Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Ukrayna ərazisində həbs
edilən Kamerun bayrağı altında üzən gəminin azərbaycanlı heyəti təxliyə olunub.
Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın
6-da səfirliyin konsulluq şöbəsinin fövqəladə hallar üçün nəzərdə tutulmuş
qaynar xəttinə müraciət daxil olub. Məlum olub ki, bir aydan artıq Odessanın
“Reniy” dəniz ticarət limanında Kamerun bayrağı altında üzən “Usko Shipping”
şirkətinə məxsus “Usko Mfu” adlı ticarət gəmisi sözügedən limanda saxlanılaraq
dənizə çıxması Ukrayna hökuməti tərəfindən məhdudlaşdırılıb. Gəmidə 12 nəfərdən
ibarət heyətin xidmət apardığı, onlar arasında 7 nəfərin (bir nəfər gəmi
kapitanı) Azərbaycan Respublikası vətəndaşı olduğu müəyyənləşib.
Səfirlik dərhal Azərbaycan vətəndaşlarının təxliyəsi üçün təxirəsalınmaz işlər
görüb. Bu xüsusda Azərbaycanla Ukrayna arasında 1997-ci il martın 24-də Kiyev
şəhərində imzalanmış Konsulluq Konvensiyasının müvafiq bəndləri rəhbər
tutularaq vətəndaşlarımızın təxliyəsi istiqamətində Ukrayna dövlət qurumları
ilə yazışmalara başlanılıb.
İlkin olaraq, Ukrayna Dövlət Sərhəd Xidmətindən vətəndaşların ölkəyə daxil
olması ilə bağlı tətbiq edilən məhdudiyyət aradan qaldırılıb. Habelə səfirlik
tərəfindən “Reniy” dəniz ticarət limanının rəhbərliyi və Ukrayna Xarici İşlər
Nazirliyi qarşısında müvafiq görüşlərin keçirilməsi üçün vəsatət qaldırılıb.
Səfirlik tərəfindən atılan müvafiq addımlar nəticəsində oktyabrın 4-də
vətəndaşlarımızın təxliyə edilməsi üçün razılıq əldə olunub.
Qeyd olunan tarixdə səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsləri
Qalibbəy Ağadadaşov, Pərviz Əsədov “Reniy” dəniz ticarət limanına ezam
olunublar və Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, bir Türkiyə
vətəndaşının da təxliyəsi həyata keçirilərək vətənlərinə dönməsi təmin olunub.