461e11dd-dc46-457a-9563-1303fd7552c9..jpg

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 735 dəfə baxılıb.

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu
etiraf etdi” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Natiq Qasımov… Bir qəhrəman taleyinə verilən ad. Bir mərdlik, qorxmazlıq
salnaməsinin ismi.

Haqqında çəkilən “Oğul” (2022-ci il) sənədli filmində bu ekran işi üçün
qığılcım rolunu oynayan fotoların müəllifi deyir: “Mən gecənin yarısı getməli
oldum. Çünki daha bacarmırdım”.

Məhz o gedişdən sonrakı hadisələr haqqında, onun başına gətirilənlər haqqında
heç bir məlumat yoxdur. Bircə bildiyimiz Natiq Qasımovun bir insan ömrünə
sığmayacaq mərdlik və cəsurluq nümayiş etdirməsidir.

Bir neçə gün öncə təntənəli təqdimat mərasimi baş tutmuş “Oğul” sənədli
filminin rejissoru müəyyən səbəblərdən təqdimata qatıla bilməmişdi. Əvəzində
filmin prodüseri çəkiliş prosesindən, qarşılaşdıqları çətinliklərdən və
nəhayət, filmin yaradıcı heyəti üçün mənəvi mahiyyətindən söz açmışdı. Elə o
zaman filmi izləyərkən, üstəlik, prodüserin bəhs elədiyi çətinlikləri özlüyümdə
analiz edərkən beynimdə kifayət qədər sual yaranmışdı.

Həmin suallara cavab tapmaq günü məhz bu gün imiş.

Natiq Qasımovun qəhrəmanlığından bəhs edən “Oğul” sənədli filminin prodüseri
Ekard Seycer və rejissor-ssenaristi Karan Sinqhin APA-ya müsahibəsini təqdim
edirik:

Qərarlaşdırdıq ki, hər ikisi ilə eyni vaxtda edək müsahibəni. Müsahiblərimlə
söhbətə Azərbaycana səfərlərindən və paytaxt Bakı təəssüratları üzərindən
başlayırıq.

Karan Sinqh “Oğul” filminin çəkilişlərindən əvvəl də Azərbaycana səfər
etdiyini deyir.

– Biz Azərbaycana daha əvvəl də səfər etmişik. Azərbaycanı və Bakını çox
sevdiyimizi deyə bilərəm. Bura film çəkilişləri üçün, həqiqətən, möhtəşəm
məkandır, möhtəşəm ölkədir. Biz burada çatdırılması, deyilməsi vacib olan çox
maraqlı hekayələr tapdıq və “Oğul” sənədli filmi də məhz bu cür hekayələrdən
biridir.

Filmin prodüseri Ekard Seycer də, eyni zamanda, Azərbaycanda bir neçə dəfə
olduğunu və bu səfərlər zamanı bir xeyli maraqlı hekayələrlə qarşılaşdıqlarını
qeyd edir.

– Xüsusilə bu səfərlərimiz film çəkilişi ilə bağlı olub. Biz ölkənizdə
həmçinin Mingəçevir şəhərində də olduq, orada Natiq Qasımovun ailəsi ilə
görüşdük, daha sonra Gəncə şəhərində də olduq. Deyə bilərəm ki, Azərbaycan
valehedici ölkədir. Azərbaycanın mövzu baxımından, ideya baxımından təklif
etdiyi çox şey var, hesab edirəm ki, çox insan bunu bilmir. Bu ölkə olduqca
tolerant müsəlman ölkəsidir və hesab edirəm ki, regionun ən tolerant ölkəsidir.
Nəzərə alsaq ki, biz bu gün elə bir dünyada yaşayırıq ki… Azərbaycan
tolerantlıq baxımından nümunə olacaq ölkədir. Xüsusilə dini tolerantlıq
baxımından Azərbaycan nümunəvidir.

– Bəs Natiq Qasımov haqqında belə bir film çəkmək ideyası necə yarandı?

Rejissor Karan Sinqh ümumilikdə Birinci Qarabağ müharibəsi haqqında məlumatlı
olduqlarını deyir.

