Ölkədə fındıq istehsalı və ixracı artsa da, idxal azalmır – “KASPİ”nin ŞƏRHİ +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan fındıq istehsalı üzrə ixtisaslaşmış ölkələrdəndir. Hətta dünya
ölkələrinə fındıq ixracında ilk sıralardayıq. Amma statistikaya əsasən,
ölkəmizə Türkiyədən fındıq idxal olunur.
Mövzu ilə bağlı “Kaspi”
qəzetinin məqaləsini təqdim edirik
Bu ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana 31 min ABŞ dolları
dəyərində fındıq və fındıq məhsulları idxal edilib. Bu, ötən ilin müvafiq
dövrünə nisbətən 27,5 faiz çoxdur. Ölkəmiz fındıq istehsalı və ixracı üzrə
dünyada ilk sıralardadır. Hazırda da müxtəlif ölkələrə keyfiyyətli fındıq ixrac
edirik. Bəs özümüz əsas ixracatçılardan olduğumuz halda,
Türkiyədən fındıq idxalının səbəbi nədir?
İxrac qarşısında idxal çox cüzidir
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru
Firdovsi Fikrətzadənin sözlərinə görə, ölkəmizə Türkiyədən fındıq idxalının
səbəbi istehsalla bağlı deyil. Çünki istehsalımız hər il artan dinamika ilə
inkişaf edir:
“2021-ci ildə 49 min ton, 2022-ci ildə 51 min ton, 2023-cü ildə də 75 min ton
fındıq istehsal edilib. Yəni istehsalda azalma baş verməyib. İxrac ediriksə, bu
o demək deyil ki, daha idxal olmayacaq. İxrac rəqəmlərimiz qarşısında idxal çox
cüzi qalır”.
Hansısa şirkətin idxalı ajiotaj yarada bilər
İqtisadçı Rəşad Həsənov isə düşünür ki, xaricdən məhsul idxal edilməsi
insanların seçimlərinə görə dəyişə bilər:
“Nə istehsal etməyimizin fərqi yoxdur. Çünki bazar iqtisadiyyatıdır.
İstehlakçı yerli məhsulu da, idxal edilmiş məhsulu da ala bilər. Bu, bazarın
tələbidir. Hər məhsulun alıcısı müxtəlifdir. İdxal gələcəkdə də davam edə
bilər. Qısamüddətli dövr üçün münasibət bildirmək doğru deyil. Dinamikanı
izləmək üçün müəyyən dövr tələb olunur ki, trendlərin hansı istiqamətdə
dəyişdiyini görək. Bəzən hansısa şirkətin bir ay, bir rüb üçün idxal-ixrac
əməliyyatları göstəricilərdə əksini tapır və ajiotaja səbəb olur. Çünki
bazarımız çox kiçikdir”.
Qablaşdırıldıqdan sonra yenidən ölkəmizə gətirilir
Ekspertin fikrincə, buna ölkəmizdə emal sənayesinin zəif olması da təsir edir:
“Yerli istehsal son istehlak halına gətirilmir. Yaxud standartlara uyğun
təşkil olunmur. Əksər hallarda fındıq ixracımız da Türkiyə üzərindən həyata
keçirilir. Ölkəmizdən xammal şəklində Türkiyəyə göndərilir. Orada emal olunur,
təmizlənir, standartlara uyğun brendləşdirilir, sonra Türkiyə məhsulu kimi
bazarlara çıxır. Ola bilər ki, orada qablaşdırıldıqdan sonra yenidən ölkəmizə
gətirilsin. Bu istiqamətdə müəyyən çatışmazlıqlar var”.
İstehsal normaldır, amma məhsul ucuzdur
15 ildir fındıq bağlarına qulluq edən fermer Eldəniz Doldolovun sözlərinə
görə, fındıq idxalı heç bir sahibkara sərf etməz:
“Fındıq istehsalında heç bir problem yoxdur. Sadəcə satışında problem
yaşayırıq. Çünki qiyməti aşağıdır. İdxal edilməsi real görünmür. Çünki
Türkiyədə fındıq daha bahadır. Həmçinin bu məhsulu Azərbaycana gətirən şəxs 36
faiz ƏDV ödəməlidir. O, məhsulu bura gətirib yüksək qiymətə satsa, bu zaman da
alıcısı olmayacaq. Gətirən şəxs əgər on dollara bu məhsulu alırsa, burada 13
dollara satmalıdır. Amma heç biz o qiymətə sata bilmirik”.
Türkiyə fındığı daha uyğundur
E.Doldolov bildirib ki, Türkiyədən məhsul özü gətirilməsə də, fındıq
tinglərinin gətirilməsi mümkündür:
“Tinglər Türkiyədən, İtaliyadan, Gürcüstandan gətirilir. Onlar təkgövdəli
fındıqlardır, xüsusi sortdur, daha yağlıdır. Bir hektar üçün nəzərdə tutulan
məhsuldarlığı çoxdur. Bizim yerli ağac sortlarımızı bir hektar ərazidə 100-150
ədəd əkmək olursa, həmin sortdan 660 ağac əkmək mümkündür. Təkgövdəli sort bir
ildən sonra məhsul verməyə başlayır. Bizim ağaclarımız 3-4 il sonra bar
gətirir. O ağacı budamaq, məhsulu yığmaq daha rahatdır. Həmin ağacın fındıqları
daha ağırdır. Məhsuldarlıq bizim fındıqlarda üç tondursa, təkgövdəlidə yeddi
tondur. Hətta yerli ağacları çıxarıb bu sortu əkənlər də var”.
Fermerlər sərmayə yatırmaqdan çəkinirlər
Fermerin fikrincə, əgər fındıq sahələri olanlar bağlarına bir az qulluq
etsələr məhsuldarlığı daha da artırmaq mümkündür:
“Azərbaycanda fındıq istehsalının daha da artması üçün bağlara qulluq
edilməlidir. Amma fındıq bağlarımıza qulluq, demək olar ki, yoxdur. Bağların
heç on faizinə lazım olan qulluq göstərilmir. Ona görə məhsuldarlıq aşağıdır.
Məhsuldarlığı artırmaq üçün həm aqrotexniki tədbirlər görmək, həm də düzgün
gübrələmə aparmaq lazımdır. Fermerlər bu işləri yerinə yetirmir. Ancaq
şirkətlərin ixtiyarında olan bağlara xidmət göstərilir. Hər kəndlinin 1-2
hektar fındıq bağı var. Fermerlər ağacları payızdan sonra özləri budaya bilər,
amma əziyyət çəkmək istəmirlər. Bazarda qiymətin aşağı olması səbəbindən də
fermerlər bu sahəyə sərmayə yatırmaqdan çəkinirlər”.