“Ölkənin suverenliyini təmin etsək də, Azərbaycana qarşı xarici təhdidlər
davam etməkdədir”.
Bu fikri “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.
O bildirib ki, ideoloji müharibə döyüş meydanında aparılan savaş qədər
təhlükəlidir:
“Döyüş meydanlarında aparılan müharibələr hər hansı bir ərazinin işğalı
üzərində qurulursa, ideoloji müharibə bütövlükdə bir dövlətin və cəmiyyətin
məhvinə hesablanıb. Ölkəmiz müstəqillik illərində keşməkeşli, ağır bir yol qət
etməli olub. Düşmənlərimiz ərazilərimizin iyirmi faizini işğal etdikləri kimi,
müəyyən xarici dairələr də dövlət müstəqilliyimizi əlimizdən almaq üçün ölkə
daxilində ayrı-ayrı ünsürləri cücərtməyə çalışıblar. Belə ki, separatizm və
dini radikalizm toxumları səpilib, xaricdən maliyyələşən QHT və media qurumları
vasitəsilə insanların yaddaşlarını yumağa çalışıblar. Amma 1993-cü ildə
ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizi zəiflətməyə və
parçalamağa çalışan xarici düşmənlərin sifarişlərinin icraçılarının da
meydanını daraltdı. Məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
azərbaycançılıq ideologiyası xalqımızı birləşdirdi və daha mübariz etdi”.
A.Badamov deyib ki, ideoloji sahədə ənənəvi təzyiq vasitələrinin
effektivliyini itirdiyini görən xarici dairələr artıq yeni siyasi
texnologiyalardan istifadə edirlər:
“Belə ki, gənclərin psixologiyasını pozmaq üçün LGBT, “No War” və digər bu
kimi zərərli meyilləri aşılamaqla gəncləri ələ almaq və onlarda kosmopolit
dünyagörüşü formalaşdırmaq cəhdləri davam etməkdədir.
Sentyabrın 23-də yeni seçilmiş yeddinci çağırış Milli Məclisin ilk iclasında
çıxış edən Prezidentİlham Əliyev demişdi:
“Digər vacib vəzifələr ideoloji təhlükəsizliklə bağlıdır və burada da biz daim
diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür,
onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında
xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji
təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi
sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı
aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi, həm
ictimai, həm də media məkanında”.
Dövlət başçısının qeyd etdiyi kimi, ideoloji təhlükəsizliyin təmin olunması
üçün görülən tədbirlər genişləndirilməlidir. Biz milli ruhda tərbiyə olunmuş
gənc nəslin böyüməsinə diqqəti artırmalıyıq. Burada ailə, məktəb və cəmiyyət
əsas rol oynayır. Bütün bu istiqamətlərdə düzgün qurulmuş siyasət sağlam
gəncliyin yetişməsini və ölkənin xarici ideoloji təhlükələrdən qorunmasını
təmin edir”.
Parlament səviyyəsində də bu istiqamətdə işlərin davamlı şəkildə aparılmasının
vacibliyini vurğulayan deputatın sözlərinə görə, Milli Məclisin payız
sessiyasının ikinci iclasında müzakirəyə çıxarılan Xarici müdaxilələrə və
hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın yaradılması da bu istiqamətdə
atılan addımlardan biridir:
“Həmin komissiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı
qəbul olunmuş qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir. Artıq ölkənin ali
qanunvericilik hakimiyyəti səviyyəsində bu məsələ diqqətdə saxlanılacaq.
Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, müasir informasiya kommunikasiyaları
əsrində xarici müdaxilələrin ölkə daxilinə təsir imkanları çoxalıb. Amma xarici
təhdidlərə və hibrid müdaxilələrə qarşı vaxtında müvafiq tədbirlər görüləndə
ölkənin daxili ictimaiyyəti təhlükələrdən qorunmuş olur”.