– 1990-cı illərdə nə baş verdiyini, hesab edirəm ki, hamı bilir, eynilə biz də
bilirdik, görmüşdük. Enriko Sarzininin (Enriko Sarzini: 1938-ci ildə İtaliyanın
Roma şəhərində anadan olan dünyaca məşhur fotoqraf. O, İtaliya mətbuatında dərc
olunan məqalələrin birində son 60 illik dünya tarixinin ən dəhşətli
hekayələrinə şahidlik edən və onları lentə alan fotoqraf kimi vurğulanır.
Müəllifin çəkdiyi müharibə fotolarının, demək olar ki, hər biri özlüyündə bir
insan taleyini, ağrısını və çox zaman isə sonsuzluğu özündə ehtiva edir. Elə
Natiq Qasımovun fotosu kimi, – red.) dərc olunmamış fotoları bizim diqqətimizi
cəlb elədi. Biz də bu mövzunu işləməyə və onun haqqında film çəkməyə qərar
verdik. Haqqında bəhs elədiyimiz fotolar təkcə fotoqraf işi deyildi, bu, həm də
bir sənədli sübut idi. Bu fotolar Natiq Qasımovun sonuncu döyüşü ilə bağlı,
birmənalı olaraq, sənədli sübutlar idi. Beləliklə, bu fotoları gördükdən sonra
biz film axtarışlarımıza başladıq. Bu, olduqca gözəl bir iş idi, rejissor üçün,
yaradıcı adam üçün ağrıları hiss etməklə bərabər, həm də gözəl səyahət idi.
Araşdırmalarımızın yekunu onunla nəticələndi ki, biz Natiq Qasımovun başına
gətirilənləri öyrənə bildik. Hesab edirəm ki, Karan Sinqhin də dediyi kimi,
fotojurnalist Sarzininin fotolarında görünən odur ki, Natiq Qasımovun üzündə
təslim olmaq, qorxu və digər bu kimi hisslər olmayıb, nəhayət, fotolardan
göründüyü kimi onun dindirilməsi kilsədə baş verib – bütün bunlar Birinci
Qarabağ müharibəsi dövründə Xocalı faciəsinin ardınca olan proseslərdir. İşin
bizim üçün ən maraqlı nüansı ondan ibarət idi ki, bu fotolardan sonra Natiq
Qasımov haqqında heç bir məlumat yox idi. Yəni 25 il idi ki, onun taleyi
haqqında, başına gətirilənlər haqqında, sağ qalması, yaxud öldürülməsi haqqında
əsaslı məlumata sahib deyildik. Bütün bunlar bizim üçün, əlbəttə ki, stimul
oldu.

Filmi izləyərkən məndə yaranan suallardan biri də Natiq Qasımovun sonrakı
taleyi haqqında rejissorun öz qənaəti məsələsi idi. Çünki nəzərə alsaq ki,
filmdə məntiqi sonluq kimi nəticə görə bilmirik. Bu da əldə olan sübutların,
şahidlərin görüb-danışdıqlarından çıxarılan nəticəyə veriləcək ən yaxşı sonluq
idi.

– Yaxşı, bəs bir yaradıcı adam, rejissor kimi və həm də Natiq Qasımovun
taleyini, başına gətirilənləri araşdıran biri kimi onun sonrakı taleyi haqqında
nə düşünürsünüz?

