e14e429a-a9e5-44eb-bab6-109c12993af9..jpg

Ölkəmizdə elektromobil sahibləri hansı problemlərlə üzləşirlər? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 777 dəfə baxılıb.

Ölkəmizdə elektromobil sahibləri hansı problemlərlə üzləşirlər? – “Kaspi”nin
ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada və Azərbaycanda elektromobillərə maraq artır. Hər il ölkəyə idxal
olunan elektriklə işləyən avtomobillərin sayında sürətli artım müşahidə edilir.
Lakin şarj aparatları (enerji doldurma aparatları) ilə bağlı problemlər hələ də
qalmaqdadır. Bəzi küçələrdə səkilərə belə aparatlar quraşdırılıb. Lakin yolun
kənarında saxlanılan maşınlar elektrik avtomobillərinə şarj aparatından
istifadə etməyə imkan vermir. Bəs enerji doldurma aparatları harada
quraşdırılmalıdır? Ölkəmizdə elektromobil sahibi olanlar başqa hansı
problemlərlə üzləşirlər?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bakıda problemlər həllini tapır

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndəsi Eyyub Əliyev
bildirib ki, bu sahədə əsas problem rayonlardadır:

“Ən böyük problemlərdən biri enerji doldurma məntəqələri ilə bağlıdır. Bakıda
ticarət mərkəzlərində, bir çox restoranlarda, hətta yeni yaşayış
komplekslərinin dayanacaqlarında özəl sektor nümayəndələri tərəfindən şarj
məntəqələri quraşdırılıb. Yanacaqdoldurma məntəqələrində enerji doldurma
stansiyaları da fəaliyyət göstərir. Əsas problem bölgələrə gedərkən yolüstü
məntəqələrin olmaması, yaxud məhdudluğudur. Bakıda bu problem həllini tapır.
Yanacaqdoldurma məntəqələrinin demək olar ki, hamısında bu aparatlar var”.

E.Əliyevin sözlərinə görə, küçədə quraşdırılan aparatlara nəzarət etmək mümkün
deyil:

“Elektrikli avtomobillərin çox istifadə olunduğu xarici ölkələrə baxdıqda,
orada da küçələrdə kiçik şarj məntəqələri quraşdırılır. Ticarət mərkəzilərində,
böyük tikinti layihələrinin dayanacağında xüsusi yerlər ayrılıb. Kənar
maşınların orada saxlamamasına nəzarət olunur. Amma küçədə quraşdırılan aparata
nəzarət mexanizmi bir az çətindir”.

Özəl sektor daha çox maraqlı oldu

E.Əliyev bildirib ki, aparatların sayı ilə bağlı rəsmi statistika yoxdur:

“Bu iş tam dövlət tərəfindən həyata keçirilmir. Ona görə, qurumlarda
statistika da olmur. Kimsə bina tikib, kompleksin dayanacağına aparat
yerləşdiribsə, heç bir quruma məlumat təqdim etmir. Aparatların
quraşdırılmasını dövlətdən gözləyirdik. Amma özəl sektor daha çox maraqlı oldu”.

Müsahibimiz qeyd edib ki, dövlət tərəfindən də layihələndirmə işləri gedir:

“Gələn ilin əvvəllərində artıq dövlət tərəfindən quraşdırılan məntəqələri də
çox sayda görə bilərik. Layihələndirən qurum qərar verəcək ki, harada
yerləşdirmək lazımdır. Əsas məqsəd kifayət qədər doldurma məntəqəsinin
olmasıdır”.

“Vətəndaş aldığı avtomobillə problem yaşamaq istəmirsə…”

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, ölkəmizdə heç
bir ehtiyat hissəsi, servis xidməti olmayan maşınları gətirməyə ehtiyac yoxdur:

“Elektromobil doldurma məntəqələrinin azlığı problemini həll etmək üçün ötən
il dövlətin qərarı ilə ölkəmizə idxal olunan enerji doldurma məntəqələrində
istifadə olunan avadanlıq və cihazlar bütün gömrük rüsumlarından azad edildi.
Bu qərar sahibkarlar həmin aparatları alsınlar, məntəqələrin sayı artsın deyə
verilib. Əgər vətəndaş aldığı avtomobillə problem yaşamaq istəmirsə, ilk
növbədə ölkəmizə gətirilməsinə icazə verilən, servisi, ehtiyat hissələri olan
nəqliyyat vasitəsini almalıdır”.

