6a68e5d4-368a-48d4-832e-5d1574339a05..jpg

“Ölülər”i hələ də “dirilməyən” görkəmli dramaturq: Cəlil Məmmədquluzadənin doğum günüdür

Baxış sayı: 827 dəfə baxılıb.

“Ölülər”i hələ də “dirilməyən” görkəmli dramaturq: Cəlil Məmmədquluzadənin
doğum günüdür

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq,
publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin doğum günüdür.

O, 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olub.

İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər
məktəbində alıb.

Çar hökuməti 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası nəzdində
Azərbaycan şöbəsi yaradılması haqqında fərman verib. Seminariya kənd məktəbləri
üçün müəllim hazırlayıb. Seminariyanın Azərbaycan şöbəsinin müfəttişi
A.O.Çernyayevski ilk illərdə Azərbaycan rayonlarını gəzərək, seminariyada
oxumaq üçün tələbələr seçib. O, 1882-ci ildə Naxçıvana gəlib və Cəlil
Məmmədquluzadəni də digər şagirdlərlə birlikdə təhsil alması üçün siyahıya alıb.

Cəlil Məmmədquluzadə seminariyanı 1887-ci ildə bitirib və müəllimlik attestatı
alıb.

Ədibin dünyagörüşünün, bədii zövqünün, yaradıcılıq vərdişlərinin
formalaşmasında 5 il oxuduğu Zaqafqaziya Müəllimlər Seminariyasındakı təhsil
illəri mühüm mərhələ təşkil edib. Cəlil burada Azərbaycan və Şərq ədəbiyyatı
ilə yanaşı, Avropa, rus elmi, mədəniyyəti və demokratik fikri, mütərəqqi
pedaqoji təlimi ilə də yaxından tanış olub.

Cəlil Məmmədquluzadə seminariyanı bitirib müəllimlik attestatı aldıqdan sonra
pedaqoji fəaliyyətə başlayıb. O, burada da təlim-tərbiyə işlərinin
yüksəldilməsinə xüsusi fikir verib, məktəbə səkkiz nəfər azərbaycanlı qız cəlb
edərək xüsusi sinif təşkil edib və məşğələləri özü aparıb.

İctimai xadim Azərbaycan ədəbiyyatı tarixində görkəmli jurnalist və publisist
olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınıb.

Cəlil Məmmədquluzadənin ilk yaradıcılıq dövrü 1905-ci il inqilabına qədər
davam edib. Bu dövrdə “Çay dəstgahı” adlı alleqorik mənzum dramını, “Danabaş
kəndinin əhvalatları” povestini, “Danabaş kəndinin məktəbi”, “Kişmiş oyunu”,
“Poçt qutusu” hekayələrini yazıb. Ədibin yaradıcılığının birinci dövrünə aid
olan bu ilk əsərlərində inqilabdan əvvəlki dövrdə Azərbaycan kəndlisinin həyat
və məişətinin müxtəlif cəhətləri əks olunub.

Mirzə Cəlilin ilk məlum nəsr əsəri 1894-cü ildə yazılmış “Danabaş kəndinin
əhvalatları” povestidir.

XX əsrin əvvəllərindən etibarən Cəlil Məmmədquluzadə bədii yaradıcılıqla da
ardıcıl məşğul olub. Qüdrətli yazıçının “Usta Zeynal”, “Dəllək”, “İranda
hürriyyət”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun
arvadı”, “Pirverdinin xoruzu” hekayələri onu kiçik janrın böyük ustadı kimi
tanıdıb. Cəlil Məmmədquluzadə bədii yaradıcılığa 23 yaşından, kənddə müəllimkən
başlayıb. Ədibin ilk qələm təcrübəsi “Çay dəstgahı” alleqorik dramı olub. “Çay
dəstgahı”nda müəllif nökər Əlinin simasında kəndin ən aşağı təbəqələrinin
cəmiyyətdə yazıq və acınacaqlı halını əks etdirir.

XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən
“Ölülər” komediyası 1909-cu ildə yazılıb. Əsərdə din, mövhumat və feodal həyat
tərzi əleyhinə mübarizə öz əksini tapıb.

“Ölülər”də cəhalət, gerilik, ikiüzlülük və yalan ifşa olunur. Avamlıq və
nadanlığın nə kimi bəlalar yaratdığı göstərilir. Bu komediyanı yazmaqda böyük
dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə
saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən
yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olub.

O, Azərbaycanda və Şərqdə qadınların və kişilərin hüquq bərabərliyi
ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunub. Cəlil
Məmmədquluzadənin hekayələrində qadın əsarətinə qarşı mübarizə mövzusu mühüm
yer tutub. Mirzə Cəlil qadın azadlığı məsələsinə həm hekayələrində, həm də
dramaturji və publisist fəaliyyətində geniş yer verib.

İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə
başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik
jurnalistikanın əsasını qoyub. Həmin vaxtdan Mirzə Cəlil artıq Molla Nəsrəddin
adı ilə tanınıb.

Publisistin təbliğ etdiyi dərin demokratiya və azadlıq ideyaları jurnala
ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Çar hökuməti onu
tez-tez məhkəmə məsuliyyətinə cəlb edib, “Qeyrət” mətbəəsində axtarışlar
aparıb, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırıb.

Dramaturqun əsərləri bir sıra dillərə tərcümə edilib.

Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o
cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika
Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilib. Keçmiş Astarxanbazar
rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik
etdiyi kənd isə Cəlilkənd adlandırılıb. Naxçıvan və Cəlilabadda heykəli
qoyulub. Bakı və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində
xatirə muzeyləri açılıb.

Azərbaycan Prezidenti İlham Əliyev 17 yanvar 2019-cu ildə Cəlil
Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam
imzalayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211
nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri
dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Böyük ədib 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Fəxri
xiyabandadır.

Source link