– Hər şeydən öncə onu qeyd edək ki, Natiq sıravi bir şəxs idi, yəni könüllü və
qeyri-adi bir situasiyanın içərisinə düşmüşdü. Və o öz yaşıdları kimi Birinci
Qarabağ müharibəsinin təsirinə məruz qalmışdı. Lakin Natiq Qasımovun müharibə
şücaəti, bir növ, müharibəyə təsiri, kilsəni müdafiəsi və digər bu kimi amillər
əldə olan fakt və sübutlarla filmdə tamamilə əhatə olunub. Filmdən də,
göründüyü kimi, Natiqin taleyi haqqında yekun qənaət budur: o yoxa çıxıb,
itkindir. Yəni Ermənistanda əsirlikdə olarkən yoxa çıxıb. Və bu prosesin ümumi
gedişatı üçün beynəlxalq hüquq var, bu hüquq əsasında məsuliyyət daşıyan
şəxslər var. Əsirlərin taleyi ilə bağlı, onlarla davranışlarla bağlı beynəlxalq
hüququn prinsipləri mövcuddur. Əgər Natiq Qasımov Beynəlxalq Qızıl Xaç
Komitəsinə əsir kimi təqdim edilməyibsə, mütləq formada buna görə məsuliyyət
daşıyan şəxslər var. Araşdırmalar zamanı bizə aydın oldu ki, Natiq Qasımov
əsirlikdə olarkən onunla davranışla bağlı beynəlxalq hüquqazidd hərəkətlər
olub. Hansı ki, bunun səbəbləri ilə bağlı suallara cavab verməli olan şəxslər
var.

Mənim üçün filmin ən maraqlı və gözlənilməz hissələrindən biri Vitali
Balasanyanla bağlı müsahibə hissəsi idi. Azərbaycanlı qəhrəmanın müharibə
şücaəti haqqında çəkilən filmdə müharibə cinayətkarının özünün şəxsən
danışması, müəyyən suallara cavab verməsi.

– Maraqlıdır, yaradıcı heyət Vitali Balasanyanla müsahibəyə gedərkən əldə olan
dindirilmə fotolarında aparıcı şəxsin Vitali Balasanyan olmasından tamamilə
xəbərsiz idimi? Əgər cüzi də olsa şübhə vardısa, niyə fürsət düşmüşkən
Balasanyanın üzərinə gedilmədi?

– Əgər siz filmin çəkilmə prosesinə nəzər salsanız, görərsiniz ki, biz ilk
olaraq, işğal olunmuş Qarabağ ərazisinə getmişik. Hansı ki, həmin ərazilər hələ
o zaman Ermənistanın nəzarəti altında idi. Biz Xankəndiyə getdik və Vitali
Balasanyanla müsahibəni razılaşdırdıq. O zaman Balasanyan komandir idi. Bizi
Balasanyanla müsahibəyə aparan məhz bu amil idi: Balasanyanın regionu yaxşı
bilməsi, bütün müharibə prosesinə yaxından bələd olması. Yəni demək istədiyim
odur ki, biz Xankəndiyə gedərkən Balasanyanı ittiham etmək üçün getməmişdik,
çünki onu ittiham edəcək heç bir dəlilimiz və şübhəmiz yox idi. Amma, yenə də
filmdən də gördüyünüz kimi, ondan sonrakı müsahibələr, müharibə
iştirakçılarının dedikləri ona əsas verdi ki, Balasanyan prosesdə şəxsən
iştirak edib, yəni müsahiblər onu tanıdı, fotodakı şəxsin Balasanyan olduğunu
etiraf etdilər. Sizin dediyiniz “üstünə getmək” məsələsini biz bundan sonra edə
bilərdik. Yəni yeri yaranan suallara cavab tapmaqla bağlı biz yenidən
Balasanyanla müsahibə etmək üçün müraciət etdik. Lakin o, müsahibədən imtina
etdi.

Yəni ki, biz bu faktları, Balasanyanın dindirilmədə şəxsən iştirakını, onun
sonrakı taleyi haqqında veriləcək suallara cavab verməli olan şəxs olduğunu
onunla müsahibə tamamlandıqdan sonra əldə etmişik. Burada vacib fakt ondan
ibarətdir ki, fotodakı şəxsin kimliyi birbaşa erməni müharibə veteranları
tərəfindən aşkarlanıb, yəni ona qədər şəxsin Balasanyan olduğunu
azərbaycanlılar tanımayıb. Balasanyanı sırf öz əsgərləri tanıyıb və etiraf
ediblər.

Filmin prodüseri Ekard Seycer isə filmin çəkilişləri zamanı yaradıcı heyətin
əsas tutduğu və 5 illik çəkiliş prosesində sadiq qaldığı məqamın obyektivlik
olduğunu deyir.

