1ee2eba5-691b-4ff8-a06d-9bed090d6c70..jpg

“Ölkəmizin etdiyi dəstək Türkiyə cəmiyyətində qardaş yardımı kimi qiymətləndirilir” – FOTO

Baxış sayı: 766 dəfə baxılıb.

“Ölkəmizin etdiyi dəstək Türkiyə cəmiyyətində qardaş yardımı kimi
qiymətləndirilir” – FOTO

“Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı
Azərbaycan Respublikasının yardımı qardaşlıq münasibətlərinin növbəti
sübutudur”.

Bunu Cixisyolu.com-a açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov
bildirib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində Türkiyə xalqına böyük dəstək var:

“Bir neçə gün əvvəl Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğana, eyni zamanda, Birinci vitse-prezidentMehriban Əliyeva Türkiyə xalqına
başsağlığı verib”.

Deputat qeyd edib ki, Prezidentimiz bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər
cür yardım göstərməyə hazır olduğunu bildirib:

“Təbii ki, dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin
nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə
genişmiqyaslı yardıma başlanılıb. Güclü zəlzələnin fəsadlarının aradan
qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə
Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri oraya göndərilib.

Eyni zamanda, müxtəlif ləvazimatlar, çadırlar yollanılıb. İnsanlar da yardım
kampaniyası başladıblar və hər kəs dəstək göstərir. Biz qardaş dövlətik və
Azərbaycan ən tez reaksiya verən, köməklik göstərən dövlətlərdən oldu.
Ölkəmizin etdiyi dəstək Türkiyə cəmiyyətində qardaş yardımı kimi
qiymətləndirilir. Azərbaycanın qardaş ölkəyə hazırkı dəstəyi mənəvi əhəmiyyət
kəsb edir. Bu dəstək iki ölkənin qardaşlığının, dostluğunun növbəti rəmzidir”.

Qeyd edək ki, fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına
uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan
qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420
nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Eyni zamanda, ötən gün Türkiyəyə iki təyyarə yola salınıb. Təyyarədə FHN-in
tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı da olub.
Hospital dörd funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə
və intensiv terapiya bölməsindən, üç köməkçi konteynerdən və üç hava ilə
doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə,
əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub.

Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Ötən
gecə saatlarında da əlavə humanitar yardım üçün maşın karvanı və təyyarə
Türkiyəyə yollanıb.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarından Türkiyənin Kahramanmaraş
şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal
gücündə iki zəlzələ nəticəsində 8 574 nəfər həyatını itirib, 49 133 nəfər
yaralanıb.

İlhamə Əbülfət

Source link