Ölkəmizdə özəl pensiya fondlarının yaradılması hansı yeniliklərə səbəb olacaq?
– ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə
Fondunun (DSMF) sədri Himalay Məmişov yanvarın 10-da qurumun 2023-cü il üzrə
hesabat tədbirində Azərbaycanda özəl pensiya fondlarının yaradılacağı barədə
məlumat verib.
DSMF sədri bununla bağlı normativ sənədlərin tam hazırlandığını və bir ay
ərzində layihələrin aidiyyəti qurumlara göndəriləcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, fondların yaradılması ilə bağlı ilk müzakirələr 2006-cı ildə
başlayıb və hələ də davam edir. İstər MDB, istərsə də bir çox Avropa
dövlətlərində belə fondlar yaradılıb və yüksək səviyyədə fəaliyyət göstərir.
Həmin dövlətlərin təcrübəsi göstərir ki, vətəndaşlar özəl pensiya fondlarından
çox sıx şəkildə istifadə edirlər. Bu fond imkan verir ki, vətəndaş pensiya
yaşına çatdıqda yalnız dövlətdən deyil, həmçinin özəl fonddan pensiya ala
bilsin.
Özəl pensiya fondu nədir?
Özəl fond sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini
və ödənilməsini həyata keçirir. Dövlət pensiya fondlarından fərqli olaraq,
əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan
bazadır. Bu fondlar, əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin
dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər əldə edir. Sonra isə bu
vəsaitlər hesabına pensiya təminatını yüksəldir.
Özəl pensiya fondları vasitəsilə bir çox ölkələr pensiya təminatının
yüksəldilməsinə nail olublar. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya,
Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir. Xarici
təcrübədə vətəndaş özəl pensiya fonduna istədiyi qədər sığorta haqqı ödəyə
bilər. Sonda isə pensiyaya çıxanda həmin məbləğ artıqlaması ilə ona geri
qayıdacaq. Bu imkan verir ki, vətəndaş daha yaxşı təmin olunmuş pensiya əldə
etsin. Çünki pensiya yaşı tamam olan zaman o həm dövlət, həm də özəl pensiya
fondundan ödənişlərə uyğun pensiya əldə etmək imkanı qazanır.
Azərbaycanda pensiya təminatı
Məlumdur ki, ölkəmizdə pensiya təminatı Dövlət Sosial Müdafiə Fondu tərəfindən
həyata keçirilir və təqaüdə çıxan vətəndaşlar Azərbaycan Respublikasının
qanunları çərçivəsində dövlət tərəfindən müəyyən olunmuş məbləğdə aylıq pensiya
alırlar.
Qurum isə məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta,
dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər,
ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə
Azərbaycan qanunları, Azərbaycan Prezidentinin və Nazirlər Kabinetinin aktları
ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət
göstərən publik hüquqi şəxs kimi fəaliyyət göstərir.
Bəs vətəndaşlar bu vəsaitləri necə əldə edirlər?
Mövcud qanunvericiliyə əsasən, əmək qabiliyyətli bir vətəndaş leqal şəkildə və
əmək qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərdiyi dövrdə hər ay
məvacibindən müəyyən faizdə vəsait tutulur və sosial sığorta haqqı şəklində
DSMF-dəki şəxsi hesabına köçürülür. Pensiya yaşına çıxdıqda isə bunu hər ay
pensiya şəklində geri alır. DSMF sədrinin bu açıqlaması isə göstərir ki, artıq
işlərə başlanılır və yaxın müddət ərzində fondların yaradılması prosesinə start
veriləcək.
Bu fondlar vətəndaşların pensiya təminatına necə təsir edəcək?
Bizim.media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert
Akif Nəsirli hələ 2016-cı ildə ölkədə pensiya islahatlarına start verilərkən bu
fondların yaradılmasının nəzərdə tutulduğunu xatırladıb:
“Hazırda ölkəmizdə əməkqabiliyyətli vətəndaşların ödədikləri sosial sığortalar
hesabına təqaüdçülərə pensiya ödənilir. Həmin islahatda isə bu sistemin ləğv
edilməsi və şəxsi uçot sisteminə keçilməsi nəzərdə tutulmuşdu”.