– Xüsusilə qeyd olunmalıdır ki, müstəqil Qərb filmmeykerləri, eləcə də biz
Azərbaycan və Ermənistan arasında mövcud olan tarixi düşmənçiliyin fərqində
idik. Yəni biz bu hekayəni lentə almazdan öncə situasiyanı bilirdik, bələd
idik. Bu baxımdan, bizim üçün çəkiliş prosesində birinci dərəcəli nüans mövcud
problemə obyektiv və balanslı yanaşma idi.

“Oğul” sənədli filmi həm də Azərbaycan adını, onun qəhrəman oğulları haqqında
bir az ümumiləşdirilmiş yekundur. Bu baxımdan, filmin festival yolunun olması,
nüfuzlu festivallarda nümayişi olduqca vacib nüanslardan biridir.

– Cənab Sinqh, necə düşünürsünüz, festivallarda filmin nümayişi zamanı
insanların reaksiyası necə idi? Yəni yaradıcı heyət üçün bu reaksiyalar nə
deyirdi?

– Hər şeydən öncə, bu, insan hekayəsidir. Və hər kəs bu hekayənin mahiyyətini,
necə bir qəhrəmanlıq olduğunu özü üçün müəyyənləşdirə və bunun fərqində ola
bilər. Bu hekayə oğlu illər öncə könüllü şəkildə müharibəyə gedən və qayıtmayan
bir ana haqqında idi. Üstəlik, onun sonrakı taleyi haqqında heç bir məlumat da
yoxdur. Yəni bu hekayədəki ana azərbaycanlı idi, yaxud afrikalı idi və yaxud,
amerikalı, qətiyyən fərqi yoxdur. Təkrar edirəm: burada mövzu ana və onun itkin
düşən, müharibəyə könüllü gedən və qayıtmayan oğlu idi. Bu fərqi, məncə, hamı
rahatlıqla özü üçün aydınlaşdıra bilər. Bu film Hindistanda da nümayiş olunub,
Qərb ölkələrində də. Mən sizə dəqiqliklə deyə bilərəm ki, filmi izləyən
auditoriya ailənin hansı ağrılardan keçdiyini dərhal anlaya bilib. Filmdəki
faktlar hər kəsi müsbət mənada təəccübləndirib. Film boyunca nümayiş olunan
faktlar Natiq Qasımovun kimliyi, onun taleyi və müharibəyə qəhrəmanlığı,
müharibəyə təsiri ilə bağlı auditoriya kifayət qədər mesajlar ötürmək
qabiliyyətindədir. Bu, olduqca uğurlu məqamdır.

Ekard Seycer də düşünür ki, dünyamızın dünənində olduğu kimi, bu günündə də və
bu gedişlə, görünür, təəssüf ki, sabahında da analar oğullarını itirib, itirir
və itirəcək. Dünya müharibənin cəngindədir.

– Təəssüf ki, analar öz oğullarını, demək olar ki, hər gün itirir. Bu gün biz
bunu Ukraynada, yaxud Yaxın Şərqdə davam etməkdə olan döyüşlərdə və döyüşlərin
ümumi mənzərəsi olan faciələrdə görürük. Hesab edirəm ki, bu itkilərin çoxu heç
də diqqəti cəlb eləmir, təəssüf ki. Ancaq bu film və bizim araşdırmalarımız
nəticəsində Natiq Qasımovun taleyi elə olmadı, o, diqqət cəlb elədi. Natiq
Qasımov indi sadəcə bir statistika deyil. Bu həm bizim üçün, həm ailəsi üçün və
həm də yaxınları üçün olduqca vacib bir məqamdır.

Dünyadakı erməni lobbisinin təsiri və bir az gücünə baxdıqda, o zaman filmin
çəkiliş prosesinə hər hansı maneənin törədilməsi gözlənilən idi. Odur ki,
növbəti sualımız məhz bu yöndə olur.

– Filmin çəkilişləri zamanı hansı çətinliklər yaşandı?

