Ölü at və eşşək əti satan şəxs ƏLƏ KEÇDİ – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mənşəyi məlum olmayan, insan sağlamlığı üçün təhlükəli olan ət məhsullarının
kütləvi tədarükünü təşkil edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının (AQTA)
birgə həyata keçirdiyi tədbirlərlə 1991-ci il təvəllüdlü Orxan Cabbar oğlu
Hüseynovun Bərdə rayonunda həyətyanı sahəsində kəsim-tədarük məntəqəsi
yaratması müəyyən edilib.
Məlum olub ki, kəsim məntəqəsində qida üçün yararsız məhsullar mal ətləri ilə
qarışdırılaraq emal olunub. Antisanitar şəraitdə xəstə, ölmüş heyvanların
kəsimi təşkil edilib, qablaşdırılıb və ucuz qiymətə sifarişçiyə çatdırılması
planlaşdırılıb. Araşdırmalar və aşkarlanan heyvan qalıqlarının, ət
nümunələrinin analizləri nəticəsində satışa hazırlanan məhsulların at və ulaq
cəsədlərindən ibarət olması müəyyən edilib.
Şübhəli bilinən şəxsin Bərdə rayonu Kəngərli qəsəbəsində yerləşən həyətyanı
sahəsindən və saxlanc yerindən 2 tondan çox at və ulaq əti aşkarlanıb. Təyin
olunan müvafiq ekspertizalar zamanı maddi sübut kimi götürülən həmin ət
nümunələrinin qidaya tam yararsız və insan sağlamlığı üçün təhlükəli olması
sübuta yetirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.