Şirvanda kriminal dairələrdə “Odessa Teyyub” ləqəbi ilə tanınan narkotacir saxlanılıb.
ÇıxışYolu.Com APA TV-yə istinadən xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları əvvəllər Ukrayna, Moldova, Belarus və Azərbaycanda adam oğurluğu, insan alveri və oğurluq maddələri bir neçə dəfə məhkum olunmuş, 1966-cı il təvəllüdlü Teyyub Eyyub oğlu Tağıyevi saxlayıb.
Polis tədqiqatçısı İlqar Fərəczadə bildirib ki, kriminal dairələrdə “Odessa Teyyub” ləqəbi ilə tanınan Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Teyyub Eyyub oğlu Tağıyevin polis şöbəsində üzərinə baxış zamanı ondan bir ədəd bükümdə ümumi çəkisi 36,136 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
Teyyub Tağıyev narkotik maddəni Kürün sahilindən tapdığını bildirib:
“Kür qırağında gəzirdim, gördüm yerdə nəsə var, maraqlı gəldi, götürdüm. Bildim ki, tiryəkdir. Arabir tiryəkdən istifadə edirəm, tamına baxıram. Mənimki dad-tamdır, başqa şey deyil. Tiryəkin də tamına baxmaq istəyirdim, Allah kömək olmuş polislər imkan vermədi, tiryəkin tamına baxım”.
Qeyd edək ki, bir müddət əvvəl T.Tağıyev kriminal mübahisə zamanı digər cinayətkar qrupun üzvü tərəfindən ayağından güllələnib. Hadisədə iştirakçı olan dörd nəfər həbs edilib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.