Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 15:00-a olan
məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı
hava şəraiti müşahidə olunur.
Bu barədə Cixisyolu.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Qax, Balakən, Altıağac,
Quba, Qusar, Xaçmaz, Zaqatala, Şəki, Ağsu, Xaltan, Şabranda arabir yağış,
Şahdağda isə qar yağıb.
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 18,
aran rayonlarında 20, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub.
12:17
Hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır və küləkli hava şəraiti
müşahidə olunur, mülayim şimal-qərb küləyi əsir.
Bu barədə Cixisyolu.com-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova
bildirib.
O qeyd edib ki, axşam və gecə yarımadanın bəzi yerlərində yağıntıların leysan
xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var:
“Sabah səhər saatlarından yağış tədricən kəsiləcək. Narıncı xəbərdarlığa uyğun
olaraq, oktyabrın 26-da axşama doğru şimal-qərb küləyinin arabir 20.8-28.4
m/s-dək güclənəcəyi gözlənilir. Oktyabrın 27-si səhər saatlarından şimal-qərb
küləyi mülayimləşəcək”.
G.Abbasova hazırda şimal-qərb rayonlarından başlayaraq Qəbələ, Şabran, Quba ,
Şəki, Xaçmaz, Qusar, Oğuz, Qax, Daşkəsən, Balakən, Zaqatalada arabir yağıntılı
hava şəraitinin müşahidə olunduğunu, Şahdağda isə qar yağdığını qeyd edib:
“Bölgələrdə yağıntılı hava şəraitinin oktyabrın 27-si günün ikinci yarısınadək
davam edəcəyi, xüsusən də, Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur,
Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara
zonasında yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı,
dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gözlənilən leysan
xarakterli yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik
Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli
daşqın və sel keçəcəyi ehtimal olunur”.
10:44
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Cixisyolu.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 10:00-a olan
məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin
gecə şimal-qərb rayonlarından başlayaraq arabir yağış, Şahdağda isə qar yağıb.
Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm təşkil edir. Düşən yağıntının miqdarı
Qəbələdə 6 mm, Şabran, Quba, Şəkidə 4 mm, Xaçmaz, Qusar, Oğuzda 2 mm, Qax,
Daşkəsən, Balakən, Zaqatala, Şahdağda 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir Şəkidə 15 m/s-dək güclənmişdir.
Sumqayıt, Quba, Qusar, Qrız, Xaltan, Altıağacda duman müşahidə olunub. Havanın
minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 2-7
dərəcə isti, Aran rayonlarında 8-13 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 3
dərəcəyədək şaxta qeydə alınıb.