Ən çox problem rayonlardadır

Elektromobil və onun avadanlıqlarını satan Fəxri Axundov isə bildirib ki,
elektrik mühərrikli avtomobil sürən şəxslər texniki olaraq 2 problemlə
üzləşirlər:

“Birincisi, elektrik xəttinin parkinq yerinə çəkilməsi ilə bağlıdır. Ya
parkinq yeri yoxdur, ya da yer var, amma elektrik çəkilməsinə MTK-lar icazə
vermir. Maşın rahat enerji yığa bilsin deyə, parkinq yeriniz olmalıdır. Çünki
elektromobil yanacaqdoldurma məntəqələri daimi istifadə üçün nəzərdə
tutulmayıb. Hər binada isə belə şərait olmur. Bəzisində isə şərait var, lakin
bina rəhbərliyi xəttin çəkilməsi ilə razılaşmır. Xarici ölkələrin
qanunvericiliyində belə bir qayda var ki, yeni tikilən binalarda
elektromobillərin enerji doldurması üçün yerlər olmalıdır. Həmçinin, qanun
yanacaqdoldurma məntəqələrini də məcbur edir ki, maşınların enerji şarjı üçün
şərait yaratsınlar. Bizdə isə bunlar mövcud deyil. İkinci problem isə
rayonlarda doldurma məntəqələrinin olmamasıdır. Bakıda isə çatışmazlıq
stansiyaların az olmasıdır”.

Stansiyalarda növbə gözləmək çətinliyi

F.Axundov bildirib ki, insanlar cüzi bir xərc çəkərək özlərinə doldurma
stansiyası yarada və maşınlarını rahatlıqla şarj edə bilərlər:

“Maşınların sayına görə aparatlar yetərli deyil. Həmin stansiyalara axşam
getsəniz, görəcəksiniz ki, hamısında növbələr olur. Bəzi elektromobil istifadə
edənlər buna məcburdurlar, çünki başqa şəraitləri yoxdur. Elə insanlar var ki,
3-5 gündən bir gedib stansiyalarda saatlarla maşınlarının şarj olmasını
gözləyirlər. İkinci bir variant isə, əgər parkinq yeriniz varsa, özünüzə
stansiya yaratmaqdır. Amma bir çox sürücülər bunun üçün pul xərcləmək
istəmirlər. Elektromobilin doldurma üsulu fərqlidir. Benzin kimi tez doldurub,
sürüb getmək mümkün deyil. Çünki bu maşınların batareyası böyük enerji tələb
edir. O enerjini heç bir doldurma məntəqəsindən almaq mümkün deyil. Bu,
saatlarla vaxt tələb edir. Dünya ölkələrində də bu maşınları istehsal edən
şirkətlər tövsiyə edir ki, parkinq yerlərində stansiyalar quraşdırın. Burada
özünüzə doldurma məntəqəsi yaratmış olursunuz. Axşamdan səhərə qədər maşınınız
enerji yığır”.

50 manat cərimə tətbiq edilsin

Parklanma yerlərində quraşdırılan aparatlara da toxunan müsahibimiz qeyd edib
ki, cərimələr olsa, belə hallar yaşanmaz:

“Əgər parklanmaya icazə verilirsə, orada aparatın quraşdırılması mümkündür.
Lakin bu, qanunvericilik ilə tənzimlənməlidir. Elektromobil doldurma
aparatlarının qarşısında daxili yanma mühərrikli maşınların saxlanılması
qadağan edilməlidir. Adi parkinq qaydalarının pozulması 20 manatdırsa, o qadağa
üçün cəza 50 manat olmalıdır”.

F.Axundovun sözlərinə görə, Azərbaycanda olan yanacaqdoldurma məntəqələrində
əgər hərəsində heç olmasa, 2 tapançalı 1 stansiya olsa, bu, bütün elektromobil
istifadəçilərinə artıqlaması ilə kifayət edər.

Source link