23fb5ea7-d46d-4008-8380-b8a1d6e83242.jpg

Ölkəmizdə elektrikli avtomobillərə maraq artıb: Bəs usta, ehtiyat hissələrini necə tapaq? – PROBLEM

Baxış sayı: 114 dəfə baxılıb.

Bütün dünyada olduğu kimi, ölkəmizdə elektrikli avtomobillərə maraq artıb.
Satış göstəriciləri də bunu sübut edir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə çıxışı
zamanı bildirib ki, ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı
60 faiz artıb. Həm ekoloji, həm də iqtisadi baxımdan bu avtomobillər olduqca
sərfəlidir. Elektrikli avtomobillər təmiz enerji ilə işlədiyi üçün karbon
emissiyalarını azaldır və ətraf mühitə daha az zərər verir. Həmçinin yanacaq
xərcləri də ənənəvi daxili yanma mühərrikləri ilə müqayisədə aşağıdır. Lakin
müsbət tərəfləri çox olsa da, əhalinin bir qismində elektrikli avtomobillərə
inam tam formalaşmayıb. Kimisi şarj stansiyalarının azlığından ehtiyat edir,
kimisi usta çatışmazlığından, kimisi də xidmət mərkəzlərinin az olmasından
narahatdır.

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Məlumat üçün bildirək ki, 2024-cü ilin mart ayında Prezident İlham Əliyev
ölkədə elektromobillərdən istifadənin təşviqi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi,
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin təklifləri əsasında hökumətə bir ay
ərzində elektrik şarj stansiyalarının yerləşdirilməsi və quraşdırılması
yerlərini müəyyən etmək tapşırılıb.

Şarj stansiyaları ilə bağlı problem olmayacaq

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev
“Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, hazırda Bakı və bölgələr üzrə
quraşdırılmış şarj aparatlarının sayı 200-ü keçib: “İlin sonuna qədər bu
rəqəmin artması planlaşdırılır. Hazırda elektrikli avtomobillərin
infrastrukturu ilə bağlı aidiyyəti qurumlar və özəl sektor tərəfindən işlər
aparılır. Əvvəllər elektromobillərlə bölgələrə səfər etməyə qorxub
çəkinirdiksə, indi rahatlıqla gedə bilirik. Çünki şarj stansiyaları ilə bağlı
problem olmayacaq. Biz assosiasiya olaraq avqust ayında elektrikli
avtomobillərin böyük bir karvanı ilə Nabrana yürüş etdik. Əyani olaraq
göstərdik ki, bir dəfə şarj etməklə, Bakıdan Nabrana gedib, qayıtmaq mümkündür.
Həmçinin Qəbələ istiqamətinə də yürüş planlaşdırırıq. Bununla da sübut edəcəyik
ki, elektromobillərlə rahatlıqla dağlıq yollara, uzaq məsafəyə getmək
mümkündür”.

Avtomobildə hansısa problem yarandıqda…

Məlumdur ki, elektrikli avtomobillərlə bağlı sürücüləri narahat edən ikinci
məqam ehtiyat hissələrinin azlığı, ixtisaslı usta çatışmazlığıdır. Mütəxəssis
bildirir ki, avtomobili rəsmi nümayəndəlikdən aldıqda, onun ustası da, zəmanəti
də, ehtiyat hissəsi də olur: “Amma tanımadığınız şirkətlərdən, fərdi şəxslərdən
aldıqda, avtomobilin servisə ehtiyacı olan vaxt nə ustasını tapacağıq, nə
zəmanət verənini, nə də ehtiyat hissələrini. Çünki avtomobillər müxtəlif
növlərdə bazara daxil olur. Bəzən görünüş, marka eynidir, amma onun 2-3
versiyası ola bilər. Bir çox hallarda avtomobildə sıradan çıxan detal məhz bu
fərqliliklə bağlı olur. Ona görə də avtomobili rəsmi idxalçıdan almaq
məsləhətlidir. Bu zaman avtomobildə hansısa problem yarandıqda, döyüləcək
qapını tanıyırsınız. Düzdür, rəsmi idxalçılarla fərdi satanlar arasında qiymət
fərqi var. Amma biz artıq pul ödəməklə gələcəkdə yarana biləcək hadisələrdən
özümüzü sığortalaya bilirik”.

Vətəndaşda elektromobil almağa güvən yaranır

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bu ilin ilk səkkiz ayı ərzində
ölkəyə daha çox elektromobil gətirilib: “Məlumdur ki, ölkədə elektromobillərin
idxalına hər hansı gömrük və vergi rüsumu tətbiq edilmir. Bu gün siz ölkəyə 50
min manat civarında elektromobil gətirdikdə, təxminən, 300 manat rüsum
ödəyirsiniz. Bu, həm fərdi avtomobil gətirən vətəndaşlar, həm də hüquqi
şəxslər, sahibkarlar üçün olduqca sərfəlidir. Əvvəllər elektromobillər daha çox
qeyri-rəsmi gətirilirdi və rəsmi xidmət mərkəzləri olmurdu. Artıq bunlar rəsmi
diler və distributorlar tərəfindən gətirilir, bu da özlüyündə vətəndaşda
elektromobil almağa güvən yaradır”.

İlin sonuna qədər ən azı 500 enerjidoldurma məntəqəsi olacaq

Enerjidoldurma məntəqələrinin sayına gəldikdə isə, mütəxəssis bildirir ki, bu
məntəqələrin yaradılması üçün lazım olan avadanlıqlar da dövlət tərəfindən
idxal zamanı rüsumlardan azad edilib: “Bu da sahibkarlar üçün fürsətdir ki, bu
avadanlıqları gətirsinlər və enerjidoldurma məntəqələrinin sayını artırsınlar.
Bu gün 300-ə yaxın enerji doldurma məntəqəsi var, onun təxminən 200-ü dövlət
tərəfindən quraşdırılıb, qalanlarını isə özəl qurumlar özləri təşkil edirlər.
Bu say durmadan artır. Hər gün “Azərişıq” tərəfindən ən azı bir enerji doldurma
məntəqəsi quraşdırılır. Düşünürəm ki, bu ilin sonuna qədər ölkə üzrə ən azı 500
enerjidoldurma məntəqəsi olacaq. Elektromobillərin sayı enerjidoldurma
məntəqələrinin sayına mütənasibdir. Bu o deməkdir ki, enerjidoldurma məntəqəsi
nə qədər çox olacaqsa, elektromobillərin sayı da bir o qədər artacaq”.

Elektromobil almaq üçün iki əsas şərt

Mütəxəssis də təsdiqləyir ki, elektromobil istifadəçilərinin bəzilərinin
şikayəti ehtiyat hissələrinin və ustasının olmaması ilə bağlıdır: “Bu da ondan
irəli gəlir ki, bizim vətəndaşlar bəzən ölkədə rəsmi dileri fəaliyyət
göstərməyən elektromobilləri alırlar. Bu zaman əlbəttə ki, onların nə ustası
olur, nə də ehtiyat hissəsi. Ona görə də biz vətəndaşlarımıza tövsiyə edirik
ki, ölkədə rəsmi servisi olan və Avropa standartlarına cavab verən, yəni Avropa
üçün istehsal olunan elektromobilləri alsınlar ki, təmir zamanı hər hansı
problem yaşamasınlar. İkinci əsas məqam odur ki, elektromobil alarkən çalışmaq
lazımdır onun zəmanəti olsun. Vətəndaşlarımız bu iki əsas şərtlərə əməl
etsələr, problem yaşamazlar”.

Source link