Bakı Ağır Cinayətlər Məhkəməsində İran İslam Respublikasının vətəndaşları Jahani Hiveh Hamid Mohammad və Ghahremani Hafez Habibin CM-nin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.2.1-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti proses keçirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərin hər birinə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmasını xahiş edib.
Növbəti proses avqustun 27-nə təyin olunub.
Xatırladaq ki, Baş prokurorluğun yaydığı məlumata görə, son dövrlər ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.
Uzun illər Bakıda yaşayan və Mərkəzi Gömrük Hospitalında cərrah-həkim işləyən Jahani Hiveh Hamid Mohammadin yaşadığı evdə axtarış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatları, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkar edilib.
İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, hər iki şəxs qeyd edilən dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətiriblər. Bundan başqa, Jahani Hiveh Hamid Mohammad kuryer xidmətlərindən istifadə etdiyi qohumu- Bakı şəhər sakini İlqar Qədirovun “Chevrolet” markalı avtomobilinə baxış keçirilərkən 7 ədəd dərman preparatları aşkar edilərək, götürülüb.
Bundan əlavə, Ghahremani Hafez Habib Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi “Scania” markalı sərnişin avtobusu ilə 2018-ci il fevralın 21-də Astara Gömrük keçid məntəqəsindən 100 ədəd “Canotix 50 units” dərman preparatını sellofan torbaya bükərək avtobusun salonunda gizlədib və onu gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq edib.
İstintaq dövründə, Binəqədi rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs-qəti imkan tədbiri seçilməyib.