Gömrükçülər külli miqdarda xəz geyiminin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Bu barədə ÇıxışYolu.Com-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
DGK-nin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə xəz geyimlərinin Türkiyədən qaçaqmalçılıq yolu ilə Naxçıvana, oradan isə hava nəqliyyatı vasitəsilə Bakı şəhərinə gətirilməsi haqqında əməliyyat məlumatı daxil olub.
Bu məlumat əsasında, Naxçıvan-Bakı aviareysilə gələn yükü qarşılayan Azərbaycan Respublikasının vətəndaşı Cehrun Əliyev gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb. Vətəndaş həmin aviareyslə gələn baqajı qəbul edərkən saxlanılıb.
Üç ədəd qutu və iki ədəd çantadan ibarət olan baqaj yoxlanılarkən cəmi 64 ədəd müxtəlif etiketli xəz kürklər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.