68cc9014-42c8-4dde-b81c-43931e0e8847..jpg

Ondrjey Soukup: “İran Çexiya ərazisində də əməliyyatlar keçirib” – MÜSAHİBƏ

Baxış sayı: 905 dəfə baxılıb.

Ondrjey Soukup: “İran Çexiya ərazisində də əməliyyatlar keçirib” – MÜSAHİBƏ

Çexiyada ötən həftənin sonunda keçirilən prezident seçkisinin ikinci turundan
sonra ölkənin yeni rəhbəri müəyyənləşib.

Beləliklə, Çexiyanın yeni prezidenti NATO-nun təqaüddə olan generalı Petr
Pavel seçilib.

O, rəqibi Andrey Babişi, demək olar ki, 20 faizlik fərqlə məğlub edib. Onların
əsas və prinsipial fərqi – Ukraynadakı müharibəyə yanaşma və Şərqi Avropanın
digər ölkələrindəki müharibə ehtimalına münasibətdir.

Məsələn, Babiş bəyan edib ki, əgər Polşa və Baltikyanı ölkələrin Rusiya
Federasiyası ilə müharibəsi baş tutarsa, Çexiya ordusunu həmin savaşa göndərməz.

Çexiyanın “Hospodářské noviny” (“İqtisadi xəbərlər”) qəzetinin beynəlxalq
şöbəsinin redaktoruOndrjey Soukup Cixisyolu.com-a müsahibəsində Çexiyadakı prezident
seçkisindən, hərbi əməliyyatların Şərqi Avropanın digər dövlətlərinə yayılma
ehtimalından, İran xüsusi xidmət orqanlarının Çexiyadakı fəaliyyətindən danışıb:

– Etiraf etmək lazımdır ki, Ukraynadakı müharibə mövzusu Çexiyada keçirilən
prezident seçkisinin birinci turundan sonra gündəmə gəldi. Seçki məntəqələri
bağlandıqdan az sonra Andrey Babişin plakatları peyda oldu. Plakatlarda yazılan
şüarlarda qeyd olunmuşdu ki, general (Petr Pavel – red.) müharibə istəyir, mən
isə diplomatam, sülh tərəfdarıyam. Bu, müharibədən əvvəl qorxular üzərində
qurulmuş bir oyun idi, Çexiyanın savaşa cəlb oluna biləcəyinə dair eyhamlar
edilirdi. Bu kontekstdə Andrey Babişin şüarları səsləndirilirdi. Babiş bu
bəyanatlarında Polşa və Baltikyanı ölkələrin hücuma məruz qalacağı təqdirdə çex
əsgərlərini onların müdafiəsinə göndərməyəcəyini bəyan etmişdi. Düzdür, Babiş,
demək olar ki, dərhal vurğuladı ki, onu səhv başa düşüblər, Çexiyanın NATO
çərçivəsində yerinə yetirməli olduğu öhdəlikləri var və münaqişələr diplomatiya
yolu ilə həll edilməlidir. İstənilən halda, Andrey Babişin bu taktikası çex
seçicilərin bir qisminə öz təsirini göstərdi. O, birinci turda olduğundan daha
çox səs topladı, lakin elektoratının əsas hissəsini də itirdi. Seçicilərin bir
qismi Babişdən uzaqlaşıb Petr Paveli dəstəklədi, lakin əksi də baş verdi. Amma
ötən ilin payızından artıq bəlli idi ki, Andrey Babiş ikinci turda
ultrasağçılardan başqa, istənilən digər namizədə uduzacaq. Onun elektorat
nüvəsi seçicilərin təxminən 30%-i təşkil edir. Amma qalan 70 faizin yarısı
mütləq onun əleyhinə səs verəcəkdi. İkinci tur hər şeyi öz yerinə qoydu.

– Çex Respublikasının yeni Prezidenti Petr Pavelin Tayvanın lideri Tsay İnven
ilə telefon danışığı barədə soruşmaya bilmirəm. P.Pavel Tayvanın lideri ilə
şəxsən görüşmək istədiyini bildirmişdi. Avropa dövlətlərinin prezidentləri
əvvəllər Çinin separatçı qurum hesab etdiyi Tayvan liderləri ilə görüş
keçirməyiblər. Və burada dərhal Çin ilə münasibətlərə dair suallar yaranır.