– Erməni lobbisi barədə əvvəlcə onu deyim ki, biz bayaq bunu xüsusilə
vurğuladıq, filmdə obyektivlik və balanslılıq qorunub. Bu baxımdan sırf bu
müstəvidə hər hansısa bir maneə ilə rastlaşdığımızı deyə bilmərəm.

Amma ümumilikdə bu çox həssas və emosional bir mövzudur. Filmin çəkilməsi üçün
beş il zamanımız gedib və çəkilişlər üçün biz ayrı-ayrılıqda dörd-beş ölkədə
olmuşuq: Ermənistan, Rusiya, İtaliya, Britaniya, Azərbaycan, o cümlədən həmin
zaman işğal altında olan Qarabağ. Bütün bu mərhələlərdə müsahib ailələrin və
döyüşlərin keçmiş iştirakçılarının emosiyalarına qarşı həssaslıq nümayiş
etdirməli idi. Proses irəlilədikcə yeni faktlar ortaya çıxırdı, o faktlar
üzərində işləməli olurduq. İnsan hekayəsindən film yaratmaq heç də asan deyil.
Baxmayaraq ki, bütün bunlar təxminən 30 il bundan əvvəl baş vermişdi, amma
insanlar baş verənlərin izlərini, ağrılarını hələ də daşıyırlar. Bu, həm Natiq
Qasımovun ailəsində, həm bizim görüşüb-danışdığımız müharibə veteranlarında,
həm də digərlərində eynilə idi. Onu da deyim ki, elə adamlar var idi, onlar
bizə faktların açılmasında köməklik edirdilər, lakin kamera qarşısına keçmək
istəmirdilər.

Prodüser Ekard Seycer isə çəkiliş prosesinin texniki tərəfindən və məhz bu
situasiyada yaşanan çətinliklər barədə danışır.

– İlk olaraq, təsəvvür edin ki, bu istintaq faylı, yaxud cinayət işi kimi bir
şey idi. Eləcə də prosesi bir qətlin araşdırması kimi də təsəvvür edə
bilərsiniz. Yəni hadisə 25 il öncə baş verib və bir növ, polis bu cinayət işini
araşdırır. Qurbanın kim olduğu bəllidir, amma onun başına nə oyun gəldiyi bəlli
deyil. Bu məsələdə günahkar kimdir?

Ailənin müsahibə verməsi filmin ən asan və eləcə də ən həssas hissəsi idi.
Lakin Qarabağa getmək, həmin o kilsəni tapmaq, bax bu çətin idi. Hətta kilsəni
tapmaq üçün biz peyk görüntülərindən də istifadə etməli olduq. Bir az da bizim
şansımız gətirdi ki, kilsəni tapa bildik.

Kilsədən söz düşmüşkən, bu da filmdəki ən maraqlı hissələrdən biri idi. Natiq
Qasımov obrazını canlandıran şəxsin kilsəni müdafiəsi və kilsə döyüşü.

Kilsənin tapılması və ora qədərki yoldan isə rejissor özü danışır.

– Qarabağa gedərkən bir neçə Qarabağ müharibəsi veteranından müsahibə götürmək
istəyirdik. Ümid edirdik ki, onların danışdıqlarından yeni faktlar çıxara
bilərik. Lakin şəxsən mənim beynimin bir küncündə bir sual var idi: kilsəni
tapa bilərdikmi? Hansı ki biz orada, dediyiniz kimi, Natiq Qasımovun döyüş
səhnəsini təsvir etmişik. Heç kəs bilmirdi ki, o kilsə harada yerləşir. Lakin
müəyyən ipucları bizə yardım etmiş oldu. Onun alban, yaxud yunan-ortodoks
kilsəsi olması ilə bağlı da müxtəlif fikirlər var idi. Həmçinin kilsənin Ağdam
yaxınlığında olması ilə bağlı fikirlər də var idi. Mən peyk şəkillərinə baxdım,
səyahətçi bloqerlərin yazılarını, vloqlarını izlədim. Onların bəziləri qeyd
eləmişdilər ki, bəli, orada kilsə var, amma çox uzaqdadır, təxminən ən yaxın
kənddən iki-üç saatlıq uzaqlıqla yerləşir. Ən çətin məsələ ondan ibarət idi ki,
oraya – yəni kəndə çatdıqdan sonra kilsəyə gedən yolu dəqiq bilmək olmurdu.
Axırda nəhayət, gedib tapa bildik, bu həmin kilsə idi ki, döyüş məhz orada baş
vermişdi. Divarlarda döyüşü özündə əks etdirən güllə izləri qalırdı, bu, filmdə
də əks olunub. Natiq Qasımovun olduğu son döyüş yerini tapmaq, orada çəkiliş
etmək, məhz o situasiyanı filmləşdirmək inanılmaz bir şey idi. Bu hissi ifadə
etmək çətindir.

