“Olimpiya”nın kapitanından iddia: “Qarabağ” tam hazır deyil

Baxış sayı: 2. 641 dəfə baxılıb.

“Olimpiya”nın kapitanından iddia: “Qarabağ” tam hazır deyil

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Sloveniyanın “Olimpiya” klubunun baş məşqçisi İliya Stolitsa və kapitanı Branko İliç mətbuat konfransına çıxıb.

ÇıxışYolu.Com xəbər verir ki, Stolitsa onları çətin oyun gözlədiyini bildirib:

“Rəqibi təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. “Qarabağ”ın heyətində bir sıra dəyişikliklər edildiyindən xəbərdarıq. “Qarabağ” keyfiyyətli, yüksək səviyyədə təşkilatlanmış komandadır.

Yəni Çempionlar Liqasının qrup mərhələsində iştirak etmələri təsadüf deyil. Bu üzdən bizi çox çətin oyun gözləyir. Ancaq hansı səviyyədə olduğumuzu görmək üçün yaxşı sınaq olacaq. Klub rəhbərliyini və azarkeşlərimizi razı salmağa çalışacağıq”.

İliç isə Ağdam komandasında kifayət qədər dəyişikliklər olduğundan, mövsümə hazır olmadığını qeyd edib: 

“Qarabağ”ın Kiyev “Dinamo”su və “Ludoqorets”lə yoxlama oyunlarını izləmişik. “Qarabağ” bu matçlarda yaxşı oynamaq üçün yetərincə səviyyəyə malik olduğunu göstərdi. Amma rəqib komandanın heyətində kifayət qədər dəyişikliklər olub. Bu üzdən də rəqibimiz yeni mövsümə tam hazır deyil. Ümumilikdə, “Qarabağ” yaxşı komandadır. Lakin biz də özümüzə güvənirik. Hazırlıq prosesində inkişafa nail olmuşuq və mərhələ keçəcəyimizə ümid edə bilərik.

Düşünürəm ki, toplanış müddətində məşqçimizin istədiklərinin hamısının öhdəsindən gəldik. Sabah “Qarabağ”ı bizim oyunumuzu oynamağa məcbur etməyə çalışacağıq. Bunun üzərində işləmişik. Çox təhlillər aparmışıq. Xüsusilə, öz oyunumuzu təhlil edib, səhvləri aradan qaldırmışıq. Qarşılaşacağımız komandanın güclü olması daha yaxşıdır. Qalib gələcəyimizi söz verə bilmərəm. Lakin yaxşı oynamağa, ötənilki səhvləri təkrarlamamağa çalışacağıq”.

Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

S.M.
www.ÇıxışYolu.Com