c021735c-ad32-435a-9db5-ccde4fbbf382.jpg

Ölkəyə avtomobil idxalının azalması qiymətlərə necə təsir edir? – “Kaspi”nin TƏHLİLİ

Baxış sayı: 204 dəfə baxılıb.

Azərbaycan avtomobil idxalını 10 faiz azaldıb. Belə ki, bu ilin yanvar-iyul
aylarında ölkəyə 944 milyon ABŞ dolları dəyərində 51 179 ədəd müxtəlif
təyinatlı avtomobil idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə,
yeddi ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün
nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 62,5 faiz artaraq 130
ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və
digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 12,6 faiz azalaraq 46 017 ədəd
təşkil edib.

Bu avtomobillərin 11 276-sı daxili yanma mühərriki ilə yanaşı, elektrik
mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 792-si isə yalnız
elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Əvvəllər nadir hallarda ölkəyə avtomobil idxalının azalmasını müşahidə
edərdik. Maraqlıdır, bu azalmanın səbəbi nədir? Bunu ölkədə avtomobillərə
marağın azalması kimi qiymətləndirə bilərikmi?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İdxal azalsa da, məbləğ artıb

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin
icraçı direktoru Eyyub Əliyev “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, idxal
sayı azalsa da, idxal məbləğində artım müşahidə edilir: “Biz bunu birinci rübdə
də müşahidə etmişik. Ötən illə müqayisədə də avtomobillərin idxalının sayında
azalma var idi. Amma bu məbləğə təsir etməmişdi. İdxal azalsa da, məbləğ
artmışdı. Altı ayın yekununda da ölkəyə idxal olunan avtomobillərin sayında
azalma var, amma məbləğ ötən illə müqayisədə artıb. Bu o deməkdir ki, artıq
ölkəyə yararsız, sınıq-salxaq, istismar müddətini başa vuran avtomobillər
gətirilmir. Bu, avtomobil parkımızın yenilənməsi istiqamətində atılan addımdır.
Ümid edirəm ki, ölkəyə bundan sonra ikinci əl olsa belə, sağlam avtomobillər
gətiriləcək”.

Ölkəyə gələn avtomobillər 8-10 min manatlıq idisə…

Azalan idxalla, artan məbləğin səbəblərinə gəldikdə, mütəxəssis vurğulayır ki,
ölkəyə yeni avtomobillər gətirildiyi üçün onların qiymətləri digərlərindən
fərqlənir: “Yaşı 10 ildən yuxarı avtomobillərin ölkəyə buraxılmaması, taksi
fəaliyyətində də bu kimi avtomobillərə maraq olmaması, köhnə avtomobillərin
idxalının qarşısını alır. Yeni avtomobillərin də qiymətləri digərləri ilə
müqayisədə sözsüz ki, fərqlənir. Əvvəllər ölkəyə gələn avtomobillər 8-10 min
manatlıq idisə, yeni buraxılış ili olan avtomobillər təbii olaraq, bu
qiymətlərdən bahadır”.

Avtomobil həvəskarlarının sayı artıb?

Maraqlıdır, köhnə avtomobillərin buraxılmaması ölkədə avtomobil
həvəskarlarının sayını azaldıbmı? Sualımızı cavablandıran direktorun sözlərinə
görə, maraq nəinki azalıb, əksinə artıb: “Hətta ekoloji təmiz nəqliyyat
vasitələri, elektromobillərə, hibrid avtomobillərə maraq gündən-günə artır.
2022 və 2023-cü ilin idxal statistikasına baxanda biz elektrik avtomobillərinin
sayında 8-9 dəfə artım müşahidə etmişdik. 2024-cü ildə də artımın olacağını
gözləyirik. Avtomobil almaq istəyən şəxslərə tövsiyə etmək istərdim ki,
avtomobilləri rəsmi idxalçıdan alsınlar. Çünki onlar sizə zəmanət verir və
ehtiyat hissələri problemi yaşamırsınız. Amma kənardan necə gəldi gətirilən
avtomobillərlə həm parkımız köhnəlir, həm də özümüz maddi və vaxt baxımından
ziyana düşürük”.

Artıq alverçilər də buna riayət edirlər

Mütəxəssis vurğulayır ki, idxalın azalmasının avtomobil bazarında müsbət
nəticələri var: “İstismar müddəti bitən, hansısa ölkədə utilizasiya edilən
avtomobillərin ölkəyə gətirilməsi, satılması, bizim üçün mənfi hal idi. İndi
dövlətin qoyduğu müəyyən tələblərdən sonra fərdi şəkildə avtomobil gətirənlər
(alverçilər) də buna riayət edirlər, onların da gətirdiyi avtomobillər
sağlamlaşmağa doğru gedir. Onlar da məcbur olub az idxal edir, amma sağlam
avtomobil gətirirlər”.

Avtomobilin qiyməti artır?

Nəqliyyat eksperti Yasin Mustafayev də təsdiqləyir ki, son vaxtlar ölkəyə
gətirilən nəqliyyat vasitələrinin buraxılış ilinə qoyulan məhdudiyyətlər,
elektrikli avtomobillərlə bağlı aparılan təşviqat, qurulan infrastruktur, taksi
fəaliyyəti ilə bağlı məhdudiyyətlər idxala, qiymətlərə birbaşa təsir edir:
“İdxalın azalması məhz bu səbəbdəndir. Əvvəllər buraxılış ilinə məhdudiyyət yox
idi, istənilən yaşda olan nəqliyyat vasitəsi ölkəyə gətirilirdi, indi belə
deyil. İkinci səbəb isə taksi fəaliyyətində istifadə olunan avtomobillərin
istehsal tarixinin səkkiz ildən çox olmamasıdır. Bu da qiymətlərə və idxala
təsir edir”.

Məqsəd avtomobil parkının yenilənməsidir

Ekspert bildirir ki, burada əsas məqsəd avtomobil parkının yenilənməsidir:
“İndi ili köhnə olan avtomobillər bazarda çoxluq təşkil edir. Zaman keçdikcə
onların sayı azalacaq və avtomobil parkı yenilənəcək. Hazırda istifadə olunan
nəqliyyat vasitələrinin 10 faizi yenidir, qalanı isə köhnədir. Hətta buraxılış
ili 10 ildən az olanlar da 20 faiz təşkil edir, 80 faizi köhnələrdir.
Yeniliklərin tətbiqi idxalda sayı azaldır, avtomobilə düşən orta qiyməti isə
artırır”.

Source link