e45c22f9-2e62-48ac-ad61-7363285768a0..jpg

On ilini tamam edən avtomobillərin idxalına qadağa qiymətləri kəskin artıracaq? – FOTO

Baxış sayı: 822 dəfə baxılıb.

On ilini tamam edən avtomobillərin idxalına qadağa qiymətləri kəskin
artıracaq? – FOTO

Ötən gün Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10
ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin
məhdudlaşdırılacağı bildirildi.

Nazirlər Kabinetinin bu qərarı müzakirələrə səbəb olmaqla bərabər, ölkədə
avtomobil qiymətlərinin yüksələcəyi, bu sahədə tələbatın ödənilməsində
çətinliklərin yaranacağı haqqında iddialara da gətirib çıxardı.

Sözügedən qərar haqqında Cixisyolu.com-a danışan iqtisadçı, deputat Vahid Əhmədov isə
düşünür ki, Nazirlər Kabinetinin addımı yerində və düzgündür. Deputatın
fikrincə, bu qadağa ekoloji təhlükəsizlik baxımından vacib idi:

“Azərbaycanda maşınların sayı kifayət qədər çoxdur. Ölkədə iki milyona yaxın
maşın olduğu deyilir. Əksəriyyəti isə Bakıda deyil, Sumqayıt, Mingəçevir, Gəncə
və s. zonalarda istifadə edilir. Əvvəllər rayonlarda avtomobillərin sayı
paytaxta nisbətən çox az idisə, indi elə bölgələr var, maşın sayına görə
paytaxta çatır.

Belə bir qərarın verilməsi təhlükəsizlik və ekoloji təmizlik baxımından vacib
hala çevrilmişdi. Dünya ölkələrinin elektrik avtomobillərindən istifadəni
artırdığı, elektromobillərin istehsalını həyata keçirdiyi zamanda Azərbaycana
köhnə maşınların gətirilməsi məqsədəuyğun deyildi. Bu qərar əhalinin
tələbatının ödənilməsinə problem yaratmayacaq. Onsuz da, Azərbaycanda yerli
avtomobil istehsalının artırılması haqqında ciddi fikirlər səsləndirilirdi,
vacib addımların atılması zəruri hesab edilirdi. Əgər tələbat yüksək olarsa,
yerli avtomobillərin istehsalını daha da artırmaq mümkün olacaq. Köhnə
maşınların atmosferə və insanlara vurduğu ziyan onların dəyərindən daha çoxdur.
Ola bilər, daha ucuz avtomobilə sahib olmaq istəyən bəzi şəxslər üçün bu qərar
xoş qarşılanmayacaq. Amma bu addım atılıbsa, hər kəs öyrəşməlidir,
təhlükəsizlik üçün qərara əməl olunmalıdır.

Maşın qiymətlərində kəskin bahalaşmanın olacağını düşünmürəm. Müəyyən müddət
qiymətlərdə dəyişiklik olacaq, amma bu yoluna qoyulacaq. Köhnə avtomobillərin
ölkəyə gətirilməsinə çoxdan qadağa qoyulmalı idi. Bütün bunlar müzakirə edilib,
ən düzgün çıxış yolu seçilib”.

Aysel Aslan

Source link