Ölkə sərhədlərini aşan startaplarımız – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Startaplar yeni biznes istiqaməti kimi sürətlə inkişaf edir və unikal
ideyaları ilə davamlı yeniliklər gətirməklə həyatımızı asanlaşdırırlar. Son
dövrlər uğurlu azərbaycanlı startaplarımızın sayı sürətlə artmaqdadır. Buna
səbəb həm də dövlət tərəfindən startap ekosisteminə göstərilən diqqət,
innovativ ideyaların yaranmasını və inkişafını dəstəkləyən dövlət dəstəyi
mexanizmlərinin işə salınmasıdır. Bu cür dəstəklər gəncləri stimullaşdırmaqla
yeni ideyaların yaranmasına və startap layihələrini inkişaf etdirməklə ölkə
hüdudlarından kənara çıxarmağa dəstək olur.
Bu yaxınlarda Azərbaycan startapı “Dr.Agro” Niderland şirkəti tərəfindən satın
alınıb. Onlayn təhsil platforması olan “Metatesk” startapının təsisçisi Günay
İmanzadə “Forbes” jurnalının dərc etdiyi “30 UNDER 30” siyahısında yer alıb.
Azərbaycanlı gənclər tərəfindən qurulmuş “Unibroad” təhsil platforması dünyanın
ən yaxşı təhsil startapları arasında London şəhərində “Microsoft”, “Meta”,
“Samsung” kimi şirkətlərin məhsulları ilə birgə sərgilənib. Kağız çeklərin
rəqəmsallaşması platforması olan “Recepta” startapı isə ölkəmizi 7-9 may
tarixlərində Əbu-Dabi şəhərində keçirilən və dünyanın 100-ə yaxın ölkəsindən
startapların öz layihələrini investorlara təqdim etdiyi İllik İnvestisiya
Toplantısında (AIM Congress) təmsil edərək, münsiflər heyətinin favorit
layihələri arasında yer alıb.
Azərbaycan startaplarının qeyd edilən uğurları yalnız son bir neçə ayda əldə
olunmuş nailiyyətlərdir. Bu startapları birləşdirən başlıca ortaq nöqtə isə
onların layihələrinin inkişafına dövlət tərəfindən dəstək göstərilməsidir.
Adıçəkilən layihələrin dördünə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) təmin etdiyi dövlət dəstəyi çərçivəsində “Startap” şəhadətnaməsi
verilib. Bu sənəd layihələri üç il müddətində innovasiya fəaliyyətindən əldə
etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad edib. Bu isə
startaplara layihə üzərindən əldə etdikləri qazancı layihənin daha da inkişaf
etdirilməsinə yönəltməyə imkan verib. Sənəd həm də yerli və xarici
investorlardan sərmayə cəlb edilməsi zamanı layihəyə üstünlük qazandırır,
müvafiq ekosistemə daha asan inteqrasiya etməkdə dəstək olur. “Dr. Agro”
layihəsi isə “Startap” şəhadətnaməsi ilə yanaşı, KOBİA tərəfindən keçirilmiş
4-cü qrant müsabiqəsinin qalibi kimi 16 min manat həcmində maliyyə dəstəyi də
alıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında KOBİA tərəfindən mikro və
kiçik sahibkarlara 22, indiyədək isə 145 “Startap” şəhadətnaməsi verilib. KOBİA
tərəfindən keçirilmiş dörd qrant müsabiqəsi çərçivəsində isə aralarında startap
layihələrinin də olduğu 58 layihənin maliyyələşdirilməsinə dəstək məqsədilə
ümumilikdə bir milyon manatdan çox qrant vəsaiti ayrılıb.
Adıçəkilən startaplar dövlət dəstəyi hesabına layihələrini inkişaf etdirmiş və
dünya bazarına çıxara bilmiş Azərbaycan startaplarından yalnız bir neçəsidir.
Dövlətin də dəstəyi ilə hazırda layihələrini inkişaf etdirən, onları gəlirli
biznesə çevirmək yolunda uğurla addımlayan startaplarımızın daha böyük
nailiyyətləri isə qarşıdadır.