e8757290-ccf5-431d-a6f2-b83005ae7969..jpg

Ölkəyə gətirilən qidalarda virus – Haradan idxal edək? – ŞƏRH + FOTO

Baxış sayı: 643 dəfə baxılıb.

Ölkəyə gətirilən qidalarda virus – Haradan idxal edək? – ŞƏRH + FOTO

Azərbaycana İrandan idxal olunan portağal və Belarusdan gətirilən ərzaqlıq
kartof məhsullarına fitosanitar baxış keçirilib. Qida Təhlükəsizliyi Agentliyi
tərəfindən aparılan laborator analizlər nəticəsində sözügedən məhsullarda
təhlükəli viruslar aşkarlanıb. Buna görə də, agentlik tərəfindən İran və
Belarus ixracatçılarının Azərbaycana məhsul idxalına 2023-cü il 5 aprel
tarixindən müvəqqəti qadağa qoyulub.

Qeyd edək ki, bundan öncə də xarici ölkələrdən idxal edilən bəzi məhsullarda
müxtəlif mənşəli viruslar aşkarlanmış, müvəqqəti qadağalar tətbiq edilib.

Bəs maraqlıdır, qadağa qoyulan məhsulların idxalı hansı ölkələr hesabına təmin
edilə bilər?

Bununla əlaqədar Cixisyolu.com-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsini üzvüAydın Hüseynov xatırladıb ki, Azərbaycanda daxili
bazarın keyfiyyətli və təhlükəsiz ərzaq malları ilə təmin edilməsi, qida
təhlükəsizliyi ilə bağlı siyasətin əsas istiqamətidir. Millət vəkili bildirib
ki, İran və Belarusdan ölkəmizdə gətirilən bəzi məhsullara qadağa qoyulması
həmin ölkələrdən məhsulların idxalının tamam dayandırılması demək deyil:

“Hər iki ölkə ilə Azərbaycanın normal ticarət münasibətləri var və qarşılıqlı
mal dövriyyəsi aparılır. Sadəcə keyfiyyəti şübhə doğuran partiya üzrə mallara
qadağa qoyulub, növbəti partiya üzrə məhsulların keyfiyyəti fitosanitar
normalara cavab verdiyi halda, onların idxalı davam etdiriləcək. Eləcə də,
keyfiyyəti normalara cavab verən digər bütün növ idxal mallarının gətirilməsi
üçün heç bir problem yoxdur. Eyni zamanda, hər iki ölkədən kartofdan başqa,
yüzlərlə çeşiddə malın gətirilməsi davam etdirilir ki, bu da əmtəə
dövriyyəsinin adi qaydada davam etməsini göstərir”.

A.Hüseynov bildirib ki, hazırkı idxal məhdudiyyətləri Azərbaycanın idxal
statistikasına təsir edəcək səviyyədə deyil:

“Bu gün Azərbaycanın idxalında onlarla ölkənin payı var, Azərbaycanın ticarət
partnyorlarının sayı 148-dən çoxdur və məhsul idxal etmək üçün coğrafiya
kifayət qədər genişdir. Bu gün dünyada ərzaq və qeyri-ərzaq mallarının tədarükü
və idxalı üçün yüzlərlə bazar, idxalçı şirkətlər var. Ona görə də dünyanın ən
ucqar bölgələrindən mal və xidmətlərin idxalı üçün geniş şərait var və daxili
bazarda boşluq yaranması qeyri-mümkündür. Xüsusilə də kartof üçün ölkələrin
sayı hədsiz genişdir, Rusiya, Qazaxıstan, Pakistan, Polşa, Türkiyə və digər
ölkələrdən həmin məhsulu Azərbaycana idxal etmək çox asandır və bu, həyata
keçiriləcək”.

Məsələnin kənd təsərrüfatına aid məqamlarına toxunan iqtisadçı-ekspert Rauf
Qarayev isə hesab edir ki, kənd təsərrüfatı məhsullarının idxal edilməməsi,
daxili istehsalın gücünə təmin edilməsi önəmlidir. Ekspert vurğulayıb ki, bəzi
məhsullar var ölkəmizdə yetişdirilməsi çətin və uzun prosesdir, ona görə
xaricdən idxal edilir:

“Amma ənənəvi məhsulların idxalı minimuma endirilə bilər və ya xaricdən
gətirməkdən tamamilə imtina olunması mümkündür. İstənilən halda düşünürəm ki,
kənd təsərrüfatı məhsullarının əkilməsi, istehsalı qeyri-bərabər
planlaşdırılır, düzgün addım atılmır. Məsələn, pambıq becərilməsi elə
formalaşdırılıb ki, hər yerdə əkilməlidir, plan təqdim edilməlidir və s. Amma
bir məhsula tələbatı müəyyən etmək üçün bazar monitorinqi aparılmalıdır, tələb
və təklif dəyərləndirilməlidir. Bəzən monitorinqlərdə aldadıcı məqamlar da
olur. Statistik məlumatlar düzgün olmayanda, buna uyğun qurulan iş də səmərə
vermir. Təsərrüfatçı ilə təmaslar, alimlərin hesablamaları, ekspertlərin
fikirləri nəzərə alınmalıdır. Nəticə istənilən göstəricini vermirsə, demək nə
isə düzgün aparılmayıb.

Azərbaycanda becərilməsi mümkün olan ən azından daxili tələbatı qarşılayacaq
səviyyədə istehsal qurmaq mümkündür. Elə kartof, portağal kimi qidaların
ölkəmizdə yetişdirilməsinə diqqət idxaldan asılılığı minimuma endirə bilər.

Kənd təsərrüfatının inkişafı, idxaldan asılılığı minimuma endirmək üçün düzgün
siyasət aparılmalı, rəhbərlik edən şəxslərin, nazirin və komandasının bu sahəyə
bağlılığı olmalıdır. Təəssüf ki, kadr təyinatında bu məqam nəzərə alınmır.
Təyin edilən şəxs öz komandasını formalaşdırır, nəticədə sahə haqqında dərin
məlumatı olmayan şəxslər yığılır. Bütün bunlar kənd təsərrüfatı məhsullarının
xaricdən idxalına məcburiyyət yaradır”.

Aysel Aslan

Source link