Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutuldu

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutuldu

Baxış sayı: 1. 894 dəfə baxılıb.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutuldu

Göygöl rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, noyabrın 15-də, saat 18 radələrində Göygöl rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “VAZ 2121” markalı avtomobillə ötmə əməliyyatı zamanı idarəetməni itirib onunla eyni istiqamətdə hərəkətdə edən sürücü Cavad Kərimovun idarə etdiyi 99-HM-929 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq dərəyə aşması nəticəsində avtomobilində olan sərnişinlər Niyaməddin Qocayev, Elnur Quliyev, Dilbər Kərimovanın müxtəlif dərəcəli bədən xəsarətləri alması, Gülnur Qocayevanın isə ölümünə səbəb olması, daha sonra onun hadisə yerindən qaçması faktına görə rayon Polis Şöbəsinin İstintaq qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin 25-BC-666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – Taleh İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, noyabrın 16-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Könül Cəfərli