– Yaxşı, bəs rejissor kimi baş qəhrəmanla bağlı yekunda sualın cavabsız
qalması müəllifə narahatlıq vermirmi?

– Filmdə də göründüyü kimi, Natiq Qasımovun əsirlikdə olarkən qətlə
yetirildiyi iddia olunur. Hesab edirəm ki, bunu biz filmdə aydın şəkildə
göstərə bilmişik. Çünki bizim Ermənistandan olan müharibə iştirakçıları ilə də
danışığımız olub, onlar da Natiq Qasımovu görmüşdü. Amma o necə öldürülüb?
Bununla bağlı bizim bəzi anonim söhbətlərimiz oldu, onlar kamera qarşısına
çıxmağa hazır deyildilər. Ona görə də biz bu sual hissəsini cavabsız saxlamağa
məcbur olduq. Yəni qəhrəmanın taleyini auditoriyanın öhdəsinə buraxdıq. Çünki
biz filmdə əlimizdə olan müəyyən sübutları təqdim etmişdik. Bundan sonrasına
auditoriya özü qərar verəcəkdi. Nəhayət, filmdən də aydın oldu ki, Vitali
Balasanyanın cavab verməli olduğu suallar var. Amma ümumi mənzərə onu deyir ki,
Natiq Qasımov erməni əsirliyində öldürülüb.

Ekard Seycer isə sözügedən situasiyanı müharibə cinayəti adlandırır və Vitali
Balasanyanın mütləq şəkildə cinayət məsuliyyətinə cəlb olunmasını vacib hesab
edir.

– Bu, müharibə cinayətidir. Natiq Qasımov, fikrimcə, öldürülüb, lakin necə
öldürülüb, hansı şəraitdə öldürülüb, bax bu aydın deyil və
müəyyənləşdirilməlidir. Hesab edirəm ki, bizim hamımızın bununla bağlı
mülahizələrimiz var. Mülahizələrdən kənar, tamamilə aydın məqam odur ki, bu,
müharibə cinayətidir və Vitali Balasanyan məsuliyyətə cəlb edilməlidir.

Müsahiblərim xüsusilə Ermənistandakı söhbətlər və çəkilişlər zamanı anonim
qalmaq istəyən şəxslərin olduğunu deyir. Bütün bu anonimlik halları ortaya belə
bir sual çıxarır: görəsən, sırf film müstəvisinə daşınması məqbul sayılmayan,
qismən şübhə duyulan məqamlar da olmuş ola bilər. Rejissora növbəti sualım da
məhz bununla bağlı oldu.

– Cənab Sinqh, bu beş illik proses və araşdırma zamanı dəqiqliyinə şübhə ilə
yanaşdığınız, bu baxımdan, onu filmə salmadığınız, yaxud da elə təsdiqini
tapmış, lakin filmdə yer almasını lüzum bilmədiyiniz detallar oldumu?

