2cc02cd3-f2a1-4694-a838-2e4521cd11a7..jpg

“On ikiyə işləmiş…” və ya Azərbaycan polisinin işinin görünməyən tərəfləri – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 605 dəfə baxılıb.

“On ikiyə işləmiş…” və ya Azərbaycan polisinin işinin görünməyən tərəfləri –
MÜSAHİBƏ + FOTO

Fəxrəddin Qurbanov (Qasımoğlu) Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşıdır.
Polkovnik-leytenant 30 ildən çoxdur ki, Azərbaycanın daxili işlər orqanlarında
çalışır və bu müddətə rəğmən, bütün məsuliyyəti və peşəsinə olan sevgisi ilə
çalışmaqda davam edir.

Bu yaxınlarda onun Cixisyolu.com-a verdiyi müsahibədə haqqında danışdığı kriminal
detektivin ikinci hissəsi – “On ikiyə işləmiş…” kitabı çap olunub.

Xatırladaq ki, Cixisyolu.com kitabın “Son gecə” adlanan birinci hissəsi ilə bağlı
məlumat yaymışdı.

Fəxrəddin Qurbanovun kitablarında həqiqi cinayət işlərinin epizodlarından bəhs
edilir. Yazıçı 30 il ərzində daxili işlər orqanlarında topladığı təcrübədən
istifadə edir, amma əsərdə yer alanlar, əsasən, təxəyyülün məhsuludur. Oxucuya
təkcə cinayətin tarixi yox, həm də bu cür hallarda özünü necə müdafiə etməyin
lazım olduğu barədə məlumat verir.

Qəhrəmanımız uşaqlıqdan oxumağı, xüsusən də detektiv janrlı kitabları sevir.
Fəxrəddin Qurbanov hesab edir ki, növbəti maraqlı detektivi oxuduqdan sonra ona
ilk kitabını yazmaq ilhamı gəlib.

– Kitabınız nə barədədir?

– Roman polis əməkdaşlarının cinayətkarlığa qarşı mübarizəsindən, onların
istefaya çıxdıqdan sonra da həyatlarını həsr etdikləri bu yolda əqidələrinə
sadiq qalaraq mübarizə aparmalarından bəhs edir.

Romanın süjet xətti biri otuz il əvvəl, digəri isə yenicə törədilmiş iki qətl
hadisəsinin paralel olaraq araşdırılması üzərində qurulub. Əsərin baş
qəhrəmanı, mayor rütbəsində istefaya çıxdıqdan sonra fəaliyyətini detektiv kimi
davam etdirən peşəkar polis zabiti Bəxtiyar Nəzərlinin bu araşdırmalar zamanı
hər iki cinayətin açılması istiqamətində istifadə etdiyi üsullar, düşünürəm ki,
oxucu üçün çox maraqlı olacaq. Onun psixoloji və məntiqə söykənən gedişlərinin
həm səbəbləri, həm də nəticələri bir çox hallarda əsərin sonunadək oxucu üçün
müəmma olaraq qalır ki, bu da əsəri daha maraqlı etməyə xidmət edir.

Polis sıralarında xidmət etməyin şərəfli olmaqla yanaşı, nə qədər maraqlı
olduğunu da gənc nəslə təlqin etməklə, eyni zamanda, cinayətkarların
xislətlərini də onlar üçün bir daha açıqlamağa çalışmışam. Əsər boyu nümunələr
gətirdiyim xəyanətlər, qəddarlıqlar qətiyyən mübaliğə deyil. Bu,
cinayətkarların yaşam tərzidir və mən də bunu olduğu kimi göstərməyə çalışmışam.

Əsər bundan əvvəl sizə təqdim etdiyim, eyni janrda yazılmış “Son gecə”
romanının davamı kimi də, ayrıca bir roman kimi də oxuna bilər. Ancaq səmimi
olaraq bildirirəm ki, “Son gecǝ”ni oxuyaraq əsərin baş qəhrəmanını sevmiş və
sonrakı hadisələrin necə cərəyan edəcəyini, peşəkar polis zabitinin daha hansı
cinayətləri açacağını səbirsizliklə gözləyən oxucularım üçün bu kitab daha
maraqlı olacaq. Bunu mənə ünvanlanmış çoxsaylı oxucu rəylərinə və onların
kitabın ikinci hissəsi barədə verdikləri suallara əsasən deyirəm.

– Potensial oxucunuz kimdir?

– Kitabımın hər nəslin oxucusu üçün maraqlı olduğunu deyə bilərəm. Bunu da
oxucularımın rəylərinə əsasən deyirəm. Hər şeydən əvvəl bir polis əməkdaşı
olaraq gənc nəslin maariflənməsinə diqqət ayırmışam, çalışmışam ki, narkomaniya
və ondan irəli gələn digər cinayətlərin bütün nəticələrini oxucuya, xüsusilə də
gənclərə çatdırım.

– Kitabınızın davamını gözləyək?

– Bəli, “On ikiyə işləmiş…” romanını başa vurduqdan sonra, düzdür, əvvəlki
kitablarımda mən vətənpərvərlik mövzusuna toxunmuşam, amma bu dəfə qərara
almışam ki, üçüncü romanım sırf 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan
polisinin arxa cəbhədəki fəaliyyətini obrazlaşdırılmış şəkildə əks etdirən
detektiv olsun.

Bu kitab da eynilə “Son gecə”, “On ikiyə işləmiş…” romanlarının davamı və
ayrıca əsər kimi oxuna bilər. Düşünürəm ki, o da digərləri kimi, oxucuların
marağına səbəb olacaq. Mən bunu trilogiya adlandırardım.

Eyni zamanda, oxuculara məlumat verim ki, “Son gecə” romanı 2023-cü ilin
yanvar ayında yeni tərtibatda təkrar nəşr olunaraq oxuculara təqdim olunub.

Cəmilə Ələkbərova

Source link