Özəl pensiya fondlarının iş prinsipini şərh edən iqtisadçı vurğulayıb ki, hər
bir əməkqabiliyyətli vətəndaş burada pensiya yaşına çatana qədər işləyərək özü
üçün pensiya kapitalı toplayır:
“Təqaüdə çıxdıqda isə buna uyğun olaraq pensiya məbləği müəyyən edilir. Ancaq
hazırda bu sistem deyil, klassik qaydalar tətbiq olunur. Əslində isə bu gün
özəl fondların yaradılması vacibdir. Belə ki, vətəndaş işi müqabilində aldığı
aylıq məvacibdən tutulan sosial sığorta haqqını hər ay DSMF-yə ödəyir. Ancaq
sonradan ərizə ilə bu quruma müraciət edir və sosial sığortasının yeni fonda
köçürülməsini xahiş edir. Bundan sonra həmin məbləğ buraya ödənilir. Burada
onun üçün şəxsi hesab açılır və məbləğ burada toplanılır. Vətəndaş pensiyaya
çıxdıqda isə onun üçün ödəniş bazasına çevrilir. Düzdür, dövlət büdcəsindən də
buraya müəyyən məbləğdə vəsaitlər ödənilir, amma əsas baza hissəsi vətəndaşın
sosial ödənişləri hesabına formalaşır”.
“İlk növbədə pensiya təminatı sistemi dəyişdirilməlidir”
A.Nəsirlinin fikrincə, DSMF ilə rəqabət apara bilən bir fondun tam
formalaşması üçün ilk növbədə sosial islahatlar həyata keçirilməlidir:
“İlk növbədə pensiya təminatı sistemi dəyişdirilməlidir. Belə ki, hər kəsin öz
gələcəyini təmin edəcəyi pensiya yığımı prosesinə keçilməlidir. Digər tərəfdən
isə əmək bazarı yenidən formalaşmalı və qeyri-leqal iş yerləri leqallaşmalıdır.
Bu gün 5,5 milyon əməkqabiliyyətli əhalinin cəmi iki milyon nəfərə yaxını əmək
müqaviləsi ilə çalışır.
Bu baxımdan da 5,5 milyon əhalinin hamısı rəsmi işlə təmin olunmalı, əməkhaqqı
almalı, gələcək pensiyası üçün sosial ödənişlər etməli və özəl fondda öz
hesabını formalaşdırmalıdır”.
Yeni Zelandiya təcrübəsindən istinadlar…
Bu sahədə Yeni Zelandiya təcrübəsinə istinad edən A.Nəsirli bildirib ki, belə
fondlarda toplanan sığorta vəsaitləri ən yüksək gəlirli banklarda ilk növbədə
depozit kimi saxlanılır:
“Yaxud da hansısa səhmlərə yatırılır. Bir sözlə, pul hesabda saxlanılmır, fond
tərəfindən dövriyyəyə buraxılır və üzərinə əlavə vəsaitlər gəlir. Bəzi hallarda
isə şəxsi hesablardakı bu vəsaitlər illik inflyasiyadan iki dəfə çox gəlirlərin
əldə edilməsinə səbəb olur. Əgər illik inflyasiya 10 faizdirsə, illik gəlirlər
25-30 faiz təşkil edir.
Vəsaitin müəyyən hissəsi fondun saxlanılması və mənfəəti üçün götürülür, qalan
hissə isə yeni yatırılan vəsaitin dividendi olur və birbaşa şəxsi hesaba
köçürülür. Buna görə də özəl fondlarda vətəndaşlar bir neçə dəfə yüksək
məbləğdə pensiyalar ödəyir. Belə olan halda isə dövlətin yükü azalır”.