1b96146b-02b3-43ef-a7ef-12e5ca23eb70..jpg

Ölkəni Qış Paralimpiadasında təmsil edən ilk azərbaycanlı: “Oyundan qayıdanda ulu öndərlə görüşdük” – FOTO

Baxış sayı: 532 dəfə baxılıb.

Ölkəni Qış Paralimpiadasında təmsil edən ilk azərbaycanlı: “Oyundan qayıdanda
ulu öndərlə görüşdük” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ulu öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini
yüksəldib, onlarda nikbin əhvali-ruhiyyə yaradıb və nəticədə Paralimpiya
Oyunlarında qələbələrimizin əsası qoyulub”.

Bunu Cixisyolu.com-a müsahibəsində Azərbaycanı Qış Paralimpiadasında təmsil edən ilk
azərbaycanlıMehman Ramazanzadə deyib. Onunla müsahibəni təqdim edirik:

Pauerliftinqçi, dağ xizəyi üzrə idmançımız Mehman Ramazanzadə müxtəlif illərdə
– 2000, 2008 və 2022-ci illərdə keçirilən paralimpiadalarda ölkəmizi layiqincə
təmsil edib.

– Bildiyim qədər, Paralimpiada qış idman növlərindən kross-kantri növünün
“sprint” kateqoriyasında çıxış etmişdiniz, elədirmi?

– Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə
milli komandasının üzvüyəm. Bəli, Azərbaycan Paralimpiya tarixində ilk dəfə
olaraq 2022-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən 13-cü
Qış Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edən ilk azərbaycanlı
kimi tarixə düşmüşəm. Bundan başqa, pauerliftinq, paravelosiped, kross-kantri
növünün “sprint” kateqoriyası idman növləri üzrə peşəkar fəaliyyət göstərirəm.

– Ulu öndər ilə görüşünüzdən ziyadə, ölkə başçısı İlham Əliyevin də 2021-ci
ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi
münasibətilə təltif etdiyi idmançılardansınız.

– Doğrudur. Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya
Komitəsinin 25 illiyi münasibətilə əməkdaşların təltif edilməsi haqqında
sərəncam imzalamışdı. Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif
edilən şəxslər arasında öz adımı görmək də məni çox sevindirmişdi. Ölkə
başçısının sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edildim.

– Ulu öndər ilə görüşünüz yarışdan öncə, yoxsa sonra baş tutmuşdu?

– Ümummilli liderin qayğısını hər zaman hiss etmişik. Yadıma gəlir, bizimlə
iki dəfə görüşüb, təbrik etmişdi. İlk dəfə 1996-cı ilin avqust ayında Atlantaya
yola düşməzdən əvvəl ulu öndər Heydər Əliyev bizi qəbul etdi. Həm həyəcanlı,
həm də sevincli bir görüş idi. Ulu öndər bütün idmançılara bir-bir yaxınlaşır,
yarışqabağı hər biriylə ayrıca maraqlanırdı.

Ulu öndərlə növbəti görüşümüz Paralimpiya Oyunlarından qayıdanda oldu. Orada
işlətdiyi bir fikir indi də qulaqlarımda səslənir. O dedi ki, Paralimpiya
Oyunlarında iştirak özü böyük bir nailiyyətdir, orada iştirak edib yer qazanmaq
isə ikiqat nailiyyətdir. Bu fikirlər bir paralimpiyaçının çəkdiyi əziyyətin
qiymətləndirilməsinin bariz nümunəsidir. Dahi şəxsiyyətin bu görüşlər zamanı
söylədiyi fikirlər indi də öz aktuallığını və əhəmiyyətini itirməyib. Ulu
öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini
yüksəldib, onlarda nikbin əhvali-ruhiyyə yaradıb və nəticədə Paralimpiya
Oyunlarında qələbələrimizin əsası qoyulub.

– İdmançı olaraq sizə nə motivasiya verir?

– Prezident İlham Əliyevin bütün sahələrə olduğu kimi, idman sahəsinə də
xüsusi diqqəti və qayğısı sayəsində bu gün Azərbaycan idman ölkəsinə çevrilib.
Vətənimizin mütəmadi olaraq dünya və Avropa çempionatlarına, nüfuzlu beynəlxalq
turnirlərə, yarışlara ev sahibliyi etməsi həm də bu sahənin inkişafına ciddi
təkan verib. Nəticədə istər paytaxtda, istərsə də regionlarımızda idman
kütləviləşir, yeniyetmələrimiz idmana cəlb olunurlar. Bu gün digər idman
növlərində mübarizə aparan idmançılarımız kimi, paralimpiyaçılarımız da
beynəlxalq yarışlarda öz sözlərini deyir, üçrəngli bayrağımızı qürurla
dalğalandırırlar. Bu da insana əlavə motivasiya verir.

Könül Cəfərli

Source link