f900a0b7-9682-4ab5-8f57-5660664b3ea4..jpg

Olimpiya çempionu: “Ulu öndər bütün idman növləri ilə xırdalıqlarına qədər maraqlanırdı” – FOTO

Baxış sayı: 4. 513 dəfə baxılıb.

Olimpiya çempionu: “Ulu öndər bütün idman növləri ilə xırdalıqlarına qədər
maraqlanırdı” – FOTO

“Heydər Əliyev bütün idman növləri ilə xırdalıqlarına qədər maraqlanırdı”.

Bunu “Report”a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti
Zemfira Meftəhəddinova Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini
danışarkən deyib.

Sidney-2000 Yay Olimpiya Oyunlarının stend atıcılığı üzrə qızıl medalçısı
bildirib ki, dahi şəxsiyyətlə ilk belə görüş 1995-ci il martın 5-nə təsadüf
edib:

“Çox böyük tədbir idi. Həmin vaxt müxtəlif mükafatlar təqdim olunmuş,
idmançılar təltif edilmişdilər. Mənimlə yanaşı, bir qrup idmançıya “Tərəqqi”
medalı verilmişdi. Bu cür dahi şəxsiyyətlə görüşmək, onun əlindən mükafat almaq
tək idmançı yox, hər kəs üçün fəxrdir. Bu, biz idmançılara daha ciddi uğurlar
qazanmaq üçün stimul verirdi. Görüş vaxtı uzun söhbət alınmadı. Çünki
idmançılar çox idi. Məni təbrik etdi, uğurlar arzuladı. İdmançılar haqqında xoş
sözlər işlətdi. Fəxr edirəm ki, ulu öndərlə görüşdüm”.

Meftəhəddinovanın sözlərinə görə, Ümummilli Liderlə növbəti görüş 2000-ci ildə
olub:

“Sidney olimpiadasından əvvəl və sonra da bizi qəbul edib mükafatlandırdı.
Həmin Oyunlarda Azərbaycan ilk dəfə stend atıcılığında təmsil olunurdu.
Yolasalma mərasimində Heydər Əliyev dedi ki, bizim ilk məqsədimiz orada iştirak
etməkdir. Qismət oldu, qızıl medal qazandım və uzaq Avstraliyada himnimiz
səsləndi. Oktyabrın 18-də Ümummilli Lider idmançılarla görüş keçirdi, mənə də
“Şöhrət” ordeni verdi”.

MOK rəsmisi Heydər Əliyevin hər sahə ilə olduğu kimi, idmanla da yaxından
maraqlandığını vurğulayıb:

“Həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina deyir ki, Ümummilli Lider
1976-cı ilin Monreal Olimpiadasında onların iştirakı ilə keçirilmiş bütün
oyunları izləyirdi. Olimpiadadan sonra idmançıları qəbul edib. Orada bütün
oyunlara aid sual verib, hətta vurulan qollarla maraqlanıb”.

Olimpiya çempionu Heydər Əliyevin onun yaddaşında dahi şəxsiyyət kimi
qaldığını söyləyib:

“Bütün dünyada onu tanıyırlar, kifayət qədər hörməti var. Mənim üçün çox böyük
insan idi. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdandan sonra ölkəmiz
inkişaf etməyə, çiçəklənməyə başladı. İdman da inkişaf yoluna qədəm qoydu. Ona
görə də yaddaşımda əsl ölkə rəhbəri, dahi lider kimi qalıb. O, bizim Ümummilli
Liderimizdir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il ulu öndərin
anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib.

Source link