Olimpiya mükafatçımızın medalı əlindən alındı

Baxış sayı: 2. 985 dəfə baxılıb.

Olimpiya mükafatçımızın medalı əlindən alındı

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İntizam Komissiyası Azərbaycana 2012-ci ildə Olimpiya bürünc medalını qazandırmış Valentin Xristov barədə qərar çıxarıb.

BOK-un saytında yer alan qərara görə, təkrar analiz zamanı qanında qadağan edilmiş dehidroxlormetiltestosteron (oralturinabol) maddəsi tapıldığı üçün Xristovun Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında qazandığı medal və diplomu qaytarmaq əmr olunur.

Ona görə də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından 56 kq çəki dərəcəsində bu dəyişikliyi qeyd etməyi və hər hansı addımı öz səlahiyyəti daxilində nəzərdən keçirmək tələb edilib.

Azərbaycan Milli Olimpiya Komitəsi isə bu qərarın tam yerinə yetirilməsini təmin etməlidir.

Qeyd edək ki, Valentin Xristov 2011-ci ildə Azərbaycan millisinə gətirilmiş Bolqarıstan türküdür. O, Nərgiz Paşayeva adlı keçmiş azərbaycanlı futbolçu ilə ailə həyatı qurub.

O, 2013-cü ildə Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında  dehidroxlormetiltestosteron (turinabol) maddəsindən istifadə etdiyi üçün iki il müddətinə cəzalandırılıb.

Lakin 2015-ci ildə ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında qanında nandrolon maddəsi tapıldığı üçün qazandığı bürünc medaldan məhrum edilib. Bu səbəbdən həmin ilin dekabrın 14-dən səkkiz il müddətinə cəzalandırılıb.

Hazırkı qərar isə onun ötən ilin dekabrın 22-də qanında qadağan olunmuş maddənin tapılmasına görə çıxarılıb. Bununla da onun aktivində bir dünya üçüncülüyü və iki Avropa çempionluğu qalıb.

Qeyd edək ki, artıq Azərbaycanın təcrübəsində Olimpiya medalını qaytarmaq kimi acı təcrübə var. Belə ki, yunan-Roma güləşçimiz Vitali Rəhimov 2008-ci il Pekin Olimpiadasında gümüş medal qazansa da, onun dopinq nümunəsinin təkrar analizi zamanı dopinqdən istifadə etdiyi müəyyənləşib. Buna görə 2016-cı ilin 17 noyabrında idmançımız medaldan məhrum edilmişdi. 

Səbuhi MUSAYEV