d145b0d0-b575-4f91-b0ff-8f54895e06ea..jpg

Ombudsman: “ABŞ Dövlət Departamentinin Azərbaycandakı dini azadlıqların vəziyyətinə dair hesabatı qərəzlidir”

Baxış sayı: 632 dəfə baxılıb.

Ombudsman: “ABŞ Dövlət Departamentinin Azərbaycandakı dini azadlıqların
vəziyyətinə dair hesabatı qərəzlidir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) ABŞ Dövlət
Departamentinin hazırladığı dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə
bağlı illik hesabatında rəsmi Bakının adının dini etiqad azadlığının pozulduğu
ölkələr sırasında qeyd edilməsini qərəzli sayır.

Ombudsman açıqlamasında Azərbaycanda tarixən müxtəlif dinlərə mənsub şəxslərin
sülh və mehribanlıq şəraitində yaşadıqlarını bildirib:

“Son dövrlərdə isə multikulturalizm və tolerantlıq dövlət siyasəti
səviyyəsində həyata keçirilməyə başlanıb və ölkəmizdə dinlərarası dialoqu
təşviq edən bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Konstitusiyasının
25-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi,
etnik, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə
məhdudlaşdırmaq qadağandır. Təsadüfi deyil ki, Azərbaycan dünyada dini baxımdan
ən tolerant dövlətlər siyahısında yer alan, multikulturalizm və dinlərarası
dialoqun nümunəvi modelinin formalaşdığı, antisemitizm, dini ayrı-seçkilik kimi
halların olmadığı dövlətlərdəndir.

Ölkəmizdə inanclı insanların ibadət məkanları kimi məscidlərlə yanaşı, katolik
və pravoslav kilsələri, o cümlədən erməni kilsəsi, yəhudi sinaqoqları fəaliyyət
göstərməkdədir. İnsanların dini inanclarını sərbəst şəkildə həyata
keçirmələrinə şərait yaradılması, vicdan azadlığı hüququnun yüksək səviyyədə
təmin edilməsi, eləcə də fəaliyyət dövrü ərzində Ombudsmana bu məsələ ilə
əlaqədar şikayətlərin, demək olar ki, olmaması da bu faktın bariz
göstəricilərindəndir. Bu baxımdan, ABŞ Dövlət Departamenti tərəfindən
hazırlanmış dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik
hesabatda Azərbaycanın adının dini etiqad azadlığının pozulduğu ölkələr
sırasında qeyd edilməsini qərəzli hesab edirik”.

Ombudsman hesabatda Azərbaycanla bağlı yer almış məlumatların heç bir əsasının
olmadığını bir daha bəyan edib, bu cür sənədlərin hazırlanması zamanı ikili
standartlara yol vermədən məsuliyyətli, reallığı əks etdirən və faktlara
əsaslanan təhlillərin aparılmasını vacib sayıb:

“Bununla yanaşı, hesabatda qeyd edilənlərin əksinə olaraq, məhz Azərbaycanın
uzun illər ərzində Ermənistanın işğal, etnik təmizləmə siyasətindən əziyyət
çəkdiyini, xalqımıza məxsus dini-tarixi abidələrin, o cümlədən məscidlərin,
ibadət yerlərinin kütləvi şəkildə məhv edildiyini, dini abidələrin
saxtalaşdırıldığını, 30 ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarda, o
cümlədən hal-hazırda Ermənistan ərazisində azərbaycanlılara məxsus çoxsaylı
qəbiristanlıqların dağıdıldığını və təhqir edildiyini bu sənədi tərtib
edənlərin diqqətinə bir daha çatdırmaq istərdik. Sadalanan faktlar ABŞ Dövlət
Departamentinin hazırladığı hesabatın arxasında dünya ictimaiyyətində ölkəmiz
barədə mənfi rəy yaratmağa yönəlmiş qərəzli siyasətin dayandığını deməyə əsas
verir”.

“Azərbaycan Ombudsman təsisatı dinindən, dilindən, irqindən və digər
əlamətlərindən asılı olmayaraq, hər kəsə bərabər imkanların təmin edilməsini
daim diqqətdə saxlayır. Eyni zamanda, fəaliyyətimizi BMT-nin Dayanıqlı İnkişaf
Məqsədlərində öz əksini tapmış “heç kimin geridə qalmaması” prinsipinə
əsaslanaraq, ölkədə mövcud olan sabitliyin, multikultural və tolerant mühitin,
yerli xalqlar arasındakı dostluq-qardaşlıq münasibətlərinin daha da
gücləndirilməsi naminə hər kəsin səylərini birləşdirməsi konsepsiyası əsasında
qururuq. Azərbaycan Ombudsmanı olaraq bir daha vurğulamaq istəyirəm ki, ABŞ
Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən bu cür
əsassız və qərəzli hesabat və bəyanatların yayımlanması qəbuledilməzdir”, – o
vurğulayıb.

Source link