Ödənişli yola qoyun sürüsü çıxıb? – AÇIQLAMA + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı-Quba istiqamətində yeni istifadəyə verilən ödənişli yoldan görüntülər
yayılıb.
Belə ki, yoldan istifadə edənlər bu barədə sosial şəbəkələrdə paylaşım
edirlər. Paylaşımlardan birində, ödənişli yolda sürətlə hərəkət edən nəqliyyat
vasitəsinin qarşısına qoyun sürüsünün çıxdığı iddia edilir.
Hər tərəfdən bağlı olan yola heç bir canlının daxil ola bilmədiyi halda,
qoyunların yola necə çıxdığı sual doğurur. Sürücü deyir ki, həddən artıq yüksək
sürətlə getdiyi yolda qarşısına qoyun sürüsü çıxıb:
“Yolun iki tərəfdən bağlı olduğunu görürəm. Amma bu qoyunlar yola haradan
girib bilmirəm”.
Digər görüntülər isə axşam saatlarında ödənişli yoldan istifadə edən sürücü
tərəfindən paylaşılıb. Görüntülərdə yol boyu işıq dirəklərinin olmaması diqqət
çəkib.
Ümumiyyətlə, ödənişli yola süni maneələrin haradan və necə çıxması, axşam
saatlarında sürücülərin rahat hərəkəti üçün niyə işıq dirəklərinin olmaması ilə
bağlı suallarımızı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA)
ünvanladıq.
Qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Cixisyolu.com-ın suallarına cavab
olaraq bildirib ki, sözügedən görüntülərin ödənişli yola aid olduğunu demək
çətindir:
“Ödənişli yola qoyun sürüsünün çıxması ilə bağlı fakta rast gəlməmişik. Bu cür
hallar Ələt-Astara yolunda tez-tez olur. Çünki orada yol kənarı məftilli
torlarla bağlanıb, camaat məftilləri kəsib sürünü yol kənarına buraxır”.
Ödənişli yolda işıq dirəkləri ilə bağlı sualı cavablandıran mətbuat katibi
deyir ki, yolun tam işıqlandırılması nəzərdə tutulmayıb:
“Yolda işıqlandırma yalnız yol qovşaqlarında nəzərdə tutulub, tam yolboyu yox.
Ümumi yol üçün yol kənarında elementlər, yol nişanları, aidiyyəti üzrə yol
qurğuları, xətlənmələr, yol ayrıclarında olan nişanlar hamısı işıqqaytarma
effektinə malikdir. Gecə nəqliyyat vasitələri bu yolda çox rahat şəkildə
hərəkət edə bilirlər. Yol hər bir tərəfdən bağlı olduğu üçün heç bir təhlükə də
yoxdur. Həmin yolun tam işıqlandırılması nəzərdə tutulmayıb. Qaranlıq saatlarda
belə yolda heç bir təhlükə yoxdur”.
Könül Cəfərli