– Yox. Mən hesab edirəm ki, biz təqdim olunması lazım olan faktların hamısını
təqdim eləmişik. Biz sənədli film çəkirdik, bizim bu çəkiliş prosesində əsas
hədəfimiz sənədli-sübutlu material təqdim etmək idi. O baxımdan, filmdə,
gördüyünüz kimi, italiyalı rejissorun çəkdiyi fotoları, həmçinin keçmiş
müharibə iştirakçılarını – müsahibləri təqdim etmişdik. Anonim qalan şəxslərin
verdiyi istiqamətlər bizə müəyyən detalların açılmasında yardımçı oldu. Bu, elə
filmi ərsəyə gətirən məqamlardandır. Bu şəxslər hərbi statusları haqqında,
gördükləri, şahid olduqları haqqında kifayət qədər məlumatlar veriblər. Vitali
Balasanyana həmin dövrə dair fotoları göstərdikdə o, öz hərbçilərini tanıdı,
etiraf etdi, amma özünü dandı. Siz auditoriyasınız, bütün bu sadalananları
götür-qoy edin və özünüz nəticə çıxarın.

Əslində, filmi izləyərkən müəllifin, yəni filmin ssenaristi və rejissorunun
Natiq Qasımov haqqında fikirləri qismən aydındır. Sadəcə bir də var, onu üzbəüz
bizə deməsi, etiraf etməsi.

– Bir rejissor kimi sizin Natiq Qasımova baxışınız aydındır, yaxşı, bəs
hadisələri araşdıran şəxs olaraq Natiq Qasımov barədə nə düşünürsünüz?

– Artıq qeyd elədiyim kimi, o vaxt Natiq Qasımov sıravi bir adam idi, o,
hərbçi olmayıb. Nəticədə, Natiq Qasımov olduqca qeyri-adi situasiya ilə üzbəüz
qalmışdı. O vaxt Xocalı faciəsi törədilmişdi. Xocalı faciəsi həm Azərbaycanda,
həm də dünyada hamını şoka salmış bir dəhşət idi. Və Natiq Qasımov da bu
hadisədən, daha doğrusu, faciədən təsirlənmişdi, müharibəyə könüllü surətdə
qatılmışdı. Prosesin davamında o, o qeyri-adi vəziyyətə düşdü və müdafiə
olunmağa başladı. Natiq Qasımov özündən hərbi güc baxımından, say baxımından,
texnika baxımından üstün olan tərəfə qarşı kilsəni və özünü müdafiə edib. Bu
bir qəhrəmanlıq nümunəsidir. Hesab edirəm, hər kəs maraqla düşünə bilər ki, biz
onun yerində olsaydıq, nə edərdik? Bax bu sual, doğrudan da, düşündürücüdür.

Natiq Qasımova edilən təklifin nəticəsində (Erməni əsirliyində olan
azərbaycanlıların sağ-salamat buraxılmasının əvəzində Natiq Qasımov silahı yerə
qoyub və təslim olub – red.) o, silahı yer qoydu və təslim oldu. Mən onun
qəhrəmanlığı haqqında adicə danışmaq istəmirəm, çünki bunu faktlar göstərəndə
daha yaxşı olur. Necə ki bütün faktlar onun qəhrəmanlığına işarə edir.

Filmin prodüseri Ekard Seycer isə, Natiq Qasımovun qəhrəmanlığını nəinki
bizlərin, biz azərbaycanlıların, eyni zamanda, qarşı tərəfin də etiraf etdiyini
qeyd edir.

– Bu, az qala, danılmaz bir faktdır. Görünən odur ki, onun cəsarəti, cəsurluğu
düşmənləri tərəfindən də etiraf edilir. Birinci məqam odur ki, o, kilsəyə
təkbaşına getmişdi, kilsəni təkbaşına müdafiə etmişdi. İkinci vacib məqam isə
odur ki, o, əsirləri xilas etmək üçün təslim olmuşdu. Onun mühasirəyə
alınmasında iştirak edən erməni hərbçilərdən biri də onun cəsurluğunu şəxsən
özü etiraf edib. Düşünürəm ki, bu, xüsusi vurğulanmalıdır.

Söhbətin bu yerində rejissor yenidən müdaxilə edir.

