Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına 100 gün qalmış məşəl İtaliyanın paytaxtı Romadan Azərbaycana ötürülüb.
ÇıxışYolu.Com-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, lX əsrdə Dostluq və Qardaşlıq simvolu olaraq Roma İmperatoru Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa Olimpiya Gənclər Festivalınının məşəlinin yandırılma və Azərbaycana ötürülmə, eyni zamanda, oyunların simvolu olan Zeytun ağacının Azərbaycana təqdim edilmə mərasimləri baş tutub.
Tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Olimpiya Gənclər Festivalına məsul digər rəsmilər təmsil edib.
Keçirilən mətbuat konfransında xarici jurnalistlərə bildirilib ki, bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş Crystal Hall bu il açılış mərasinin keçiriləcəyi məkan olacaq.
Bununla yanaşı, təqdimat mərasimində Fərid Mansurov (Yunan-Roma güləşi. Olimpiya çempionu 2004, dünya çempionu 2007, 2009), cüdoçu Kəramət Hüseynov (2017, U-23 Avropa çempionatı bürünc medal və 2018 böyüklər arasında Avropa Kuboku, bürünc medal) və voleybolçu Raziyə Əliyeva (2018 yeniyetmələr arasında voleybol çempionatı, qizil medal) iştirak edib.
Daha çox, nəsillərin məşəli bir-birinə ötürməsi kimi xarakterizə olunan mərasimdə Fərid Mansurov məşəli Yanej Koyançiçə, o isə gənc Raziyə Əliyevaya təqdim edib.
Səbuhi MUSAYEV