072ed4a0-754a-4cfd-9703-bcba0d148459..jpg

Nyu-Yorkda Səfəvilər dövrünün nadir Azərbaycan xalçaları nümayiş olunub – FOTO

Baxış sayı: 571 dəfə baxılıb.

Nyu-Yorkda Səfəvilər dövrünün nadir Azərbaycan xalçaları nümayiş olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Nyu-York şəhərində Səfəvilər dövründə toxunulmuş və günümüzə qədər
qorunub saxlanılmış nadir Azərbaycan xalçaları nümayiş olunub.

“Report”un ABŞ bürosu xəbər verir ki, “Azərbaycan Xalça Ehtişamı: Antik
Toxuculuqda Səfəvi Xəzinələri” adlı sərgi Azərbaycanın ABŞ-dəki səfirliyi və
Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə
təşkilatçılığı, Nyu-Yorkdakı “Türk Evi”nin ev sahibliyi ilə baş tutub.

Gecədə Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli
səfiri Xəzər İbrahim, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür,
ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, ABŞ-də
fəaliyyət göstərən türk və azərbaycanlı diplomatlar, hər iki qardaş ölkənin
diaspor aktivləri və yerli ictimaiyyətin nümayəndələri və ABŞ-nin məşhur xalça
kolleksionerləri iştirak ediblər.

USACC-nin icraçı direktoru Natiq Baxışov bildirib ki, sərgidə Səfəvilər
dövlətinin hökmdarı Şah Abbasın sifarişi ilə hazırlanmış və günümüzə qədər
qorunub saxlanan 13 ədəd nadir xalça nümayiş olunur. O deyib ki, sərgidə
nümayiş olunan 17, 18, 19-cu əsrlərə məxsus saray xalçaları ABŞ-nin Boston
ştatında yaşayan və əslən Cənubi Azərbaycandan olan Əmir Üskülünün şəxsi
kolleksiyasındandır. N.Baxışov sərgidə Təbriz və Qarabağ xalçaları ilə yanaşı,
miniatür xalçaların da nümayiş olunduğunu deyib:

“Azərbaycanın zəngin irsinin dünyada tanıdılması adına paytaxt Vaşinqtonda və
Nyu-Yorkda ənənəvi xalça sərgiləri keçiririk. Bu gün də sərgiyə maraq olduqca
böyükdür və bu bizi çox sevindirir”.

Səfir Xəzər İbrahim çıxışında bildirib ki, Azərbaycan mədəniyyətində
özünəməxsus yeri olan xalçaçılıq sənəti qədim və zəngin tarixə malikdir. O,
uzaq ABŞ-də Azərbaycanın xalçaçılıq irsinin nəfəsini özü ilə günümüzə gətirən
xalçalarımızın dünyaca məşhur kolleksionerlərə təqdim olunmasının
zəruriliyindən danışıb. X.İbrahim Azərbaycan xalçalarına yerli sakinlərin böyük
maraq göstərdiyini və bundan sonra da əsrlər boyu bu ənənənin qorunub
saxlanılması, təbliğ olunması üçün bütün imkanların səfərbər olunacağını deyib.

Xalçaların sahibi, azərbaycanlı xalça kolleksioneri Əmir Üskülü xalçaların bir
çoxunun atasının kolleksiyasından olduğunu deyib. O, sərgidə nümayiş olunan
miniatür Qarabağ xalçalarından birini Türkiyənin Nyu-Yorkdakı baş konsulu
Reyhan Özgürə hədiyyə edib. Ə.Üskülü Azərbaycan irsinin təbliğində ev
sahibliyinə görə “Türk Evi”nə təşəkkür edib.

Gecədə “Dressden” simfonik orkestrinin solisti və Norveç Musiqiçilər
Birliyinin üzvü, kamança ifaçısı Şəbnəb Hüseyn Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.

Daha sonra qonaqlar sərgini gəzib, xalçalar barədə ətraflı məlumat alıblar.

ABŞ-li qonaqlar gözoxşayan Azərbaycan xalçalarının fonunda şəkil çəkdiriblər.

Source link