– Natiq Qasımov hekayəsinin güclü əsasları, güclü faktları var idi. Bu sənəd
əsaslı hekayə idi. Əlimizdə fotofaktlar var idi – onun sonuncu döyüşü ilə
bağlı, dindirilməsi ilə bağlı və sair. Bu çox vacib nüanslardan biridir, hansı
ki, bu, bir çox keyslərdə olmur. Əgər sənin sübutun varsa, sən emosional film
yarada bilərsən. Birinci və İkinci Qarabağ müharibələri arasında, yəni proses
olaraq çox böyük fərqlər var. Nəticə etibarilə, Azərbaycan artıq torpaqlarını
işğaldan azad edib. Bu iki müharibədə çoxlu insan hekayələri var: ailələr var
ki, öz evlərini tərk etmək məcburiyyətində qalıblar və artıq həmin ailələr öz
evlərinə geri dönürlər. Bütün bunlar insan hekayələridir əminəm ki, gələcəkdə
bununla bağlı filmlər çəkiləcək. Bunlar sənəd əsaslı sübutlardır ki, gələcək
nəsillər üçün, onların situasiyanı anlaması üçün olduqca vacibdir.

Cənab Sinqh bir qədər duruxur və ayağa qalxır.

– Məncə, siz yetərincə sual verdiniz. İndi mənim sizə sualım var.

– Buyurun, təbii.

– Siz təqdimatda olmusunuz, yəqin. Sizdə bu qədər sualın yaranması filmi yaxşı
analiz eləməyiniz deməkdir. Film haqqında siz nə düşünürsünüz. Bəyəndinizmi?

– Əlbəttə. Hətta mən düşünürəm ki, bir azərbaycanlı kimi sizə, sizin çəkiliş
komandanıza təşəkkür borcum var: Bu film üçün çox sağ olun!

– Bəs sizin üçün filmdə ən maraqlı səhnə hansı idi?

– Şübhəsiz ki, Vitali Balasanyanla olan müsahibə. Mən qəti şəkildə bunu
gözləmirdim: yəni Azərbaycan qəhrəmanı haqqında onun danışdırıla bilməsini.

Karan Sinqh prodüser Seycerə baxıb gülümsünür.

– Əlbəttə, bu çox maraqlı nüansdır. Sizə deyim ki, bizə Vitali Balasanyanın
müsahibə verməsi üçün razılıq gələn kimi çəkiliş heyəti ilə birgə dərhal yola
çıxdıq. Çünki düşünürdük ki, o birdən fikrini dəyişə bilər və biz bu şansı
qaçıra bilərik. Yolboyu da dayanmaq yox idi, ancaq irəli, tam sürətlə.

Bəs siz Natiq Qasımovun anasının fotolarla tanış olması səhnəsi barədə nə
düşünürsünüz?

– Bu həddindən artıq təsirli səhnə idi və məncə, filmin ən emosional hissəsi
idi.

– Bəli, tamamilə doğrudur. Ana ilə müsahibə hissəsi emosionallıq baxımından ən
çətin məqam idi. Amma biz başa düşürdük ki, bunu mütləq etməliyik, çünki bu çox
vacib detal idi. Müsahibənin yekununda Natiq Qasımovun anası bizə təşəkkür
etdi. O deyirdi ki, biz çox vacib bir işi araşdırırıq.

Prodüser Seycer əlavə edir:

– Ana ilə biz söhbət edərkən o ən xırda detallara qədər soruşurdu. Məsələn,
onun üçün Natiq Qasımovun əynində olan paltar belə maraqlı idi, onu narahat
edən məsələ idi.

– Natiq Qasımovu canlandıran obrazı tapmaq necə baş verdi?

Hər ikisi eyni məğrur və təəccüblü baxışla reaksiya verirlər:

– Bu, sadəcə bir şans məsələsi idi. Biz prodüser Seycerlə bərabər həmin obraz
üçün bizə təqdim edilən adamların şəkillərinə baxdıqda birdən onu gördük və
dərhal dedik: bu bizim axtardığımız adamdır.

Cənab Sinqhə təqdimatdan sonra Bakıya səfərinin məqsədinizi soruşduqda isə
cavabı bu oldu:

– Mən sizə müsahibə üçün buradayam (gülür).

Source link