Ölüm saçan, qazla işləyən suqızdırıcıları və sobalar: Nələrə əməl etmək
lazımdır? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Evdə qaz təchizatı varsa, bu, artıq təhlükənin olması deməkdir. Qaz təchizatı
olan evdə mütləq təhlükəsizlik tədbirləri görülməlidir”.
Bu sözləri Baku.ws-ə təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib.
Onun sözlərinə görə, “pyatiminutka”, “İran sobası” və digər qazla işləyən
cihazların hər birinin təhlükəsiz istifadə qaydaları var:
“Birinci qızıl qayda budur ki, bu sobalar hansı otaqda yerləşdirilibsə, orada
havalandırma olmalıdır. Bundan əlavə, adlarını çəkdiyimiz sobalar üçün mütləq
nəfəslik olmalıdır. Ventilyasiya və nəfəslik olmayan yerlərdə bu tip sobaların
yerləşdirilməsi yolverilməzdir.
Bəzi vətəndaşlar pəncərəsi olmayan otaqda İran sobaları quraşdırırlar. Bu,
olduqca təhlükəli haldır. Ümumiyyətlə, ehtiyac olmadığı təqdirdə bu tip
qızdırıcılara üstünlük verilməməlidir. Bu baxımdan ən əlverişli qızdırıcı
mərkəzi istilik sistemi və kombidir. Bu qızdırıcılar çöldə quraşdırılır, evin
isti su və istiliyə olan tələbatı təhlükəsiz şəkildə təmin olunur. Kombi
quraşdırılan evlərdə, adətən, dəm qazından zəhərlənmə halı olmur.
Digər tərəfdən, suqızdırıcıları mətbəxdə quraşdırılarsa, mətbəxin də mütləq
pəncərəsi olmalıdır:
“Evdə otaqların quruluşu dəyişdiyi halda pəncərə, nəfəslik və şaxtaya diqqət
yetirilməlidir. Bunların olmaması təhlükəli vəziyyətdən xəbər verir. Təhlükəni
minimallaşdırmaq üçün dəm qazı detektoru da olmalıdır. Həm dəm qazı, həm də qaz
sızması əleyhinə detektor olmalıdır ki, qazın klapanı bağlansın”.
Ekspert əlavə edib ki, normalara cavab verən qaz cihazlarından istifadə etmək
lazımdır:
“Belə cihazlar alarkən ucuz olana deyil, təhlükəsiz olana üstünlük vermək
gərəkdir. Kustar üsulla hazırlanan cihazlardan istifadə sonda bir çox faciələrə
gətirib çıxarır. Bir otaqdan digərinə rezin borularla qaz çəkib cihazlardan
istifadə etmək qətiyyən olmaz.
Hamam otağına suqızdırıcısının quraşdırılması üçün otağın həcmi ən azı 6-7
kvadratmetr, hündürlüyü isə ən azı 2 metrdən çox olmalıdır. Əgər hamam otağında
“pyatiminutka” quraşdırılıbsa, yerdən ən azı bir metr hündürlükdə olmalıdır.
Tüstü bacası saz və dəmirdən olmalıdır. Bacada deşik və çat olması qətiyyən
yolverilməzdir. Hamamda mütləq nəfəslik, ventilyasiya işlək vəziyyətdə
olmalıdır. Bəzən vətəndaşlar hamamdakı nəfəsliyi soyuq olmasın deyə
bağlayırlar. Xüsusən də buna həyət evlərində rast gəlinir.
Digər nüans qaz cihazı olan hamamların qapısında dəliklərin olmasıdır. Bu da
təhlükə riskini xeyli azaltmış olur. Əgər hamam otağının içinə hava keçmirsə,
deməli, yanma prosesi pozulacaq. Hamam otağına da detektor qoyulması mümkündür.
Qiyməti 10-30 manat arasında dəyişən bu detektorlar dəm qazı yarandığı təqdirdə
xəbər verir. Dəm qazının qoxusu və rəngi olmadığı üçün onu başqa cür müəyyən
etmək olmur.
Qaz sobalarının bacası yerləşdiyi hissədən 60 santimetr üfüqi formada çölə
çıxmalıdır. Ona da diqqət etmək lazımdır ki, külək tutan istiqamətdə olmasın.
Külək tutan istiqamətdə olarsa, tüstü bəzən geri qayıdır və bu da təhlükəli
vəziyyət yaradır”.