Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə yığma komandası Türkiyənin Antalya şəhərində keçirilən “Turkish Open” beynəlxalq turnirində uğurla çıxış edib.
ÇıxışYolu.Com xəbər verir ki, Türkiyədəki yarışda 14-ü kişi və 6-sı qadın olmaqla, ümumilikdə iyirmi taekvondoçu ilə təmsil olunan komandamızın altı üzvü medal qazanıb.
Kişilərin yarışında mübarizə aparan taekvondoçumuz Milad Beiqi Hərçəqani (-80 kq) və qadın idmançımız Patimat Abakarova (-53 kq) rəqiblərinə qalib gələrək yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Olimpiya çempionumuz Radik İsayev (+87 kq) və Həşim Məhəmmədov (-58 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib olub.
Digər təmsilçimiz Məhəmməd Məmmədov (-68 kq) və Ramin Əzizov (-87 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənib.
Beləliklə, 51 ölkədən 1615 idmançının qatıldığı, sayca altıncı olan G1 kateqoriyalı turnirdə millimiz aktivinə iki qızıl, iki gümüş və iki bürünc medal əlavə edib. Yığmamız fevralın 19-da Vətənə qayıdacaq.
Ölkəmizi bu yarışlarda beynəlxalq dərəcəli hakimlərdən Gündüz Abdullayev, Oh Kvanq Çeol, Coşqun Nadirov və Nigar Hacıyeva təmsil edib.
Qeyd edək ki, fevralın 11-12-də Antalyada təşkil edilən “Prezident kuboku” uğrunda yarışda qüvvəsini sınayan Azərbaycan taekvondoçuları turnirdə dörd medal qazanmışdı.