müstəqilliyini bərpa etdi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi
varisi olan çağdaş Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev
tərəfindən tarixin ən çətin dövrlərində yenidən quruldu.

Bu gün, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın taleyi etibarlı
əllərdədir və qurulan möhkəm təməl, aparılan uğurlu siyasət müstəqilliyimizin
sarsılmazlığına tam təminat verir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən demokratik, dünyəvi,
hüquqi dövlət quruculuğu prosesi müstəqilliyimizin bəhrəsidir”.

Tədbirdə çıxış edən Nyu-York şəhər meriyasının protokol xidmətinin rəhbəri
Rəna Abbasova da, 28 May – Müstəqillik Günü münasibəti ilə dünya
azərbaycanlılarını təbrik edib. O, dünyanın harasında yaşamağından asılı
olmayaraq bütün azərbaycanlıların hər zaman birlikdə olmasının vacibliyinə
diqqət çəkib.

Üçrəngli bayrağımız dövlət himnimizin sədaları altında Nyu-York səmasına
qaldırılıb, Azərbaycanın və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.

Mərasim Nyu-Yorkun yerli mediasında canlı yayımlanıb. Ərazini ziyarət edən
turistlər bayrağımızın fonunda şəkil çəkdiriblər.

Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı
kimi tanınan “Bowling Green” bu gündən etibarən 10 gün müddətində Azərbaycan
bayrağına ev sahibliyi edəcək.

22:28

ABŞ-ın Nyu-York şəhərində Azərbaycan bayrağı ucaldılıb.

Bu barədə “Report”a Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında
Daimi Nümayəndəliyindən bildirilib.

Mərasim Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun iştirakı
ilə keçirilib.

Source link