– Əslində, bu, Qərbin özünü aqressiv aparan böyük oyunçulara qarşı birləşib
mübarizə aparmaq siyasətinin davamıdır. Bu, təkcə Rusiya deyil, həm də Çindir.
Amma etiraf etmək lazımdır ki, Petr Pavel simvolik bir bəyanatla çıxış etsə də,
bu bəyanatın rezonansı güclü oldu. Xatırlatmaq istəyirəm ki, 2020-ci ildə
Çexiya Senatının (parlamentin yuxarı palatası) sədri Miloş Vıstrçil Tayvana
səfər etmişdi. Və o zaman Çin diplomatik əlaqələri kəsməklə hədələmişdi. Ona
görə də Petr Paveldən Tayvana mümkün səfəri barədə soruşduqda o bəyan etdi ki,
yalnız Tsay İnven Avropaya səfərə gələrsə, Praqada olmamaq şərti ilə haradasa,
hansısa bir konfransda onunla təkbətək görüşə bilər.

– Şərqi Avropadakı müharibə ilə bağlı vəziyyətə qayıdaq. Çexiya Baş
Qərargahının rəhbəri Karel Rjeka bildirib ki, Avropada hərbi münaqişə, Rusiya
ilə NATO arasında birbaşa toqquşma baş verərsə, Çexiyanın peşəkar ordusunun
qüvvələri kifayət etməyəcək, qismən səfərbərlik həyata keçirmək lazım olacaq…

– Konteksti başa düşmək lazımdır. Karel Rjeka bu barədə müxtəlif hərbi
ssenarilərin müzakirə edildiyi konfransda bildirib. O zaman Karel Rjekaya “Əgər
birdən Avropada Ukrayna modeli ilə genişmiqyaslı müharibə başlasa, Çexiya
ordusu təkbaşına bu qarşıdurmanın öhdəsindən gələ biləcəkmi, yoxsa səfərbərlik
elan olunacaq?” sualı ünvanlanmışdı. Karel Rjeka dürüst adamdır və doğrunu
dilinə gətirmişdi. Sitat: “Nəzərə alsaq ki, Çexiya ordusunda döyüşə hazır
əsgərlərin sayı səkkiz mindir, ehtiyatda olanları (bu, əlavə olaraq 20 min
nəfərdir) çağırmaq və qismən səfərbərlik etmək lazım gələcək”. Amma bu, qısa,
hətta ortamüddətli perspektivdə nəzərdə tutulan plan deyil.

– Çexiya ordusunda cəmi səkkiz min döyüşə hazır hərbçi var?

– Bəli, döyüşə hazır birləşmələrdə səkkiz minə yaxın insan olacaq. Çexiyanın
bütün ordusu təxminən 70 000 nəfərdir, lakin orada mühasiblər, başqa
ixtisaslara sahib insanlar da var. Ona görə də bəli, Çex ordusu böyük deyil.

– Yəqin, məlumatınız var ki, Azərbaycanın Tehrandakı səfirliyində terror aktı
törədilib, ölən və yaralananlar olub, diplomatik missiyanın əməkdaşları təxliyə
ediliblər. Və bu fonda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir
zabitinin Çexiyada həbs edildiyinə dair xəbər çıxıb. Qeyd olunur ki, həmin şəxs
İran hakimiyyətini tənqid etməsi ilə tanınan jurnalisti öldürməyi planlaşdırıb.

– Təbii ki, Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş terror aktından
xəbərimiz var. Bu, qətiyyən qəbuledilməzdir. İstənilən ölkədə baş vermiş belə
hadisədən uzağı bir saat sonra həmin ölkə terrora məruz qalmış tərəfdən üzr
istəməli idi. Onların səfiri isə özünə haqq qazandırmaq üçün qəbullara
tələsməli idi. O ki qaldı İran İslam İnqilabı Keşikçiləri Korpusunun zabitinin
həbsinə, mən bu işlə bağlı nəsə eşitməmişəm. Amma mən bilirəm ki, Çexiya
əks-kəşfiyyatının illik hesabatlarında da qeyd olunur ki, İran öz
əməliyyatlarını həyata keçirmək üçün Çexiya ərazisini seçib və ya buradan
istifadə edib. Praqada “Azadlıq” radiosunun baş qərargahı yerləşir. Təbii ki,
jurnalistlər İran agentləri üçün hədəfdirlər. Bir-iki il əvvəl jurnalistlərin
təhlükəsizlik qaydalarını sərtləşdirdik, çünki operativ məlumat var idi ki,
kimsə Çexiyaya gəlib və hədəfə aldığı şəxsə hücum etmək niyyətindədir.

Nair Əliyev

Source link