Azərbaycanlı boksçu Ramil Hacıyevin Bakıda keçiriləcək gənclər arasında WBC versiyası üzrə döyüşdəki rəqibi Ti Lin Consun İngiltərənin “Çelsi” futbol klubunun sabiq qapıçısı olduğu müəyyənləşib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə 23 yaşlı boksçunun özü “The Sun”a müsahibəsində bildirib.
O, 16 yaşına qədər futbolla məşğul olduğunu, “Çelsi” ilə yanaşı, İngiltərənin “Kristal Pelas” və “Çarlton” komandalarının qapısını qoruduğunu bildirib.
Britaniyalı boksçu döyüş təklifini maraqlı formada aldığını qeyd edib. Cons tanımadığı şəxsin ona sosial şəbəkə vasitəsilə müraciət etdiyini söyləyib:
“Facebook”da bir əcnəbi şəxsdən mesaj aldım. Sosial şəbəkədə bizim ortaq dostumuz yox idi. Təsadüfi ismarıcları tez-tez almadığım üçün cavab verdim.
“Sənin üçün başqa ölkədə döyüş var, istərdin?”, – deyə soruşdu. Onun sözlərini inandırıcı hesab etdiyim üçün mənim çıxış etdiyim “MTK Global” komandasının əlaqə nömrəsini verdim və söhbəti unutdum. Çünki bu döyüş mənə real görünmədi.
Təxminən üç həftə sonra zəng etdilər ki, mənim üçün təklif var. Döyüş təklifini qəbul edəndə, Azərbaycanın Avropada olduğunu düşünürdüm. Oranın bu qədər uzaqda yerləşdiyini zənn etmirdim. Amma bu, yaxşı imkandır”.
Döyüşçünün yaxınları bu səfər haqda eşidərək ona Bakıda heç nə yeməməyi xəbərdarlıq edib. Ona bildirilib ki, plov, qutab və qovurma kimi xörəklərdən uzaq dursun. Keçmiş həvəskar boksçu Maylz Şinkvin Consa özü ilə əriştə götürməyi tapşırıb. Cons özü ilə Bakıya sevgilisini götürəcəyini və ona yemək məsələsində yardım edəcəyini bildirib.
Qeyd edək ki, 10 raundluq döyüş mayın 4-də Bakı İdman Sarayında baş tutacaq boks gecəsi çərçivəsində keçiriləcək. Bu, 76,2 kq çəki dərəcəsində çıxış edən super ortaçəkili Ramil Hacıyevin gənclər arasında WBC versiyası üzrə çempion titulunu qorumaq üçün ilk döyüşü olacaq.
Onu da bildirək ki, Odessada yaşayan Ramil Hacıyev Ukrayna çempionu, 2013-cü ildə gənclər arasında dünya çempionu və 2014-cü ildə gənclər arasında Olimpiya çempionu olub.
S.T.
www.ÇıxışYolu.Com