fe379678-e770-4d54-891e-682713644914..jpg

Oğluna protokol yazdığı üçün yol polisini söyən xanım sürücü həbs olundu

Baxış sayı: 399 dəfə baxılıb.

Oğluna protokol yazdığı üçün yol polisini söyən xanım sürücü həbs olundu

Sentyabrın 23-də, saat 18:00 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev
prospektində işıqforun qırmızı işığında keçən 90-VF-024 dövlət nömrə nişanlı,
“Daewoo Centra” markalı avtomobilin sürücüsü saxlanılıb.

Avtosfer.az xəbər verir ki, ərazidə xidmət aparan 99-YP-279 dövlət nömrə
nişanlı patrul avtomobilinin ekipajı sürücü Kənan Elşən oğlu Quluzadə barəsində
İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qərarsız protokol tərtib
edib.

Protokol tərtib olunduqdan sonra Kənan Quluzadə bu barədə anasına məlumat
verib. Az sonra 99-KJ-969 dövlət nömrə nişanlı, “KIA Soul” markalı avtomobillə
gələn sürücünün anası yol polislərini izləyərək 99-YP-279 dövlət nömrə nişanlı
patrul maşınının qarşısını kəsərək YPX əməkdaşlarını küçə söyüşləri ilə təhqir
etməyə başlayıb. Xanım sürücü YPX əməkdaşlarına qarşı təhqiramiz sözlər
istifadə edərək oğluna əsassız olaraq protokol yazıldığını bildirib. Yol polisi
əməkdaşları bu barədə 23-cü Polis Şöbəsinə məlumat veriblər. Hadisə yerinə
yaxınlaşan Post Patrul Xidmətinin əməkdaşları xanım sürücü və oğlunu bölməyə
aparıblar.

Bölmədə xanım sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi
ilə protokol tərtib olunub.

Həmçinin idarə etdiyi 99-KJ-969 dövlət nömrə nişanlı avtomobilə baxış
keçirilən zaman nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərin
pozulması, ön və arxa faralarda plyonka olduğu, arxa şüşəsilənlərin olmadığı
aşkarlanıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 342.5,
342.2.4-cü maddələri ilə protokol tərtib olunub və avtomobil evakuator
vasitəsilə duracağa yerləşdirilib.

Xanım sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon
Məhkəməsinə təqdim olunub. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu
maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilərək barəsində 5 gün müddətində
inzibati qaydada həbs qərarı çıxarıb.

Source link